Accessibility links

Avropa Məhkəməsi Azərbaycana qarşı 13 şikayət üzrə qərar çıxarıb


Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi

İyunun 16-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı 13 şikayət üzrə qərarlarını elan edib. Bu barədə vəkil Əsabəli Mustafayev facebook səhifəsində yazıb.

Vəkil bildirir ki, qərar çıxarılan işlərin ikisini o müdafiə edib.

“Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 5, 6 və 11-ci maddələrinin (azadlıq hüququ, ədalətli araşdırma hüququ və sərbəst toplaşma azadlığı) pozuntusunu tanıyıb. Kompensasiya məbləqi 13150 avrodur".

Elan olunan qərarların 11-i isə vəkil İntiqam Əliyevin apardığı seçki işləri üzrədir. Qərarlarda azad seçki hüququnun pozuntusu tanınıb. Hər bir iş üzrə kompensasiya 11000-12000 avro təşkil edir.

İşlər bu şəxslərin şikayətləri üzrədir: Qaya Əliyev, Şakir Məmmədov, Fuad Əliyev, Əmrulla Dadaşzadə, Xaliq Hacıyev, Ziyafət Hüseynli, Akif Cavadov, Səxavət Soltanov, Elnur Məcidli, Arzuman Məcidli, İntiqam Əliyev.

Hüquqşünas Xalid Bağırov Avropa İnsan Hüquqları Məhkəməsinin seçki hüququ ilə bağlı qərarlarını şərh edib. Hüquqşünasın Facebook səhifəsində dərc etdiyi şərhi təqdim edirik.

Avropa Məhkəməsi fəaliyyət göstərdiyi (qərarlar qəbul etdiyi) 1959-cu ildən bəri seçki hüquqlarının pozuntusu ilə bağlı cəmi 79 qərar qəbul edib.

Bu qərarlardan ən çoxu - 17 qərar İtaliyaya qarşıdır. Ötən ilin dekabrında Azərbaycan İtaliyanın göstəricilərinə çatıb. Azərbaycana qarşı qərarların sayı da 17-yə çatıb. Əslində, bunu 29 da saymaq olardı. Çünki, son zamanlar Avropa Məhkəməsi Azərbaycanla bağlı işlərə, əsasən seçki pozuntusuna dair işlərə baxarkən, bir iş bir qərar prinsipindən imtina edib, 4-6 işi birləşdirərək bir qərar çıxarır. 17 qərar da, 29 iş üzrədir. Bundan əlavə 9 işlə (İsa Qəmbər və qrupu) bağlı Avropa Məhkəməsi qərar qəbul etməsə də, bu işdə dövlət pozuntusunu tanıyıb.

Bu gün, iyunun 16-da isə 11 işlə bağlı 2 qərar elan edilib. Beləliklə, Azərbaycanın əleyhinə çıxarılmış 40 iş üzrə 19 qərarla Avropa Məhkəməsi tərəfindən seçki hüquqlarının pozuntusunun tanınması üzrə Avropada birinci yerdəyik.

Seçki hüququ üzrə Türkiyəyə qarşı 9 qərar, Böyük Britaniyaya qarşı 6 qərar (Britaniyanın Avrorpa Şurası ilə bağlı ən böyük problem seçki hüququ ilə bağlı qərarlar təşki edir), Rumıniya 5, Bolqarıstan 4, Yunanıstan, Macarıstan, Latviya və Rusiya hər biri 3, Ukrayna və Moldova hər biri 2 qərar, Ermənistan, Avstriya, Çexiya, Gürcüstan və Litva hər biri 1 qərar.

XS
SM
MD
LG