Accessibility links

Azərbaycanla Avropa İttifaqı arasında Assosiasiya Sazişləri üzrə danışıqlar başlayıb


Azərbaycanla Avropa İttifaqı arasında Assosiasiya Sazişləri üzrə danışıqlar başlayıb
Azərbaycanla Avropa İttifaqı arasında Assosiasiya Sazişləri üzrə danışıqlar başlayıb

Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Assosiasiya Sazişləri üzrə danışıqlar başlayıb. Danışıqlara Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Avropa İttifaqı tərəfindən Avropa İttifaqının danışıq qrupunun rəhbəri Cohn Krayer rəhbərlik edir.

Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Assosiasiya Sazişləri üzrə danışıqlar başlayıb. Danışıqlara Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Avropa İttifaqı tərəfindən Avropa İttifaqının danışıq qrupunun rəhbəri Cohn Krayer rəhbərlik edir.

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Assosiasiya Sazişi üzrə danışıqlar dörd istiqamət üzrə aparılır. Birinci istiqamət siyasi dialoq, təhlükəsizlik, xarici siyasət məsələlərini, ikinci istiqamət ədliyyə, demokratiya, insan haqları məsələlərini, üçüncü istiqamət iqtisadiyyat, sosial-humanitar məsələləri, dördüncü istiqamət isə ticarət məsələlərini əhatə edir.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya Sazişini çox müsbət qarşılayır. Hesab edirik ki, bu sazişin imzalanması ölkədə islahatların daha da dərinləşməsinə təkan verəcək. Onun fikrincə, sazişdə siyasi təhlükəsizlik və təhsil sahələrinə daha geniş yer verilməlidir.

Cənab Məmmədquliyev həmçinin deyib ki, Azərbaycan Avropa İttifaqına “Müasirləşmə haqqında” sənədin imzalanmasını da təklif edib. “Azərbaycan bu sənədi yaxın zamanda Avropa İttifaqına təqdim edəcək”.

Avropa İttifaqının danışıq qrupunun rəhbəri Cohn Krayer bildirib ki, Assosiasiya Sazişi ilə bağlı Cənubu Qafqazda danışıqların eyni vaxtda başlaması əməkdaşlıqda yeni mərhələnin başlanğıcıdır. “Sənəd iqtisadi, ticarət, bazar iqtisadiyyatının genişləndirilməsi, yaxşı idarəçilik, demokratiya sahəsində Azərbaycan və regionla əməkdaşlığın inkişafına təkan verəcək”, - o qeyd edib.
O, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbulunu arzuladığını diqqətə çatdırıb: “Bu əməkdaşlıqda mühümdür”.
Avropa İttifaqının vitse prezidenti Katerin Aştonun bu gün yayılmış bəyanatında deyilir ki, Ermənisan, Azərbaycan və Gürcüstan Aİ ilə öz əlaqələrini intensivləşdirməyə aydın can atır. “Mən şəxsən əminəm ki, hazırkı hərtərəfli Assosiasiya Sazişi tək siyasi əlaqələrə deyil, eləcə də iqtisadi imkanlar, Avropa İttifaqından olan insanlarla daha asan əlaqələrin qurulması, ətraf mühit kimi məsələlər baxımından insanların həyatına müsbət təsir göstərəcək. Bu saziş yerli islahatlarda katalizator rolunu oynayacaq, əlavə cəhdlər göstərmək üçün zəruri olan əsas qurumlara resursların istiqamətlənməsində yardım edə biləcək."

Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle hesab edir ki, Assosiasiya Sazişləri Ermənistan, Azərbaycan və Gürcüstanla Avropa İttifaqının əlaqələrində yeni hüquqi təməl yaradacaq. “Assosiasiya Sazişlərinin əsas məqsədi Avropa İttifaqı ilə Cənubi Qafqaz ölkələri arasında daha yaxın siyasi assosiasiyaya və tədrici iqtisadi inteqrasiyaya nail olmaqdır", - deyə o bildirib.

Avropa İttifaqı iyulun 15-də Gürcüstanda, iyulun 16-da Azərbaycanda və iyulun 19-da Ermənistanda Assosiasiya Sazişləri üzrə danışıqlara başlayır. Danışıqlar prosesi fərdi xüsusiyyətlər, fərqliliklər, şərtlər və birgə iştirak prinsipləri, eləcə də tərəflərin demokratiya, qanunun aliliyi və insan hüquqlarına hörmət, yaxşı idarəçilik daxil olmaqla birgə dəyərlərə və prinsiplərə dair güclü öhdəlik götürmələri ilə istiqamətləndiriləcəkdir.

Avropa İttifaqı hazırda Ukrayna və Moldova ilə də oxşar Assosiasiya Sazişləri ətrafında danışıqlar aparmaqdadır.

Avropa Qonşuluq Siyasəti Avropa İttifaqının onun cənub və şərq qonşuları ilə olan əlaqələrini istiqamətləndirir. 2009-cu ildə Avropa ittifaqı Avropa Qonşuluq Siyasəti çərçivəsinin Şərq Tərəfdaşlığına başlayıb. Məqsəd şərqdəki altı qonşu ilə ikitərəfli əməkdaşlıq xətti, viza və mobillik məsələlərində tərəqqi əldə olunmaqla azad ticarət sahələri ilə Assosiasiya Sazişlərinin imzalanmasıdır.

XS
SM
MD
LG