Accessibility links

Əfqanıstan prezidenti Əşrəf Qani ABŞ Konqresində çıxış edib


Bir gün öncə isə cənab Qani prezident Barak Obama ilə görüşüb

Əfqanıstan prezidenti Əşrəf Qani çərşənbə günü ABŞ Konqresinin birgə iclasında çıxışı zamanı azadlığın inkişafına töhfələrinə görə ABŞ əsgərlərinə ehtiramını bildirib. "Əfqan xalqı sizin əsgərlərinizin şücaətini və amerikalıların Əfqanıstanın azad olması üçün verdiyi qurbanları qiymətləndirir"-deyə cənab Qani bildirib. O deyib ki, əfqan xalqı yaralı əsgərlər, igid veteranlar və düşmənin terror aksiyalarında yaxınlarını itirmiş ailələr qarşısında borcludur.

Bir gün öncə isə cənab Qani ölkəsinin təhlükəsizliyinin əldə olunması üçün görülməsi gərəkən tədbirlər barədə prezident Barak Obama ilə danışıqlar aparıb.

Onların görüşündən sonra Ağ Evdə keçirilən ortaq mətbuat konfransında cənab Obama Əfqanıstanda yerləşdirilən 9 min 800 ABŞ əsgərinin ilin sonunadək orada qalacağını deyib. Bundan öncə cənab Obama əsgərlərin sayın ikiqat azaltmağı planlaşdırırdı.

“Əfqanıstan təhlükəli yer olaraq qalır, qiyamçılar isə dinc əhaliyə qarşı hücumları davam etdirirlər”,-deyə cənab Obama bildirib.

Birləşmiş Ştatlar bir zamanlar 130 mindən ibarət hərbi qüvvənin olduğu Əfqanıstanda döyüş əməliyyatlarını dayandırıb, lakin cənab Qani Əfqanıstan ordusuna təlim keçən ABŞ əsgərlərinin ölkədən çıxarılması prosesinin yavaşıdılmasını istəyib. Bu il əsgərlərin geri çəkilməsi prosesinin ləngidilməsinə baxmayaraq, cənab Obama 2017-ci ilədək Əfqanıstanda 1000-dən az əsgərin qalmasını istəyir.

Cənab Qani deyib ki, bu dəyişiklik islahatların sürətləndirilməsi, Əfqanıstan Milli Təhlükəsizik Qüvvələrinin daha yaxşı idarə, təchiz olunması və təlim almasını təmin edəcək. O həmçinin Əfqanıstanın başçılıq etdiyi sülh prosesini qeyd edib, ancaq hökümətinin Əfqanıstandan qlobal terrorçuluq fəaliyyətləri üçün başlanğıc nöqtəsi kimi istifadə edənlərlə sülh yaratmayacağını bildirib.

XS
SM
MD
LG