Accessibility links

ATƏT-in müşahidə missiyası: “Azərbaycanda seçki prosesi demokratiyanın inkişafında mühüm irəliləyiş üçün kifayət deyil


ATƏT-in müşahidə missiyası: “Azərbaycanda seçki prosesi demokratiyanın inkişafında mühüm irəliləyiş üçün kifayət deyil

ATƏT-in müşahidə missiyası: “Azərbaycanda seçki prosesi demokratiyanın inkişafında mühüm irəliləyiş üçün kifayət deyil

MSK seçki prosesinin texniki aspektlərini müvafiq standartlara uyğun həyata keçirib. Lakin, media azadlığının, sərbəst toplaşmaq azadlığının məhdud olması və namizədlərin qeydə alınma prosesinin qüsurlu keçməsi müxalifəti daha da zəiflədib, siyasi mühakimənin canlı olmasını qeyri-mümkün edib

Azərbaycanda parlament seçkiləri səsvermənin sakit mühitdə keçirilməsi və bütün müxalifət partiyalarının bu siyasi prosesdə iştirak etməsi ilə xarakterizə oluna bilər. Lakin ümumilikdə proses ölkədə demokratiyanın inkişafında mühüm irəliləyişi vurğulamaq üçün kifayət deyil. Bu barədə ATƏT-in, ATƏT Parlament Asambleyası, Avropa Parlamenti və Avropa Şurasının Parlament Asambleyasının Azərbaycanda parlament seçkilərini müşahidə edən missiyalarının birgə bəyanatında deyilir.

Müşahidə missiyası bildirib ki, Mərkəzi Seçki Komissiyası seçki prosesinin texniki aspektlərini müvafiq standartlara uyğun həyata keçirib. Lakin media azadlığının, sərbəst toplaşmaq azadlığının məhdud olması və namizədlərin qeydə alınma prosesinin qüsurlu keçməsi müxalifəti daha da zəiflədib, siyasi mühakimənin canlı olmasını qeyri-mümkün edib. Bu və məhdudlaşdırılmış rəqabət mühiti namizədlərin fəaliyyəti üçün qeyri-bərabər şərait yaradıb, seçicilərin məlumatlı seçim etməsini çətinləşdirib. Müsbət hal kimi qeyd etmək olar ki, seçicilərin mərkəzləşdirilmiş seçici qeydiyyatını yoxlama, düzəlişlərin və əlavələrin edilməsi imkanı olması, həmçinin MSK media da daxil olmaqla maarifləndirmə kampaniyası keçirib.

“Seçki günü müşahidə edilən məntəqələrin 90 faizində səsvermə müsbət qiymətləndirilib, halbuki digər 10 faiz məntəqələrdə ciddi problemlər qeydə alınıb”, - deyə müşahidə missiyasının birgə bəyanatında deyilir.

ATƏT-in qısamüddətli müşahidə missiyasının və ATƏT Parlament Asambleyasının rəhbəri Volfqana Qrossruk bildirib ki, demokratik institutlarını xüsusilə çətin şəraitdə inkişaf etdirən ölkə üçün ədalət təmin etmək heç vaxt asan olmur. “Biz inkişaf naminə atılan bir çox addım və ölkənin uğur qazandığı sahələri gördük. Ancaq bütün səylərə baxmayaraq, ölkə həqiqi plüralist demokratiyanın inkişafı üçün daha çox səy göstərməlidir”.

AŞPA nümayəndə heyətinin rəhbəri Poll Vill keçmişdən fərqli olaraq seçkilərə hazırlıq prosesinin və seçki gününün sakit keçdiyini xüsusi vurğulayıb. “Bütün müxalifət partiyaları seçkilərdə iştirak edib. Hakimiyyət, beynəlxalq təşkilatlar və yerli iştirakçılar arasında müvafiq əməkdaşlıq nəticəsində müsbət mühit yaranıb”.

Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Anneli Yaatteenmaki deyib ki, Azərbaycanda iqtisadi artım danılmaz faktdır. “Bu vəziyyətin sabit hala gətirilməsi ölkənin siyasi liberallaşması və demokratikləşməsindən keçir. Müstəqil namizədlər səslərin sayılması zamanı qanun pozuntuları, müxalifət müşahidəçilərinə qarşı hücumların və seçki qutularına topa bülletenlərin atılması barədə məlumat verib. Demokratiyanın daha da inkişaf etdirilməsi üçün Azərbaycan növbəti mərhələdə daha çox cəhd göstərməlidir”.

