Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədr dövlət başçıları birgə bəyanatla çıxış edib


Obama and Putin

Obama and Putin

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin - ABŞ, Fransa və Rusiya prezidentləri Azərbaycan və Ermənistan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyə çağırıblar.
Prezidentlər Barak Obama, Fransua Oland və Vladimir Putin Meksikanın Los-Kabos şəhərində “Böyük iyirmiliyin” sammitində birgə bəyanatla çıxış edib
ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin liderləri “Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiq olduqlarını” təsdiqləyib. “Münaqişə tərəfləri uzunmüddətli və dinc nizamlanmaya nail olmaq üçün zəruri olan mühüm qərarların qəbulunu təxirə salmamalıdırlar”.

Biz təəssüf edirik ki, Azərbaycan və Ermənistan 2011-ci il mayın 26-da Dovildə qəbul etdiyimiz birgə bəyanatda irəli sürülən qətiyyətli addımları qəbul etmədilər. Bununla belə artıq əldə olunmuş irəliləyiş hərtərəfli sülhün təminatına aparan çərçivə razılaşması üzərində işin başa çatdırılmasına təkan verməlidir.

Onlar Ermənistan və Azərbaycan liderlərini öz öhdəliklərini yerinə yetirməyə və 2012-ci il yanvarın 23-də Soçidə qəbul etdikləri bəyanatda əksini tapdığı kimi Dağlıq Qarabağ nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasını “sürətləndirməyə” çağırıblar.
“Öz siyasi iradələrini bəyan edərkən onlar danışıqlarda maksimalist mövqedən çəkinməli, atəşkəs rejimi haqqında sazişə əməl etməli, gərginliyi artıran düşmənçilik ritorikasına yol verməməlidir. Biz liderləri Helsinki Yekun Aktının prinsiplərinə, əsasən güc tətbiq etməmək və ya güc barədə hədələrə yol verməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi, 2009-cu ildə Akvildə, 2010-cu ildə Muskokda ölkələrimizin qəbul etdikləri bəyanatlarda müəyyən olunmuş nizamlanma elementlərinə əsaslanmalıdırlar”, - deyə birgə bəyanatda deyilir.

“Hərbi gücdən istifadə münaqişənin həllinə gətirib çıxarmayacaq, yalnız bu regionda yaşayan xalqların uzun zamandır düçar olduqları əzab və fəlakətləri artıracaq. Yalnız danışıqlar yolu ilə dinc nizamlanma yaranmış vəziyyətdən çıxış yolunu tapacaq və regionun təhlükəsiz gələcəyini və çiçəklənməsini təmin edəcək”, - ABŞ, Fransa və Rusiya liderləri hesab edirlər.

Onlar həmçinin tərəfləri Minsk Qrupu həmsədrlərinin təklif etdikləri vasitəçilik səylərindən tam istifadə etməyə çağırıblar. “Lakin sonda sülhün taleyi münaqişə iştirakçılarının qarşılıqlı anlaşma əsasında razılığa gəlməyə hazır olmasından asılı olacaq”, - sənəddə vurğulanır.

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ATƏT-in Minsk Qrupunun həmsədr dövlət başçılarının birgə bəyanatını Amerikanın Səsi radiosuna şərh edərkən bildirib ki, münaqişənin həllində irəliləyişin əldə olunması üçün ilkin olaraq Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılmalıdır. “Bu addım münaqişənin sülh yolu ilə həllində yeni imkanlar yaradar”.

Onun fikrincə, cəbhədə gərginliyin yaranmasının da əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycan ərazilərində olmasıdır: “Münaqişənin nizamlanmasında ilkin addım da məhz Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması olmalıdır. Bu addım cəbhədəki gərginliyin avtomatik olaraq aradan qaldırılmasına səbəb olacaq”.

Həmsədr dövlət başçılarının münaqişənin həllində güc tətbiq edilməməsi barədə bəyanatına gəlincə, E.Abdullayev deyib ki, “artıq güc tətbiq edilib”. “Ermənistan güc tətbiq etmək yolu ilə Azərbaycan ərazilərini işğal edib. Azərbaycan hesab edir ki, 21-ci əsrdə güc tətbiqi yolu ilə sərhədlər dəyişdirilə bilməz”.

Azərbaycan sülhün əldə edilməsi üçün təxirəsalınmaz addı mların atılması barədə həmsədr dövlət başçılarının bəyanatını tamamilə dəstəkləyir. “Azərbaycan nəinki münaqişənin nizamlanması üçün təxirəsalınmaz addımların atılmasını, birbaşa sülh müqaviləsinin imzalanmasını təklif edib və yenə də təklif edir. Azərbaycan dünya ictimaiyyəti və həmsədr dövlətlərin təklif etdiyi kimi status-kvonun dəyişdirilməsini istəyir. Azərbaycan status-kvounun belə davam etməyəcəyini bir daha təkidlə bildirir”, - o qeyd edib.

XS
SM
MD
LG