Accessibility links

Avropa məhkəməsi azad seçki hüququ pozulduğuna görə Azərbaycan hökumətini cərimə edib


Avropa məhkəməsi azad seçki hüququ pozulduğuna görə Azərbaycan hökumətini cərimə edib
Avropa məhkəməsi azad seçki hüququ pozulduğuna görə Azərbaycan hökumətini cərimə edib

Müxalifətdə olan “Azadlıq” seçki blokunun namizədinin qələbəsini Mərkəzi Seçki Komissiyası və yerli məhkəmələr tanımayıb

Avropa İnsan Hüquqları Məhkəməsi müğənni Flora Kərimovanın 23 may 2006-cı il tarixli şikayəti üzrə Azərbaycan hökumətinə qarşı qərar çıxarıb. Avropa Məhkəməsi müəyyən edib ki, Azərbaycan hökuməti cavabdeh dövlət kimi məhkəmənin qərarından sonra üç ay ərzində ərizəçiyə maddi zərərə görə 50.000 avro, mənəvi zərərə görə 7500 avro, məhkəmə xərclərinə görə 1600 avro ödəməlidir.

Xanım Kərimova şikayətində 2005-ci ildə keçirilən parlament seçkiləri zamanı 42 saylı Sumqayıt 2-ci seçki dairəsində qalib gəldiyini və Mərkəzi Seçki Komissiyasının seçkinin nəticəsini ləğvetmə qərarının reallığı əks etdirmədiyini bildirib. Onun şikayəti Azərbaycan məhkəmələrində təmin edilməyib.

İş üzrə materialda göstərilir ki, müxalifətdə olan “Azadlıq” siyasi blokunun namizədi Flora Kərimova səslərin çoxunu qazanıb, ikinci yeri iqtidarda olan “Yeni Azərbaycan” Partiyasının nümayəndəsi tutub. Buna baxmayaraq, Mərkəzi Seçki Komissiyası xanım Kərimovanın seçkilərdə qələbə qazanması faktını tanımayıb və saxtalaşdırma səbəbindən bir neçə məntəqədə səsvermənin nəticələrini ləğv edib. MSK müəyyən edib ki, səsverməyə müdaxilə nəticəsində seçicilərin öz iradəsini ifadə etməsi mümkün olmayıb və təkrar seçkilər təyin edib. Lakin məhkəmə araşdırması göstərib ki, hətta saxtalaşdırmadan sonra belə Flora Kərimova 1259 səs çoxluğu ilə qalib gəlib.

Xanım Kərimova “Amerikanın səsi” radiosuna bildirib ki, parlament seçkiləri zamanı qələbə qazandığını hətta dairə seçki komissiyası yekun protokolu ilə təsdiq edib. Amma, Mərkəzi Seçki Komissiyası bu protokolu tanımayıb. Xanım Kərimova Avropa məhkəməsinin qərarını razılıqla qarşılayır. “Ancaq Azərbaycan vətəndaşı kimi çox məyusam. Çünki mən, bu qərarı daha çox Azərbaycan məhkəmələrindən gözləyirdim”.

Flora Kərimova ümid edir ki, bu il keçiriləcək parlament seçkiləri zamanı Avropa məhkəməsinin onun şikayəti üzrə qəbul etdiyi qərar presedent yaradacaq.

Vəkili Fuad Ağayev hesab edir ki, Avropa məhkəməsinin qərarı hökumətin yalnız təzminat ödəməsi ilə bitməməlidir. “Qanunun pozulması prosesində iştirak edən vəzifəli şəxslərin hamısının hərəkətlərinə hüquqi qiymət verilməlidir”.

Vəkil xanım Kərimovanın deputat hüquqlarının bərpa edilməsi üçün yeni iddia qaldırılacağını diqqətə çatdırıb.

Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi bu ilin aprelində “Azadlıq” seçki blokundan 2005-ci il parlament seçkilərində 93 saylı Bərdə şəhər seçki dairəsindən namizəd olmuş Nemət Əliyevin şikayətini də təmin edib. Məhkəmə cənab Əliyevin azad seçki hüququnun, ədalətli məhkəmə araşdırılması hüququnun, səmərəli hüquqi müdafiə vasitələrinə olan hüququn pozulduğunu və ayrı- seçkiliyə məruz qaldığını təsdiq edib. Azərbaycan hökumətinin şikayətçiyə 7.500 avro ödəməsi barədə qərar qəbul edib.

XS
SM
MD
LG