Accessibility links

Azərbaycanda korrupsiyanın səviyyəsi azalmayıb


Azərbaycanda korrupsiyanın səviyyəsi azalmayıb
Azərbaycanda korrupsiyanın səviyyəsi azalmayıb

Respondentlər daha çox korrupsiyaya uğrayan strukturlar kimi polis, dövlət qulluqçuları, təhsil sistemi, məhkəmələrin adını çəkib. Rəyi soruşulanların 47%-i son 12 ayda rüşvət verdiyini etiraf edib

Bu gün dünyada Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə günü qeyd edilir. “Transparency International” beynəlxalq təşkilatı «Qlobal korrupsiya barometri» adlı hesabatını açıqlayıb. Hesabat dünyanın 86 ölkəsində 91500 respondent arasında bu il iyulun 1-dən sentyabrın 30-dək keçirilən korrupsiyanın vəziyyəti barədə sorğunun nəticələrinə əsasən tərtib edilib.
Azərbaycandakı sorğunun nəticələrinə görə, respondentlərin 52%-i son 3 ildə korrupsiyanın artdığını, 28% -i azaldığını, 20% -I sabit qaldığını bildirib. Respondentlər daha çox korrupsiyaya uğrayan strukturlar kimi polis, dövlət qulluqçuları, təhsil sistemi, məhkəmələrin adını çəkib. Rəyi soruşulanların 47%-i son 12 ayda rüşvət verdiyini etiraf edib.
Ümumi siyahıda Azərbaycan korrupsiya səviyyəsinin 30-49% olan ikinci qrupa daxil edilib. Ermənistanda korrupsiya daha azdır – 20-29%, Gürcüstanda isə 6%-dir. Bu ölkələr müvafiq olaraq 3-cü və 5-ci qrupa daxildir.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov “Amerikanın səsi” radiosuna müsahibəsində ölkədə korrupsiyanın səviyyəsinin yüksək olaraq qaldığını bildirib.

Onun fikrincə, korrupsiyaya qarşı mübarizə qanunvericilik aktları ilə kifayətlənir. “Korrupsiyaya qarşı effektiv mübarizə aparılmır. Effektiv mübarizə yalnız hüquqi məsuliyyətə cəlb etmə yolu da deyil. Bu sahədə maarifləndirmədən başlayaraq işlək mexanizmi olan nəzarət sisteminədək kompleks işlər görülməlidir”, - deyə ekspert qeyd edib.

O hesab edir ki, korrupsiyanın səviyyəsinin aşağı salınması üçün ilk öncə məmurların gəlirlərinin bəyannaməsi tərtib edilməlidir. “Bu sahədə ölkə rəhbərinin siyasi iradəsi cəmiyyətin iradəsinə arxalanmalıdır. Amma, Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı bütün hərəkətlər məmur etirazı ilə qarşılaşır”, - deyə cənab Mövsümov bildirib.

XS
SM
MD
LG