Accessibility links

Kimya sahəsində Nobel mükafatı laureatı Əziz Sancar


Professor Əziz Sancar

Professor Əziz Sancar

İsveç Kral Elmlər Akademiyası 2015-ci il kimya üzrə Nobel mükafatına isveç və amerikalı iki alimlə yanaşı, türk professor Əziz Sancarın layiq görüldüyünü elan edib.

Şimali Karolina universitetində çalışan professor Əziz Sancar, Britaniyada Ser Fransis Krik İnstitutundan Tomas Lindahl, ABŞ-ın Dyuk universitetindən Pol Modriç hər biri ayrı-ayrılıqda DNK-nın bərpa mexanizmi üzərində uzun illər tədqiqat aparıblar.

Nobel komitəsinin kimya üzrə mükafatlarının təqdim edilməsilə bağlı açıqlamasında Tomas Lindal, Pol Modriç və Əziz Sancarın molekulyar səviyyədə hüceyrələrin zərər dəymiş DNK-ları bərpa etməsi və genetik informasiyanı saxlamasının sxemini hazırladığı bildirilir. “Onların işi canlı hüceyrələrin funksiya göstərməsi və xərçəng xəstəliyinin yeni müalicə üsullarının inkişaf etdirilməsində fundamental biliklərin əldə edilməsinə xidmət edib”-deyə İsveç Kral Elmlər Akademiyasının açıqlamasında bildirilir.

Kimya sahəsində Nobel mükafatı layreatları Tomas Lindahl, Pol Modriç və Əziz Sancar

Kimya sahəsində Nobel mükafatı layreatları Tomas Lindahl, Pol Modriç və Əziz Sancar

Çapel Hill Şimali Karolina universitetinin professoru Əziz Sancar Nobel mükafatına layiq görüldüyü haqda xəbəri səhər xanımından aldığını və bunu böyük təəccüblə qarşıladığını bildirib.

Professor Əziz Sancar ABŞ və Türkiyə vətəndaşıdır. O, İstanbul universitetinin tibb fakültəsini bitirib,1977-ci ildə isə ABŞ-da Texas universitetində molekulyar biologiya sahəsində doktorluq dərəcəsi alıb.

Hazırda Şimali Karolina Tibb universitetinin biokimya professoru olan Əziz Sancar zəhmətkeş, qətiyyətli bir alim kimi tanınır. O, ABŞ Milli Elmlər Akademiyasnın ilk amerikalı-türk üzvüdür.

Əziz Sancar 1946-cı ildə Türkiyənin cənub bölgəsindəki Savur şəhərində çoxuşaqlı ailədə anadan olub. Onun bildirdiyinə görə, hər iki valideyninin savadsız olmalarına baxmayaraq, onlar təhsilə böyük qiymət verib və uşaqlarının təhsil alması üçün əllərindən gələni ediblər. Məktəbdə əla oxumaqla yanaşı, o həm də futbol komandasında qapıçı olub. Orta məktəbi bitirdikdə Əziz Sancara hətta Türkiyənin gənclər arasında futbol üzrə yığması üçün seçmə yarışlara qatılmaq da təklif edilib. Lakin milli yığmada oynamaq onun uşaqlıq arzusu olsa da, o, gələcəyini idman deyil, elmlə bağlamaq qərarına gəlib.

Professor Əziz Sancarın kimya üzrə Nobel mükafatına layiq görülməsi xəbəri Türkiyədə sosial mediada böyük sevinclə qarşılanıb. Türkiyənin keçmiş prezidenti Abdulla Gül, ABŞ-ın Milli Basketbol Liqasının oyunçusu, Türkiyə basketbol ulduzu Hidayət Türkoğlu, elm və sənət xadimləri professor Əziz Sancara Nobel mükafatına layiq görülməsi münasibətilə təbriklərini bildiriblər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG