Accessibility links

Elman Abdullayev: İrana səfər etmək təhlükəsiz deyil


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara İranda Azərbaycan vətəndaşlarına təhlükə olması ilə bağlı çağırış edib. İrana səfər edən Azərbaycan vətəndaşı problemlə qarşılaşacağından və həbs olunacağından sığortalanmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Amerikanın Səsi radiosuna müsahibəsində bu il mayın 2-də İranda saxlanan iki Azərbaycan vətəndaşı ilə bağlı İrana qarşı Azərbaycanın narazılığından bəhs edir. Mətbuat katibi eyni zamanda Azərbaycan-İran münasibətlərinin perspektivlərindən danışıb.


Sual: Azərbaycan Respublikasının iki vətəndaşı artıq iki aydan çoxdur ki, İranda həbsdədir. Xarici İşlər Nazirliyi onların həbsdən azad edilməsi üçün hansı işləri görüb?

Cavab: Azərbaycan ictimaiyyətinə vətəndaşlarımızın İranda həbsi ilə bağlı çox geniş və ətraflı məlumat vermişik. Azərbaycan Xarici İşlər Nazirliyi və İrandakı diplomatik nümayəndəliyimiz bununla bağlı bir neçə rəsmi görüşlər keçirib. Eyni zamanda, İran tərəfinə beş nota təqdim olunub və bir neçə yazışma aparılıb. Bizə cavab verildi ki, vətəndaşlarımız İran tərəfindən guya cinayətə təşəbbüs adı altında saxlanılıb. Azərbaycan İranın bu məlumatını natamam hesab edir. İrandan vətəndaşlarımızın saxlanmasının səbəbləri, saxlanma şəraiti ilə bağlı məlumat verilməsi və İrandakı konsulumuzun onlarla görüşməsi üçün şərait yaradılması istənilib. Azərbaycanın dəfələrlə müraciətinə baxmayaraq bu günədək bizim konsul vətəndaşlarımızla görüşə buraxılmır. Halbuki Vyana konvensiyasına görə, Azərbaycan vətəndaşı hansısa ölkədə problemlə üzləşdikdə və ya həbs edildikdə bununla bağlı diplomatik nümayəndəliyimizin məlumat əldə etməyə hüququ var.

Sual: Azərbaycan son günlər yüksək səviyyədə İranın Azərbaycandakı səfiri və bu ölkənin Azərbaycana səfər etmiş naziri qarşısında vətəndaşlarla bağlı məsələ qaldırıb. İranın cavabı nədir?

Cavab: Bəli, İranın səfiri və təhsil naziri qarşısında məsələ qaldırıldı, tələb edildi ki, bu məsələ İranın rəhbərliyinə çatdırılsın, həmçinin Azərbaycan konsulunun vətəndaşlarımızla görüşü üçün şərait yaradılsın. Təəssüf ki, indiyədək İranın cavabı yoxdur. Təbii ki, bu Azərbaycan dövlətini narahat edir.
Bu gün vətəndaşlarımıza çağırışımız da ondan ibarətdir ki, biz anlaya bilmirik ki, nə üçün Azərbaycan vətəndaşlarına və Azərbaycan Respublikasına bu cür münasibət bəslənilir. Nə üçün səfər edən Azərbaycan vətəndaşları İranda həbs edilir və onların hərəkəti cinayətə təşəbbüs kimi qiymətləndirilir.

Sual: Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlarına çağırış edib ki, İran Azərbaycan vətəndaşları üçün təhlükəsiz olmayan ölkədir. Azərbaycanı buna vadar edən nədir?

Cavab: Biz təbii ki, vətəndaşlarımızı xəbərdar etməyə məcburuq. Birincisi, vətəndaşlarımızın hüquqlarının müdafiəsi və onların problemlərinin həlli borcumuzdur. Vətəndaşlarımız da bilməlidir ki, bu ölkədə hansı təhlükə ilə üzləşə bilərlər. Hazırda bu ölkədə vətəndaşlarımız müəyyən təhlükələrlə üzləşə bilər. Gördüyünüz kimi, iki vətəndaşımız “günün günorta çağı” həbs edilir və onlarla bağlı hər hansı məlumat Azərbaycan tərəfinə bildirilmir. İkincisi də vətəndaşlarımızı qabaqcadan xəbərdar etməliyik ki, İrana səfər etmək təhlükəsiz deyil. Orada iki şairimizin başına gələn digər vətəndaşlarımızın da başına gələ bilər. Bu onu göstərir ki, İrana səfər edən Azərbaycan vətəndaşı hər hansı problemlə qarşılaşacağından və həbs olunacağından sığortalanmayıb.

Sual: Digər tərəfdən bu günlərdə Azərbaycan vətəndaşları İranın ali dini rəhbəri ilə görüşdə iştirak edib, onu vəsf edən şer deyib. Yəni bir tərəfdən vətəndaşlar həbs edilir, Xarici İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edir, digər tərəfdən isə Azərbaycan vətəndaşları İranın ali dini rəhbərini vəsf edir. Bu təzad deyilmi?

Cavab: Siz vətəndaşlar deyəndə kimləri nəzərdə tutursunuz?

Sual: Mən Azərbaycan İslam Partiyasını sədrinin xanımının İranın ali dini rəhbərini vəsf etdiyi şerdən bəhs edirəm.

Cavab: Bir nəfər?

Sual: Bəli.

Cavab: Təbii ki, siz bir nəfəri nəzərdə tutursunuz. Mən bütövlükdə cəmiyyətimizdən danışıram. Azərbaycan cəmiyyətinin öz baxışları, Azərbaycan xalqının öz idealları var. Azərbaycan müstəqil bir ölkədir. Azərbaycan xalqı dünyəvi bir xalqdır, müasirliyə, inkişafa, dünyaya inteqrasiya etməyə meylli bir xalqdır. Təbii ki, belə bir halda kim olur-olsun, kimliyindən asılı olmayaraq Azərbaycan xalqının ideallarına, baxışlarına, tərəqqi meyllərinə hörmət etməlidir, hörmətlə yanaşmalıdır. Bu baxımdan da hesab edirik ki, Azərbaycan vətəndaşlarının baxışlarından asılı olmayaq onlara və Azərbaycanın bu günki reallıqlarına hörmət edilməlidir.

Sual: Azərbaycanın yüksək vəzifəli şəxsləri bu günədək İranı dost və mehriban qonşu kimi dəyərləndirib. İndi də bu şüar qüvvədədirmi?

Cavab: Əgər, biz bu gün dostluqdan, mehriban qonşuluqdan danışırıqsa onda niyə Azərbaycan vətəndaşları heç nə olmadan günün günorta çağı həbs olunur, Azərbaycan vətəndaşlarına bu cür münasibət var. Əgər qonşu ölkə bizimlə bağlı bir mehribançılığı hiss edirsə, onda gərək şairlərimizlə bağlı atdığı addımlar da buna uyğun olsun.
XS
SM
MD
LG