Accessibility links

Azərbaycan-Avropa İttifaqı münasibətlərində vətəndaş cəmiyyəti və medianın rolu müzakirə edilib


Azərbaycan-Avropa İttifaqı münasibətlərində vətəndaş cəmiyyəti və medianın rolu müzakirə edilib
Azərbaycan-Avropa İttifaqı münasibətlərində vətəndaş cəmiyyəti və medianın rolu müzakirə edilib

Avropaya inteqrasiya prosesində vətəndaş cəmiyyətləri və KİV-in əhəmiyyətli rolu qeyd edilib. Bu sahədə Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçiriləcək layihələrdən danışılıb

Bakıda Cənubi Qafqaz Təhlükəsizlik Forumu, Robert Bosch Fondu, Konrad Adenauer Fondu və Polşanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə "III. Cənubi Qafqazda Təhlükəsizlik Forumu. Azərbaycan-Avropa İttifaqı münasibətlərində vətəndaş cəmiyyəti və KİV-in rolu" mövzusunda konfrans keçirilib.
Konfransa bir sıra beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, o cümlədən Gürcüstan, Moldova, Ukraynadan nümayəndələr qatılıb. Maraqlı olsa da, dəvət edilmələrinə baxmayaraq, Mətbuat Şurasının, Milli Teleradio Şurasının, Prezident yanında KİV-ə və Qeyri Hökumət Təşkilatlarının İnkişafına Dövlət Dəstəyi Şuralarının rəhbərləri, siyasi partiyaların təmsilçiləri, ölkənin aparıcı KİV-lərinin təmsilçiləri forumda iştirak etməyiblər. Yalnız AXCP sədri Əli Kərimli tədbirin bir hissəsini dinləyib.
Konfransda Avropaya inteqrasiya prosesində vətəndaş cəmiyyətləri və KİV-in əhəmiyyətli rolu qeyd edilib. Bu sahədə Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçiriləcək layihələrdən danışılıb. Avropa İttifaqının maliyyə dəstəyi ilə Cənubi Qafqazda "Demokratiya Sizinlə" layihəsi həyata keçirilir. "Bu il dekabrın 30-dan Azərbaycanda ümumi dəyəri 1,8 milyon avro təşkil edəcək yeni layihəyə başlanacaq. Azərbaycan Təhsil Nazirliyi ilə birgə həyata keçiriləcək bu layihə məktəblərdə müəllimlər və şagirdlərlə vətəndaş cəmiyyətinin rolu, məsələlərin qaldırılması, müzakirəsi ilə bağlı stimuliyasiya oyunları təşkil ediləcək", - deyə Konrad Adsenauer Fondunun Cənubi Qafqaz üzrə Regional Proqramlar rəhbəri Katya Kristina Plate bildirib.
Azad medianın cəmiyyətdə rolu barədə çıxışlarda bildirilib ki, müstəqil mediası olmayan cəmiyyətlərin inkişafı qeyri-mümkündür. "Gələn həftə Bakıda "Siyasi kommunikasiya və media" mövzusunda konfrans təşkil ediləcək. Konfransda siyasətçilər və jurnalistlər iştirak edəcəklər. Burada mətbuat konfranslarının hazırlanması, jurnalistlərin iştirakı, sualların verilməsi, informasiyaların hazırlanıb yayılması məsələləri müzakirə ediləcək. Eyni zamanda, siyasətçilərlə jurnalistlər arasında yaranmış münaqişələrin həlli məsələləri gündəlikdə olacaq", - deyə Katya Kristina Plate qeyd edib.
Çıxışlarda Azərbaycanın Avropa İttifaqına assosiativ üzvlük məsələsinin də açıq qaldığı qeyd edilib. "Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrdən Azərbaycan və Belorus Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Bu isə qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasını və standartların tətbiqini tələb edir. Azərbaycan ÜTT və Avropa İttifaqının çoxsaylı təkliflərini yerinə yetirməlidir", - deyə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru Vüqar Bayramov qeyd edib.
O, Şərq Tərəfdaşlığı üzrə milli platformaların yaradılmasını vacib sayır. "Azərbaycan həm də milli platformalar əsasında Cənubi Qafqaz platformasının yaradılmasını təklif edir. Cənubi Qafqaz platformasının yaradılması regionun Avropaya inteqrasiyası və konfliktlərin həlli prosesinə müsbət təsir edər", - deyə V.Bayramov bildirib.
Konfrans çərçivəsində Azərbaycan və Gürcüstandan olan tələbələrin konfransı da keçirilir.

XS
SM
MD
LG