Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə hələ razılıq yoxdur


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə hələ razılıq yoxdur

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə hələ razılıq yoxdur

Həmsədr ölkələrin prezidentləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu il iyulun 17-18-də Almatıda yeni görüşünün təşkil edilməsi üçün tapşırıq verib.

ATƏT-in Minsk qrupunun həmsədrləri, amerikalı Robert Bradke, fransalı Bernar Fasye, rusiyalı İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Azərbaycan prezidenti İlham Əliyev, müdafiə naziri Səfər Əbiyev və Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşlər keçirib.

Görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqların hazırki durumu və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Müdafiə naziri Səfər Əbiyev bildirib ki, münaqişənin sülh yolu ilə həlli ücün öncə Ermənistan Azərbaycan torpaqlarından geri cəkilməlidir.

Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Əbiyev BMT və digər beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qərar və qətnamələrini xatırladıb və əks yolun ağır problemlər meydana gətirəcəyini bildirib. O həmsədr ölkələrin daha təsirli tədbirlər görməsini tövsiyə edib.

Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşü isə saat yarımdan çox uzanıb. İcmasının rəhbəri Bayram Səfərov bildirib ki, Qarabağın azərbaycanlı icması öz doğma yurdlarına qayıtmaq istəyir.

Qarabağ icmasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov Qarabağ münaqişəsi barəsində “dondurulmuş münaqişə” terminindən istifadə edilməsi ilə razı olmadığını bildirib. Onun dediyinə görə, işğal edilmiş ərazilər azad edilməzsə, Azərbaycan öz konstitusion ərazisində antiterror əməliyyatlarına başlaya bilər, necə ki, Rusiya Şimali Qafqaz regionunda belə əməliyyatlar keçirir.

Cənab Məmmədov Minsk qrupunun həmsədr dövlətlərini BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Ermənistana təzyiq etməyə çağırıb. “BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaldılması barədə qətnamələrini Ermənistan yerinə yetirməlidir”.

Həmsədr ölkələrin prezidentləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu il iyulun 17-18-də Almatıda yeni görüşünün təşkil edilməsi üçün tapşırıq verib. Ancaq həmsədrlərin Yerevana, Dağlıq Qarabağa və Azərbaycana səfərləri yeni görüşün təşkili üçün bəs etməyib. Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov “Amerikanın səsi” radiosuna bildirib ki, görüşlə bağlı hələ razılıq yoxdur. “Çünki Ermənistan həmsədrlərin ötən ilin dekabrında tərəflərə təqdim etdiyi münaqişənin nizamlanması ardıcıllığını özündə ehtiva edən yenilənmiş Madrid sənədini qəbul etdiyini bildirmir. Azərbaycan isə sənədi qəbul edib”.

O həmçinin bu ilin iyununda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Petrerburq görüşündə hər hansı yeni sənədin müzakirə edilmədiyini deyib. “Sənədləri tərəflərə Rusiya deyil, həmsədrlər təqdim edib. Hazırda tərəflər yenilənmiş Madrid sənədini müzakirə edir”.

XS
SM
MD
LG