Accessibility links

Azərbaycan həbsxanasında jurnalist müddətsiz aclığa başlayır


Azərbaycan həbsxanasında jurnalist müddətsiz aclığa başlayır

Azərbaycan həbsxanasında jurnalist müddətsiz aclığa başlayır

Avropa Məhkəməsinin Böyük Palatası Azərbaycan hökumətinin şikayətini təmin etməyib, jurnalistin həbsdən dərhal azadlığa buraxılması qərarını qüvvədə saxlayıb

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev oktyabrın 19-dan müddətsiz aclığa başlayacağını elan edib. Jurnalistin atası Emin Fətullayev “Amerikanın səsi” radiosuna bildirib ki, Eynulla Fətullayev hökumətin Avropa İnsan Haqları Məhkəməsinin onun dərhal azad edilməsi barədə qərarını icra etməməsinə etirazını ifadə edəcək.

Bu ilin apreldə Avropa İnsan Haqları Məhkəməsi jurnalistin dərhal həbsdən azad edilməsi və ona 28 min avro kompensasiya verilməsi barədə qərar qəbul edib. Bundan sonra Azərbaycan hökuməti Avropa Məhkəməsinin Böyük Palatasına şikayət edib. Böyük Palata isə jurnalistə qarşı terrorla hədələmə, milli və etnik ayrı-seçkiliyin qızışdırılması, vergidən yayınma ittihamlarını rədd edərək Avropa İnsan Haqları Məhkəməsinin qərarını təsdiq edib. Azərbaycan məhkəməsi bu ittihamlarla jurnalisti 2007-ci ildə 8,5 il həbs cəzasına məhkum edib.

Bununla yanaşı, 2009-cu ilin dekabrında cənab Fətullayevə qarşı narkotik maddə saxlamaq maddəsi ilə cinayət işi başlanıb. İttihama görə, baş redaktorun saxlandığı həbsxanada onun paltarından narkotik aşkarlanıb. Bu ilin iyulunda o, yenidən 2,5 il müddətinə həbs cəzası alıb. Cənab Fətullayev, eləcə də beynəlxalq və yerli ictimaiyyət israr edir ki, narkotikləri onun paltarına qəsdən qoyublar. Məqsəd jurnalistin Avropa İnsan Haqları Məhkəməsinin qərarı əsasında azad edilməsinə mane olmaqdır. Baş redaktor hesab edir ki, onun zindanda saxlanılması qanunsuzdur, çünki Avropa İnsan Haqları Məhkəməsi onun dərhal azad edilmə barədə qərar qəbul edib.

Bu gün İfadə Azadlığı Komitəsi ictimai xadimlərin iştirakı ilə Avropa İnsan Haqları Məhkəməsinin qərarının icra edilməməsi ilə bağlı müzakirə keçirib. Müzakirələr zamanı Avropa İnsan Haqları Məhkəməsinin qərarının icrası üçün imzatoplama kampaniyasının başlanması qərara alınıb və Ədliyyə nazirliyinin məhkəməyə verilməsinin vacibliyi vurğulanıb.

XS
SM
MD
LG