Accessibility links

Azərbaycanda siyasi və Facebook fəalı narkomaniya ittihamı ilə həbs olunub


Azərbaycanda siyasi və Facebook fəalı narkomaniya ittihamı ilə həbs olunub
Azərbaycanda siyasi və Facebook fəalı narkomaniya ittihamı ilə həbs olunub

Gənclər təşkilatları iqtidara qarşı hədə tonunda çıxış edib. Gənc fəalın hüquqlarını müdafiəsi üçün etiraz aksiyaları keçiriləcək.

AXCP Gənclər təşkilatının fəalı Cabbar Savalan Sumqayıt şəhərində polis tərəfindən saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri istehlak miqdarından artıq çəkidə saxlama ittihamı ilə cinayət işi açılıb. Siyasi fəalı üç ilədək həbs cəzası gözləyir.

Gənclər Təşkilatları cənab Savalanın həbsini siyasi adlandırıb. O Facebook-da fəaldır və hökumət liderlərinə etiraz ifadə olunan şəkillər yerləşdirib.

AXCP Gənclər təşkilatının sədri Əbülfəz Qurbanlı Cabbar Savalanın narkotikə meylli olmadığını bildirib. “Cənab Savalan siyasi baxışlarına və fəaliyyətinə görə təqib olunub. Belə ki, müxalifətin 20 yanvar günü Şəhidlər xiyabanını ziyarət etməsi zamanı Savalan polisin müdaxiləsinə qarşı fəal etiraz edib. Bundan sonra gənc izlənilib”.

Cənab Qurbanlı gənc fəalın hüquqlarının aktiv müdafiə kampaniyası keçiriləcəyini deyib. “Gənclər fevralın 11-i və 14-nə təyin etdiyi aksiyaları təxirə salmayacaq”.

Gənc fəal Seymur Həziyev siyasi gəncliyi mövcud iqtidarı daha sərt tənqid etməyə və həbsdə olan gənclərin hüquqlarını müdafiəyə səsləyib. “Cabbar Savalan məhz, ölkə başçısını tənqid etdiyinə görə həbs edilib”.

“Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid bütün müxalifət təşkilatlarının birləşərək narazı elektoratın iştirakı ilə aktiv mübarizə aparmasının vacibliyini deyib. O Tunis və Misirdəki kimi Azərbaycanda da qəzəb mübarizəsinin başlanacağına inanır.

AXCP Gənclər təşkilatının sədr müavini Ramil Qafarov sərt tənqidi hədə fonunda danışıb. “İqtidar son seçkilərdən sonra sürətlə fəallaşan siyasi gəncliyi susdurmaq istəyir, ancaq sonda özü susmalı olacaq”.

Müsavat Partiyasının Gənclər təşkilatı müdafiə komitəsinə qoşulduğunu bəyan edib.

Müsavat Gənclər təşkilatının sədri Tural Abbaslı siyasi fəalın həbsinin gənclərin aktiv mübarizəsi üçün qığılcım olduğunu bildirib. “Gənclik sonadək mübarizədə davamlı olmalıdır”.

Gənc yazar Natiq Əbilov Cabbar Savalana qarşı irəli sürülən ittihamın uydurma və siyasi olduğunu sübutlarla əsaslandırıb.

Gənclər bu həftə ərzində Bakıda və Sumqayıtda etiraz aksiyaları keçirmək barədə razılığa gəlib. Ancaq aksiyanın vaxtı və yeri barədə məlumat verilməyib.

Bu günVətəndaş Həmrəyliyi Partiyasının gənclər təşkilatı da Xalq Cəbhəsi Partiyasının gənc fəalı Cabbar Savalanlının həbsini pisləyən bəyanatla çıxış edib. Sənəddə cənab Savalanlının hüquqlarının müdafiəsi üçün lazım olan bütün hüquqi tədbirlərə əl atılacağı bildirilir.

XS
SM
MD
LG