Accessibility links

Azərbaycanda ATƏT-in seçki müşahidə missiyası fəaliyyətə başlayıb


Azərbaycanda ATƏT-in seçki müşahidə missiyası fəaliyyətə başlayıb
Azərbaycanda ATƏT-in seçki müşahidə missiyası fəaliyyətə başlayıb

Missiyaya ATƏT-in 11 üzv ölkəsindən 16 beynəlxalq ekspert və 22 uzunmüddətli müşahidəçi daxildir. Ümumilikdə isə parlament seçkilərində ATƏT-in 450 qısamüddətli müşahidəçisi müşahidə aparacaq

Bu gün ATƏT DTİHB (Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu) Azərbaycanda noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidə missiyasını açıq elan edib.

Müşahidə missiyasına Böyük Britaniyanın nümayəndəsi, səfir Odri Qlover (Audrey Glover) rəhbərlik edir. Missiyaya ATƏT-in 11 üzv ölkəsindən 16 beynəlxalq ekspert daxildir. ATƏT DTİHB-nin daha 22 uzunmüddətli müşahidəçisi bu həftənin sonunda ölkənin 11 regionunda fəaliyyətə başlayacaq. Ümumilikdə isə parlament seçkilərində ATƏT-in 450 qısamüddətli müşahidəçisi müşahidə aparacaq. Qısamüddətli müşahidəçilər noyabrın 3-də Bakıya gələcək və noyabrın 5-dən ölkənin bütün regionlarında müşahidələrə başlayacaq.

Xanım Qlover bildirib ki, müşahidə missiyası seçkilərin Kopenhagen öhdəliklərinə uyğunluğunu yoxlayacaq, eyni zamanda Azərbaycanın demokratik standartlarla bağlı digər beynəlxalq öhdəliklərə və milli qanunvericiliyə əməl etməsini qiymətləndirəcək.

“Missiya həqiqi siyasi rəqabətin olmasına xüsusi diqqət yetirəcək. Seçicilərin məlumatlı seçim etmək imkanlarını qiymətləndirəcək və namizədlərin seçkidə bərabər iştirak imkanları ilə bağlı şəraitə diqqət yetirəcək. Biz eyni zamanda, görüşlər və yürüşlər keçirilməsi, namizədlərin mediaya bərabər çıxışının olması şəraitini də qiymətləndirəcəyik”.

Missiyanın rəhbəri bildirib ki, bu, ATƏT-in Azərbaycanda müşahidə etdiyi səkkizinci seçkidir. “Müşahidə missiyası Azərbaycanın ATƏT-in DTİHB-nin seçkilərlə bağlı, xüsusilə 2008-ci il seçkilərindən sonrakı tövsiyələrinin necə yerinə yetirilmə vəziyyətinə diqqət yetirəcəyik. Missiya seçki gününədək iki aralıq hesabat yayacaq. Hesabat müşahidə missiyasının maraq dairəsində olan bütün məsələləri əhatə edəcək ki, seçkilərdən sonrakı gün elan edəcəyimiz ilkin nəticələr təəccüb doğurmasın. Yekun hesabat isə seçkilərdən səkkiz həftə sonra dərc olunacaq”.

Xanım Qlover xatırladıb ki, seçki bir günlük proses deyil, uzunmüddətli demokratik bir prosesdir. “Seçki günü baş verənlər səsvermə və səslərin sayılması ilə bağlı məsələləri əhatə edir. Ancaq, ATƏT-in DTİHB-i sentyabrın 19-da Azərbaycana deputatlığa namizədlərlə bağlı məsələləri öyrənən bir heyət göndərmişdi. Biz seçkilərdən sonrakı prosesləri, eyni zamanda seçki şikayətləri və apelyasiya şikayətlərinə baxılmasını da müşahidə edəcəyik. Qabaqcadan xatırladım ki, müşahidə missiyası Azərbaycana hər hansı gizli gündəlik və ya əvvəlcədən formalaşdırılmış təəssüratlarla gəlməyib. Biz tamamilə tərəfsizik və faktların üzə çıxarılmasına çalışacağıq”.

Missiyanın rəhbəri eyni zamanda deyib ki, bu ilin iyununda ATƏT-in DTİHB-nin ehtiyacların qiymətləndirilməsi missiyası Azərbaycanda işləyib. “Həmin missiyanın hesabatında müxtəlif məsələlər qaldırılıb. Bizim missiyamız həmin məsələlərin yerinə yetirilib - yetirilməməsinə xüsusi diqqət verəcək. Buraya seçki kampaniyası tədbirləri, seçkilərə məsul qurumlar və hökumət qurumlarının işi, seçki qanunvericiliyinin həyata keçirilməsi, mətbuatın durumu, seçkilərlə bağlı mübahisələrin həlli və bütövlükdə seçicilərin seçkilərə olan inamı daxildir”.

O hesab edir ki, qanunvericiliyin icrası qanunun özü qədər vacibdir. “Qanunun həyata keçirilməsi qanunun aliliyini əsas götürən siyasi iradədən asılıdır. Hamı bu seçkilərin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunun fərqindədir”.

Xanım Qlover jurnalistlərin suallarının cavabında deyib ki, ölkədə bundan öncəki seçkilərdə müəyyən irəliləyişlər olsa da, DTİHB-nin bütün tövsiyələri hələ yerinə yetirilməyib. “Müşahidə missiyası seçki administrasiyalarının siyasi tərkibinə, sərbəst toplaşmaq azadlığına, o cümlədən Bakının mərkəzində mitinqlər keçirilməsinə xüsusi diqqət yetirəcək. Bir jurnalistin və iki blogerin həbsxanada saxlanılmasını narahatedici amil hesab edirik. Azad media demokratik seçkilərin mühüm komponentidir və biz vəziyyəti diqqətlə izləyəcəyik”,- deyə o qeyd edib.

Xatırladaq ki, bu il iyunun 21-24-də Nikolas Kajarovski və seçkilər üzrə baş mütəxəssis Conatan Stounstritin rəhbərlik etdiyi ATƏT DTİHB-in Qiymətləndirmə Missiyası Bakıda səfərdə olub.
Missiyanın hesabatında deyilir ki, seçkilərin texniki təşkili üzrə tədbirlər görülsə də, Azərbaycan hələ də demokratik seçki mühitinin yaxşılaşdırılmasında çətinliklər yaşayır.
“Siyasi partiyaların Bakının mərkəzində mitinq keçirməsinə müntəzəm olaraq icazə verilməməsi ilə əlaqədar toplaşma azadlığı faktiki olaraq məhdudlaşdırılıb. Jurnalistlərin həbsi, diffamasiya üzrə məhkəmə prosesləri, mətbuat nümayəndələrinə qarşı digər basqı formaları mətbuat azadlığını məhdudlaşdırır və seçki prosesi üçün səciyyəvi olan ideyaların azad ifadə edilməsi üçün əlverişsiz şərait yaradır”.
Hesabatda seçki qanunvericiliyi də qiymətləndirilir. Xüsusən, seçkiqabağı təşviqat dövrünün 60 gündən 23 günə qədər azaldılması mənfi qiymətləndirilir.
Seçki komissiyalarının formalaşdırılması düsturu da mübahisəli olaraq qalır. “Təcrübədə bu, hökumətyönümlü qüvvələrə həlledici çoxluq verir və seçki administrasiyasının qərəzsizliyinə xələl gətirir”, - deyə sənəddə vurğulanır.

XS
SM
MD
LG