Accessibility links

AŞPA prezidenti: Azərbaycanda seçkilər Avropa standartlarına tam uyğun keçirilməlidir


Jan Klod Minyon

Jan Klod Minyon

Jan Klod Minyon Azərbaycanı plüralizm, azad və açıq siyasi debatlar şəraitində seçki keçirilməyə çağırıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Jan Klod Minyon mayın 25-dən 28-dək Azərbaycana səfərinin yekunları ilə bağlı bəyanatla çıxış edib.

AŞ-nin rəsmi saytında yerləşdirilmiş sənəddə deyilir ki, Jan Klod Minyon ölkə hakimiyyətini demokratik azadlıqların - ifadə, toplaşmaq və assosiasiya azadlıqlarının tam təminatı da daxil olmaqla, AŞ qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə çağırıb.

O 2014-cü ilin mayında Azərbaycanın Nazirlər Komitəsində sədrliyi ilə əlaqədar Azərbaycanla AŞ arasında əməkdaşlığın möhkəmləndirilməsinə çağırıb.

“Azərbaycan müstəqillik əldə etdikdən və Avropa Şurasına daxil olduqdan sonra Avropa dəyərlərinə əsaslanan və Transatlantik tərəfdaşlığa yönələn cəmiyyətin qurulması yolunda mühüm dəyişikliklərə məruz qalıb”, - AŞPA prezidenti bildirib.

O, ölkənin AŞ-yə daxil olarkən götürdüyü öhdəliklərin yerinə yetirilməsində irəliləyişin olduğunu qeyd edib. Bura Avropa konvensiyalarının qəbulu daxildir (bir konvensiya istisna olmaqla).

“Bundan əlavə, məhkəmə islahatları və korrupsiyaya qarşı mübarizədə irəliləyişi qeyd etmək istərdim”, - o vurğulayıb.

“Lakin bu mühüm islahatlar hələ başa çatmayıb və mən hakimiyyəti
AŞPA-nın 1917 saylı qətnaməsində (2013-cü ilin yanvar sessiyasında qəbul olunub) əksini tapmış tövsiyələri yerinə yetirməyə çağırıram”, - sənəddə qeyd olunur.

Bu kontekstdə AŞPA prezidenti Venesiya Komissiyası ilə səmərəli əməkdaşlığa və qanunverici prosesin əvvəlində onun tövsiyələrindən yararlanmağa çağırıb. Minyon Venesiya Komissiyasının tövsiyələrini tam nəzərə almağa çağırıb.

Oktyabrda keçiriləcək prezident seçkilərinə toxunan Minyon qeyd edib ki, onlar ölkənin demokratiyaya sadiqliyini nümayiş etdirmək imkanına çevriləcək.

O, plüralizm, azad və açıq siyasi debatlar şəraitində Avropa standartlarına tam uyğun seçkilərin keçirilməsinə çağırıb.

Ehtimal olunan siyasi məhbuslar məsələsi ilə bağlı prezident Assambleyanın prinsipial mövqeyini təsdiqləyib. Assambleya bütün ölkələr üçün müəyyən olunmuş meyarlar əsasında siyasi motivlər üzrə cinayət təqibini pisləyir.

Bu kontekstdə Minyon hakimiyyəti Azərbaycan tərəfdən öhdəliklərin yerinə yetirilməsinin monitorinqi də daxil olmaqla, AŞPA-nın bu məsələyə dair 1917 saylı (2013-cü il) qətnaməsini yerinə yetirməyə çağırıb.

“İlqar Məmmədovun (REAL hərəkatının lideri, AŞ Bakı siyasi biliklər məktəbinin rəhbəri, 23-24 yanvar İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub) həbsi Avropa və beynəlxalq qurumlarda böyük narahatlıq doğurub. Ümidvaram ki, işə ədalətli, müstəqil və qərəzsiz, Avropa İnsan Hüquqları Konvensiyası normalarına tam əməl olunmaqla baxılacaq”, - AŞPA prezidenti bildirib.

Minyon AŞPA-nın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib və Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Mİnsk Qrupu çərçivəsində həllinə çağırıb.

“Ermənistan və Azərbaycan Avropa Şurasına daxil olarkən münaqişənin sülh yolu ilə həllini axtarmağa hazır olduqlarını bəyan ediblər. Bizim assambleya parlament diplomatiyası vasitəsilə iki ölkə nümayəndə heyətləri arasında dialoqun qurulması, inamın yaradılması üçün hər cür yardım göstərməyə hazırdır”, - o bildirib.
XS
SM
MD
LG