Accessibility links

Azərbaycanda tənqidçi jurnalist oğurlanaraq döyülüb


Azərbaycanda tənqidçi jurnalist oğurlanaraq döyülüb

Azərbaycanda tənqidçi jurnalist oğurlanaraq döyülüb

Müxalifyönümlü Azadlıq qəzetinin müxbiri Ceyranbatan qəsəbəsində oğurlanıb. İki saatdan çox fiziki təzyiqlər edildikdən sonra, əlləri bağlı halda atılıb.

Şənbə günü gecə saatlarında müxalifyönümlü Azadlıq qəzetinin müxbiri Seymur Həziyev naməlum şəxslər tərəfindən oğurlanıb və döyülüb.

Müxbir işdən evə qayıdarkən Bakı şəhərinin 15 kilometrliyində yerləşən Ceyranbatan qəsəbəsində oğurlanıb.

Seymur Həziyev bildirib ki, onu yaşadığı Ceyranbatan qəsəbəsinin girişində saxlayıblar. “Əl-qolumu bağladılar, başıma torba keçirdilər, 20-25 dəqiqə ərzində naməlum istiqamətə hərəkət etdilər. Bu adamlar etdikləri vəhşilikləri telefon kamerasına çəkdilər. Ağıllı ol, camaat necə yaşayırsa, sən də elə yaşa, - deyə mənə məsləhətlər verdilər. Sonra isə məni bir yerə gətirib əlibağlı vəziyyətdə atıb gediblər. Yaxından keçən bir nəfərin yardımı ilə aydın edə bildim ki, atıldığım yer Binəqədi kəndidir”.

O bildirib ki, bu şəxslər onun iki mobil telefonunu götürüb, şəxsi

kompüterinin bazasını, çantasını yoxlayıb.

Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid bildirib ki, bu insanlar əsasən iqtidarı kəskin yazıları ilə tanınan jurnalisti məhz, hansı yazısına görə cəzalandırdıqlarını deməyiblər. “Bu vəhşilik, qaba davranışdır. Jurnalist siyasi sifarişlə oğurlanıb cəzalandırılıb. Eyni zamanda, bu hadisə insan oğurluğu, terrordur”, - deyə o qeyd edib.

Hüquq-mühafizə orqanları faktla bağlı hər hansı mövqe bildirməyib. Hazırda Azərbaycanda bayram günləri olduğundan rəsmi strukturlar istirahət edir.

Xatırladaq ki, son dörd ildə jurnalistlərin oğurlanaraq döyülüb, hədələnməsi hallarına rast gəlinmirdi. Ancaq, dörd il öncəyədək tənqidi jurnalistlərin oğurlanması, başına torba salınması, hədələnmısi, fiziki üsullarla cəzalandırılması, ayaqlarının üzərindən avtomobil sürülməsi, hətta oğurlanaraq Naxçıvana aparılması halları baş vermişdi. İndiyədək, jurnalistlərə qarşı belə cəza üsulları tətbiq edən şəxslərdən biri belə hüquq-mühafizə orqanları tərəfindən aşkar edilərək cəzalandırılmayıb. Əksinə, tənqidi jurnalistlər müxtəlif üsullarla həbsə məhkum edilib.

XS
SM
MD
LG