ATƏT-in DTİHB-nin uzunmüddətli seçki missiyasının rəhbəri Odriy Qlover hesab edir ki, ümumi prosesin müşahidəsi göstərir ki, əsl demokratik seçkilərin keçirilməsi üçün vacib olan şərtlər yerinə yetirilməyib.

“Xüsusilə, fundamental azadlıqlara tətbiq edilən məhdudiyyətlər, mətbuatın qeyri-tərəfsizliyi, ictimai həyatda bir partiyanın dominantlıq etməsi və seçki günündə baş vermiş ciddi qanun pozuntuları bizi narahat edir. Biz Azərbaycan hökumətinə ATƏT-in öhdəliklərinə uyğun olaraq seçki keçirməsinə yardımçı olmağa hazır olduğumuzu bildiririk”, - deyə o qeyd edib.

Jurnalistlərin müşahidə missiyasını rüşvət almaqda günahlandıran bəyanatlarla bağlı sualına cavabda xanım Qlover deyib ki, “mənə nə rüşvət təklifi olub, nə rüşvət almışam, nə də vermişəm”.

Müşahidə missiyalarının rəhbərləri seçkilərin ATƏT və beynəlxalq standartlara uyğun olub - olmaması ilə bağlı sualına da cavab verib. “Seçkilər demək olar ki, beynəlxalq standartlara uyğun olub. Amma seçkilər elə keçirilməyib ki, ölkənin demokratik inkişafına tərəqqi gətirsin”, - deyə ATƏT Parlament Asambleyasının rəhbəri Volfqana Qrossruk bildirib.

Seçkilərlə bağlı müxalifət, iqtidar və müstəqil ekspertlərin fikirləri arasında da kəskin fərqlər var. Belə ki, aparıcı müxalifət bloku AXCP-Müsavat seçkilərin nəticələrini tanımır, iqtidarda olan Yeni Azərbaycan Partiyası seçkilərin demokratik və azad keçirildiyini bildirir. Müstəqil ekspertlər isə seçkinin ölkənin siyasi həyatında hər hansı yenilik gətirmədiyini deyir.

YAP sədrinin müavini Əli Əhmədov hesab edir ki, seçki öncəsi mühit demokratik olub, səsvermə azad və şəffaf keçirilib. “Seçicilərin iradəsini sərbəst ifadə edə bilməsi üçün hər cür şərait yaradılıb”.

AXCP-Müsavat bloku seçkilərin nəticələrinin ləğv edilməsini və təkrar seçkilərin keçirilməsini tələb edir. Müsavat Partiyasının başqanı İsa Qəmbər səsvermə zamanı total saxtakarlıqların qeydə alındığını, karusel əməliyyatı yolu ilə səsvermə hallarının, müşahidəçilərə təzyiqlər edilməsini, topa-topa bülletenlərin seçki qutularına doldurulması hallarının olduğunu diqqətə çatdırırb. “Müxalifətdən olan namizədlər faktiki olaraq öz dairələrində qalib gəlib, lakin saxtalaşdırma ucbatından blokun heç bir namizədi parlamentə düşməyib. AXCP-Müsavat bloku səsvermənin nəticələrinin ləğv olunmasını və yeni seçkilərin keçirilməsini tələb edir”.

AXCP sədri Əli Kərimli ölkədə baş verənləri Özbəkistanla müqayisə edib. Onun fikrincə, iqtidar monarxiya yaradır. “Əgər seçkilər az da olsa, şəffaf olsaydı, AXCP-Müsavat blokunun namizədləri bütün dairələrdə qalib gələrdi. Dünənki seçkilər Azərbaycanın Özbəkistan standartlarına yaxınlaşmasının göstəricisidir”.

Müstəqil ekspertlər parlament seçkilərini demokratiyaya doğru inkişaf saymır. Çünki seçkilər iqtidardakı qrupların mənafeyinə daha çox yaxın olub. Yeni parlamentdə nəinki müxalifətdən olan, müxalif fikirli deputatlar belə olmayacaq”, - deyə Turan Agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyev bildirib.

XS
SM
MD
LG