Accessibility links

Arif Hacılı Müsavat Partiyasının başqanı seçilib


Arif Hacılı

Arif Hacılı

Arif Hacılı Müsavat Partiyasının yeni başqanı (sədr) seçilib. Müsavat Partiyasının VIII qurultayı səsvermə ilə başa çatıb. Seçkinin nəticələrinə görə Arif Hacılı 228, Qubad İbadoğlu 200, Tural Abbaslı isə 19 səs toplayıb. Digər namizəd Səxavət Əlisoy qurultayın gedişində namizədliyini geri götürüb.

Arif Hacılı qurultay qarşısında ümidləri doğruldacağına söz verib. “İsa Qəmbərin liderliyi, müsavtçılarla birgə partiyaya uğurlar gətirəcəm”, o qeyd edib.

İsa Qəmbər bildirib ki, Müsavat Partiyasında yeni başqan seçkisi Azərbaycanda demokratiyanın inkişafına bir töhfədir. “2000-ci il parlament seçkilərində Müsavat ölkəyə ilkin seçki praktikasını gətirdi, ən güclü namizədlərini seçdi və parlament seçkilərində real qələbə qazandı. Bu günkü seçkilər də Müsavatın gücünü nümayiş etdirdi və partiyamıza qələbə gətirəcək”, o qeyd edib.

Qurultay zalında digər namizədlər Arif Hacılının qələbəsini qəbul edib və onu təbrik edib. Səsverməni və səslərin sayılması prosesini sonadək çoxsaylı media nümayəndələri müşahidə edib. Bir çox KİV-lər qurultayı bütövlükdə canlı yayıb.

Arif Hacılı 1962-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

1983-1988-ci illərdə Zaqatala rayon radiosunun redaktoru işləyib. 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub.

1992-1993-cü illərdə, Elçibəy hakimiyyəti dövründə Azərbaycan Prezident Aparatında Ərazi Hakimiyyət və İdarəetmə işləri üzrə Dövlət Müşaviri vəzifəsini tutub.

1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinin sədri, 1992-ci ildə Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü olub.

2000-ci ilin parlament seçkilərində Müsavat Partiyasının, 2003-cü ilin prezident seçkilərində prezidentliyə namizəd İsa Qəmbərin seçki qərargahlarına rəhbərlik edib.

2006-cı ildən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, partiya yaranandan onun ali orqanı olan Divanın üzvüdür.

Siyasi fəaliyyətinə görə dəfələrlə həbs olunmuş, AŞ PA tərəfindən siyasi məhbus, Amnesty İnternational təşkilatı tərəfindən "vicdan məhbusu" elan edilib.

XS
SM
MD
LG