Accessibility links

Artikle 19: Azərbaycanda tənqid qəbul edilmir


Artikle 19: Azərbaycanda tənqid qəbul edilmir

Artikle 19: Azərbaycanda tənqid qəbul edilmir

2005-ci il parlament seçkilərindən etibarən Azərbaycanda ifadə azadlığı xeyli pisləşib

Bakıda “Artikle 19” təşkilatı Azərbaycanda son beş ildə siyasi ifadə azadlığını əhatə edən “Dissident kimi yaşamaq: Azərbaycanda ifadə azadlığı” adlı hesabatını təqdim edib. Hesabat ifadə azadlığının beynəlxalq standartları, yerli hüquqi çərçivə, 2005-ci ildən indiyədək mövcud reallıqları əhatə edir.

“Artikle 19” Azərbaycan hökumətinə tövsiyə edir ki, diffamasiya dekriminallaşdırılsın, tənqidi fikirlərə hörmət edilsin, jurnalist Eynulla Fətullayev və blogerlər Adnan Hacızadə, Emin Milli dərhal həbsdən azad edilsin, jurnalistlə bağlı bütün təhdidlər və fiziki zorakılıqlar, o cümlədən Elmar Hüseynovun qətli sonadək araşdırılsın, jurnalistlər və onların ailələrinin təhlükəsizliyi təmin edilsin, müxalif siyasi partiyalar, gənclər təşkilatları və bir sıra QHT-lərin normal şəraitdə fəaliyyət göstərməsi təmin edilsin, azad və fərqli media mühiti yaradılsın, xarici televiziya və radioların yerli tezliklərdə yayımı bərpa edilsin, müstəqil və müxalifət mediasına hədələr dayandırılsın, 2010-cu il parlament seçkilərində ifadə azadlığı üçün əlverişli mühit yaradılsın.

“Artikle 19” təşkilatının Azərbaycan üzrə eksperti Rebeka Vinsent bildirib ki, 2005-ci il parlament seçkilərindən etibarən Azərbaycanda ifadə azadlığı xeyli pisləşib. “Azərbaycanın səlahiyyətli orqanları jurnalistlərin, vətəndaş cəmiyyətinin, gənc fəalların, siyasi partiyaların və sıravi vətəndaşların ifadə azadlığını davamlı olaraq məhdudlaşdırıb. Son beş il ərzində Azərbaycanın səlahiyyətli orqanları tənqidin hər hansı formasına qarşı yolverilməzlik nümayiş etdirib. Jurnalistlər fəaliyyətinə görə həbs edilir, tənqidə məruz qalır, QHT-lər artmaqda olan hüquqi məhdudiyyətlərlə üzləşib, siyasi partiyaların isə adi partiya fəaliyyətini həyata keçirməsinə imkan verilməyib. Vətəndaş cəmiyyəti və siyasi fəalların çoxu elə hiss edir ki, sanki onlar Sovet sistemi altında olduğu kimi yenə dissidentlər kimi yaşayır”, - deyə ekspert qeyd edib.

Təşkilatın icraçı direktoru Aqnes Kallamard bildirib ki, son günlər 9 beynəlxalq təşkilatın birləşdiyi beynəlxalq missiya Azərbaycanda siyasi ifadə azadlığı ilə bağlı müşahidələr aparıb. “Biz öncədən rəsmi hakimiyyət nümayəndələri və həbsdə olan jurnalist Eynulla Fətullayev, blogerlər Emin Milli, Adnan Hacızadə ilə görüşmək üçün müraciət etmişdik, amma hakimiyyətdən səs gəlmədi. Hesab edirik ki, hakimiyyət hər cür dialoq üçün açıq olmalıdır”.

Onun qənaətinə görə, ölkədə ifadə azadlığının vəziyyəti gərgindir. “İfadə azadlığının vəziyyəti Azərbaycanda daha aktual olan insan hüquqları məsələlərindən biri hesab edilməlidir. “Artikle 19” təşkilatı bu məsələyə Azərbaycan hökuməti və beynəlxalq ictimaiyyətdən təxirəsalınmaz və təcili diqqət göstərməsini tələb edir. Azərbaycanda ifadə azadlığı uğrunda mübarizə vətəndaş cəmiyyətinin fəaliyyətinin göstəricisidir. QHT-lər çətin olsa da hələ azadlıqlar uğrunda mübarizə apara bilir”- deyə xanım Kallamard qeyd edib.

Müzakirələrdə iştirak edən jurnalistlər və hüquq müdafiəçiləri hesabatın reallıqları əks etdirdiyini bildirib.

“Media Hüququ” institutunun direktoru Rəşid Hacılı hesab edir ki, Azərbaycanda tənqidi jurnalist dissident həyatı yaşadığını hər addımında hiss edir.

“Demokrat” partiyasının sədri Sərdar Cəlaloğlu 15 redaktor və jurnalistin parlament seçkilərində iştirakını demokratiyaya zərbə kimi qiymətləndirib. “Bu artıq bir sıra aparıcı media orqanlarının tərəfə çevrildiyinin göstəricisidir”.

Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, diffamasiyanın dekriminallaşdırılması çox vacibdir. “Çünki məhkəmələrdə son altı ayda bu maddə ilə hər 13 gündə bir cinayət işinə baxılıb”.

Həbsdə olan bloger Adnan Hacızadənən atası Hikmət Hacızadə oğlunun hüquqlarının müdafiəsinə görə, beynəlxalq və yerli təşkilatlara minnətdarlıq bildirib. Onun fikrincə, cəmiyyətdə tənqidi fikirlərin genişlənməsinə kömək etmək lazımdır. “Hazırda heyvanların tənqidinə də hakimiyyətin dözümü qalmayıb. Hansı heyvanı tənqid edirlər, deyirlər o mənəm”.

Jurnalsit Şahbələd Çobanoğlu hesabatda vətəndaşların ifadə azadlığının pozulması faktlarının, mediaya qarşı iqtisadi təzyiqlərin də yer almasını vacib hesab edir. “Elə insanlar var ki, şikayət etdiyinə görə psixatriya xəstəxanasına yerləşdirilib. Onların hüquqları da müdafiə edilməlidir. Digər tərəfdən Bakıda hər 15 min insana bir qəzet köşkü xidmət edir. Regionlarda isə bu rəqəm bir neçə dəfə artır, tənqidi fikirli qəzetlərə reklam verilmir”, - deyə o qeyd edib.

Müzakirələrdə Avropa təşkilatlarının bəzi hallarda qrantlarının təyinatının düzgün olmadığından narahatlıq ifadə edilib. “Biz Azərbaycanda tənqidi fikirli və müstəqil medianın sıradan çıxarıldığından, maliyyə vəziyyətinin ağır olduğundan danışırıq. Amma mediada plüralizmin monitorinqinə 300 min avrodan çox qrant ayrılıb. Onların hansı plüralizmi monitorinq edəcəkləri başa düşülmür”, - deyə MilAZ saytının rəhbəri Üzeyir Cəfərov bildirib.

XS
SM
MD
LG