Accessibility links

Arzu Qeybullayeva jurnalistlərə hücumlardan danışır


Arzu Qeybullayeva ilə müsahibə
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Jurnalistləri Müdafiə Komitəsi hər il açıqladığı mətbuata hücumlara dair hesabatla yanaşı, bu il gender zəminində jurnalistikaya hücumlar haqda kitab da nəşr edib. Yeni kitabda dünya ölkələrində mətbuat azadlığı sahəsində gender faktoru araşdırılıb. Kitabda Azərbaycanda artaşdırmaçı jurnalist Xədicə İsmayılova haqda məqalə də yer alır. Məqalənin müəllifi jurnalist Arzu Qeybullayeva Amerikanın Səsinə müsahibədə Xədicə İsmayılovanın işi, Azərbaycanda mətbuat azadlığının durumu və ona qarşı sosial mediada təzyiqlərdən danışıb.

Jurnalistləri Müdafiə Komitəsi bildirib ki, qadın mətbuat üzvlərinin gender zəminində qarşılaşdığı təzyiqlər indiyə qədər bu şəkildə geniş müzakirəyə çıxarılmayıb. Arzu Qeybullayeva bu tendensiyanın dəyişdiyini və qadınların problemlərin mövcudluğu ilə yanaşı, onların müzakirəsinə hazır olduğunu deyib, “CPJ-in bu kitabı nəşr etməsi çox vacibdir, çünki bu qadınların səsləri bir daha sübut etdi ki, bu problemlər var və artıq qadın jurnalistlər bu problemlər haqda danışmağa hazırdır. Mənə elə gəlir ki, çox mühüm bir məqamdır və bundan sonra da bu, jurnalistlər, özəlliklə də qadın jurnalistlərin qarşılaşdıqları təzyiqlər üçün mühümdür və başlanğıc nöqtəsidir.”

“CPJ-in bu kitabı nəşr etməsi çox vacibdir, çünki bu qadınların səsləri bir daha sübut etdi ki, bu problemlər var və artıq qadın jurnalistlər bu problemlər haqda danışmağa hazırdır."-Arzu Qeybullayeva

Arzu Qeybullayeva Jurnalistləri Müdafiə Komitəsinin yeni kitabında yeddi il yarım həbsə məhkum olmuş araşdırmaçı jurnalist Xədicə İsmayılın onun susdurmaq cəhdlərinə məhəl qoymaması, onun fəaliyyəti onun və həbsi haqda yazıb. “Xədicənin üzləşdiyi problemləri yazmağımın birinci səbəbi odur ki, kitabın əsas məqsədi qadın jurnalistlərin üzləşdiyi problemlərdir. Amma eyni zamanda, bir tendensiya da var ki, görürük ki, əslində sadəcə qadın jurnalistlər deyil, eyni zamanda, kişi jurnalistlər də təzyiqlərlə qarşılaşır. Mən bunları da göstərmək istəyirdim, çünki Azərbaycanda jurnalistlərlə qarşı təzyiq hamıya qarşıdır, yəni özəlliklə müstəqil düşüncəyə sahib olan jurnalistlərə, daha analitik yanaşan jurnalistlərə qarşıdır. Mən də bunları işıqlandırmağa çalışdım və ümid edirəm ki, bu doğrudan da bir az da olsa Azərbaycanda yaşanan problemləri, özəlliklə jurnalistlərə qarşı olan təzyiqləri işıqlandırdı.”

"Xədicənin üzləşdiyi problemləri yazmağımın birinci səbəbi odur ki, kitabın əsas məqsədi qadın jurnalistlərin üzləşdiyi problemlərdir. Amma eyni zamanda, bir tendensiya da var ki, görürük ki, əslində sadəcə qadın jurnalistlər deyil, eyni zamanda, kişi jurnalistlər də təzyiqlərlə qarşılaşır."-Arzu Qeybullayeva

Arzu Qeybullayeva Xədicə İsmayılovanın işinə beynəlxalq diqqətdən danışıb: ”Xədicənin ətrafında geniş jurnalist şəbəkəsi var idi. Eyni zamanda, Xədicə bir insan kimi doğrudan da çox gözəl bir insandır və onun ətrafında çoxlu dostları var. Mənim indiyə qədər gördüyüm bu təşkilatların işıqlandırmasında ən böyük rolu elə Xədicənin bu özəlliyi, dostluğu, səmimiyyəti oynayıb. Bu təşkilatların hamısı inanır ki, Xədicə şərlənərək həsb edilib və ona görə çalışırlar ki, bu qədər doğruluğa inanan, səmimi olan bir insanın həbsdə yeri deyil və buna görə o, azadlıqda olmalıdır. Eyni zamanda, hökumətlərin, hökumətin göstərdiyi basqılar yetərli deyil, ona görə bu qədər təşkilatların bu işin içində olması çox vacibdir. Özəlliklə də Amerikada, Amerika hökumətinə təzyiq göstərmək çox vacibdir.”

"Mənim indiyə qədər gördüyüm bu təşkilatların işıqlandırmasında ən böyük rolu elə Xədicənin bu özəlliyi, dostluğu, səmimiyyəti oynayıb."-Arzu Qeybullayeva

Arzu Qeybullayeva məqalədə özünün təzyiq və təhqir kampaniyasına məruz qalmasından yazıb. Jurnalist bu təhqir kampaniyasının əsas məqsədinin onu qorxutmaq və susdurmaq olduğunu deyib.

Arzu Qeybullayeva jurnalistlərin, xüsusilə də qadın jurnalistlərin təzyiqlərdən müdafiəsi üçün beynəlxalq media təşkilatlarının bir neçə layihə üzərində işlədiyini bildirib. Onun sözlərinə görə, təkcə beynəlxalq media müdafiə təşkilatları deyil, jurnalistlərin çalışdığı media platformalarının özü də onların müdafiəsinə qalxmalıdır. O xüsusilə də münaqişə zonalarında müstəqil şəkildə çalışan jurnalistlərin müdafiə olunmasının zərurliyini qeyd edib.

XS
SM
MD
LG