Accessibility links

İran Azərbaycana nota verib


Azərbaycan və İran bayraqları
Azərbaycan və İran bayraqları

İran Bakıda Güney Azərbaycanla bağlı konfransın keçirilməsinə ciddi narazılıq bildirilib

İran Xarici İşlər Nazirliyi martın 30-da Bakıda Güney Azərbaycan tərəfdarlarının keçirdiyi tədbirlə bağlı Azərbaycan səfirinə narazılığını bildirib.

İran mətbuatının məlumatına görə, martın 31-də Azərbaycanın İrandakı səfirinə etiraz notası təqdim olunub. İranın xarici işlər nazirinin müavini Seyid Abbas Ərakçı Azərbaycan hakimiyyətinin bu cür tədbirin keçirilməsinin qarşısını almaq iqtidarında olmaması ilə bağlı səfir Cavanşir Axundova ciddi narazılığını bildirib.

“İran hər zaman iki ölkə arasında münasibətlərin dərinləşməsinə çalışsa da, bu cür hərəkətlər ikitərəfli əlaqələri pozur”, nazir müavini vurğulayıb.

Ərakçı tədbirdə İran əleyhinə səslənən fikirlərdən və “sifarişli nəşrlər”in paylanmasından narazılığını bildirib.

Nazir müavini Güney Azərbaycan tərəfdarlarının İranda təqib olunması haqda sənədli filmi “təxribat” adlandırıb. Onun sözlərinə görə, belə filmlər yalnız “İsrail dairələri”nin maraqlarına xidmət edir.

“Bu film iki ölkə arasında dost münasibətlərə dair sazişi pozur və tamamilə qəbuledilməzdir”, Ərakçı bildirib.

Xatırladaq ki, Bakıda iranlı mühacirlərin, həmçinin Azərbaycan siyasi xadimlərinin, ekspertlərin iştirakı ilə keçirilən konfransda Güney Azərbaycanın müstəqilliyi uğrunda hərəkatın dövlət səviyyəsində dəstəklənməsinin, bu məsələyə beynəlxalq təşkilatların cəlb edilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, ötən həftə Dağlıq Qarabağda “Talışıstan” radiosu fəaliyyətə başlayıb. Yerli medianın yazdığına görə, radioda iranlılar çalışırlar. Konfransın keçirilməsi iranlıların Azərbaycan əleyhinə aksiyasına cavab olub.
XS
SM
MD
LG