Accessibility links

Nazir müavini: Təhlükələr Avropa Oyunlarına hazırlıq dövründə daha sayıq olmağı tələb edir


Milli təhlükəsizliklə bağlı konfrans

Milli təhlükəsizliklə bağlı konfrans

Azərbaycan Texniki Universitetində (AzTU) “Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilib. Tədbirdə Milli Təhlükəsizlik Nazirliyinin (MTN), Gənclər və İdman Nazirliyinin, Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edib. Bu barədə MTN-nin İctimai Əlaqələr İdarəsi məlumat yayıb.

Konfransda milli təhlükəsizlik nazirinin müavini Elçin Əliyev geniş məruzə ilə çıxış edib.

Nazir müavini bildirib ki, beynəlxalq maraqların kəsişdiyi məkanda yerləşən Azərbaycanın son illərdə dinamik inkişafı, tranzit əhəmiyyətinin artması, transkontinental neft-qaz kəmərlərinin işə düşməsi, dünyada siyasi-hərbi müstəvidə cərəyan edən hadisələr, terrorçuluğun, informasiya müharibəsinin, kibercinayətkarlığın genişlənməsi təhlükəsizlik məsələlərini daha qabarıq formada üzə çıxarır.

“Fərqli sivilizasiyaları, müxtəlif mədəniyyətləri bir araya gətirməsi, dini və milli tolerantlığı ilə tanınan Azərbaycanda bu amil xüsusilə aktualdır. Azərbaycan üçün təhlükəsizlik məsələlərinin önəm kəsb etməsi həm də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün bu gün də davam etməsi ilə şərtlənir. Münaqişənin işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən indiyədək həllini tapmaması, zəbt olunan torpaqlarda terrorçuların hazırlanması, narkotik vasitələrin kultivasiyası, silah qaçaqmalçılığı məqsədilə istifadə edilməsi nəinki Cənubi Qafqaz regionu, hətta beynəlxalq aləm üçün real təhlükədir”, o qeyd edib.

E.Əliyevin sözlərinə görə, son illər terrorçuluqla mübarizə üzrə aparılan fəaliyyət nəticəsində terrorçuluq, hakimiyyəti zorla ələ keçirmə, konstitusiya quruluşunun əsaslarının dəyişdirilməsi kimi ictimai təhlükəli əməllər törədən və ya törətməyi planlaşdıran terrorçu və dini radikal-ekstremist qruplar, qanunsuz silahlı dəstələrə qarşı uğurlu kompleks tədbirlər həyata keçirilib.

“Azərbaycan vətəndaşlarının dini radikal ekstremist qruplaşmaların və xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin tərkibində iştirak etmə hallarına qarşı həyata keçirilən məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində Suriyada və İraqda qanunsuz hərbi birləşmələrin tərkibində hərbi təlim keçərək döyüş əməliyyatlarında iştirak etdikləri, eləcə də Pakistanda və Əfqanıstanda fəaliyyət göstərən terrorçu təşkilatın üzvləri olduqları müəyyənləşdirilən bir sıra Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub. Transmilli mütəşəkkil cinayətkarlıq və onun ən təhlükəli formalarından olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə nəticəsində son illər ərzində 5 tondan artıq ağır tərkibli narkotik vasitə milli təhlükəsizlik orqanları tərəfindən aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb”.

Hazırda MTN 70-dən artıq xarici xüsusi xidmət orqanı və beynəlxalq təşkilatla əməkdaşlıq münasibətlərinə malikdir.

Nazir müavinki deyib ki, bu gün Yaxın Şərqdə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, müxtəlif radikal meyillərin, mütəşəkkil cinayətkarlığın doğurduğu digər təhdidlərə baxmayaraq, Azərbaycanda sabitlik və inkişaf dinamikası qorunub saxlanıb.

“Geniş coğrafiyanı əhatə edən bu təhlükələr ölkəmizdə keçiriləcək beynəlxalq səviyyəli mühüm tədbirə - birinci Avropa Oyunlarına hazırlıq görüldüyü bir vaxtda hərtərəfli və daha sayıq olmağı tələb edir.

Erməni terror təşkilatlarının daim təhdid etdiyi Azərbaycanı bu gün transmilli, mütəşəkkil cinayətkar şəbəkələr kimi formalaşan beynəlxalq terrorçu təşkilatlar da öz hədəfinə çevirmək niyyətindədir. Buna görə də terrorçuluq kimi ümumi bəla ilə mübarizədə cəmiyyətin, xüsusilə gənclərimizin, tələbələrin birgə səyləri, sayıqlığı, insanlarımızın məlumatlılığı olduqca mühüm amillərdir”, o qeyd edib.

XS
SM
MD
LG