Accessibility links

ABŞ-da universitet kampuslarında həbslər davam edir


Ölkə boyu gələn ay buraxılış mərasimləri keçiriləcək universitetlərin kampuslarında etirazlar tüğyan edir. Etirazçılar İsrail-HƏMAS müharibəsi səbəbiylə İsraillə maliyyə əlaqələrinin kəsilməsini tələb edir.

Həftə sonu bir çox kampuslarda əsasən sakitlik olsa da, bazar günü Los-Ancelesdəki Kaliforniya Universitetində keçirilən nümayişlər zamanı rəqib etirazçılar bir-birlərinə bağırıb, bir-birini itələyib.

Bluminqtondakı İndiana Universiteti, Arizona Dövlət Universiteti və Sent-Luisdəki Vaşinqton Universiteti də daxil olmaqla, müxtəlif kampuslarda şənbə günü təxminən 275 nəfər həbs edilib.

Aprelin 18-də Nyu York polisinin Kolumbiya Universitetindəki Fələstin tərəfdarı etiraz düşərgəsini yığışdırmasından və 100-dən çox nümayişçini həbs etməsindən sonra ölkə üzrə həbslərin sayı 900-ə yüksəlib.

O vaxtdan bəri tələbələr ölkə boyu Fələstin tərəfdarı düşərgələr qurub və bu, həbslər və cinayət ittihamlarına, tələbələrin təhsildən kənarlaşdırılması və ya sadəcə olaraq tərk etmələri üçün davamlı tələblərə səbəb olub.

Tələbələrin acınacaqlı vəziyyəti etirazların mərkəzində yer alır. Həm tələbələr, həm də sayları getdikcə artan müəllimlər etirazçılara amnistiya tələbi ilə çıxış edib.

Kaliforniya, Corciya və Texas universitetlərinin professor-müəllim heyəti öz liderliklərinə etimadsızlıq üçün simvolik səsvermənin təşəbbüskarı olub və ya onlardan keçib.

Ağ Evin milli təhlükəsizlik üzrə sözçüsü Con Kirbi prezident Co Bayden "hisslərin çox güclü olduğunu bilir" deyib, lakin etirazları idarə etməyi yerli hakimiyyət orqanlarına həvalə edəcəyini bildirib.

Kirbi ABC-nin "Bu həftə" verilişində "İnsanlar öz fikirlərini bildirmək və öz perspektivlərini açıq şəkildə bölüşmək imkanına malik olmalıdırlar, lakin bu, dinc yolla olmalıdır" deyib.

Bazar günü yayımlanan müsahibədə Senatın Respublikaçı lideri Mitç Makkonnel bunu "təhlükəli vəziyyət" adlandırıb və məsuliyyəti universitet rəhbərlərinin üzərinə qoyub.

NBC kanalının "Meet the Press" verilişində o, "Antisemitizm də var, bu, tamamilə qəbuledilməzdir. Mən bu ölkədə bunu görəndə şoka düşdüm" deyib.

Nyu-Yorkdakı Kolumbiya Universitetində keçirilən ilk etirazlar ölkə daxilində Fələstin tərəfdarı nümayişlərin genişlənməsinə səbəb olub. Universitetin şənbə günü gecə yaydığı bəyanatda tələbələrlə universitet administrasiyasının danışıqlara başladıqları deyilib.

Kolumbiya universiteti etirazçıların düşərgəni tərk etmələri üçün tarixlər təyin etsə də, bu, mümkün olmayıb.

Bazar günü tələbələr dayanmaqda davam edən onlarla rəngarəng çadırların arasında gəzib.

Los-Ancelesdəki Kaliforniya Universitetində polis hər iki tərəfdən yüzlərlə nümayişçinin bazar günü Fələstin tərəfdarı tələbələrin gecə-gündüz qaldıqları çadırların yaxınlığında artan izdihama qoşulmadan əvvəl barrikadalar qurub. "Yəhudi Tələbələrə Dəstək" aksiyası təşkil edən əks-mitinq iştirakçıları məqsədlərinin "nifrət və antisemitizmə qarşı" olduğunu bildirib.

Sent-Luisdəki Vaşinqton Universiteti şənbə günü bəzi kampus binalarını bağlayıb və etirazçıları həbs edib. Universitetin açıqlamasında 100-dən çox adamın həbs edildiyi bildirilib.

Şənbə günü Bostonda polis Şimal-Şərqi Universitetinin şəhərciyindəki düşərgəni dağıdıb.

Massaçusets ştatının polisi təxminən 102 etirazçının həbs edildiyini və onlara qarşı kampusa icazəsiz girmək və ictimai asayişi pozmaq ittihamlarının irəli sürüləcəyini bildirib.

Forum

XS
SM
MD
LG