Accessibility links

Elmar Məmmədyarov: Azərbaycan ABŞ ilə əməkdaşlığın inkişafında maraqlıdır


Elmar Məmmədyarov və Bricet Brink

Elmar Məmmədyarov və Bricet Brink

Noyabrın 23-də Bakıda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink xarici işlər naziri Elmar Məmmədyarov və nazir müavini Xələf Xələfovla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Məmmədyarov Azərbaycanın müstəqillik əldə etməsindən keçən dövr ərzində enerji, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və digər sahələrdə ABŞ-la uğurlu əməkdaşlığından bəhs edib, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün mövcud imkanların qiymətləndirilməsinin vacibliyini qeyd edib.

Nazir ABŞ ilə əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu bildirib, iki ölkə arasında bütün məsələlərin dialoq və qarşılıqlı etimad şəraitində müzakirəsinin səmərəli olacağını vurğulayıb.

Elmar Məmmədyarov iki ölkə arasında enerji sahəsində bir sıra irimiqyaslı layihələrin reallaşdırılması təcrübəsinin hazırda gündəmdə olan digər enerji layihələrinin uğurla tamamlanmasına töhfə verəcəyini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə ABŞ tərəfindən münaqişənin həlli istiqamətində səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Bricet Brink ABŞ-ın Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini və əməkdaşlığın inkişaf etdirilməsinə hazırlığını vurğulayıb. O, səfər çərçivəsində keçirdiyi görüşlər barədə məlumat verərək, görüşlərdə ikitərəfli əlaqələrin müxtəlif aspektləri barədə geniş fikir mübadiləsi aparıldığını qeyd edib.

Həmin gün xanım Brink xarici işlər nazirinin müavini Xələf Xələfovla da görüşüb.

Azərbaycanın ABŞ-ın regionda etibarlı tərəfdaşı olduğunu bildirən nazir müavini siyasi, təhlükəsizlik, iqtisadi, investisiya qoyuluşu, mədəniyyət, təhsil və humanitar sahələrdə, enerji layihələrinin həyata keçirilməsində birgə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu qeyd edib.

X.Xələfov ticarət sahəsində əməkdaşlığa toxunaraq, bu yaxınlarda keçirilmiş Azərbaycan-ABŞ işgüzar görüşünə qatılmış ABŞ şirkətlərinin qeyri-neft sektoruna sərmayə qoyuluşunda maraqlı olmasını vurğulayıb. Bu işgüzar görüşün sərmayə qoyuluşunun və ticarət dövriyyəsinin artmasına töhfə verəcəyini qeyd edib.

Bricet Brink ABŞ hökumətinin Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyaya yardımı və terrorizmə qarşı mübarizədə töhfəsinin yüksək qiymətləndirildiyini bildirib.

Mətbuat xidməti görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldığını da bildirir.

XS
SM
MD
LG