Accessibility links

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı müzakirə keçirilib


Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı müzakirə keçirilib
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı müzakirə keçirilib

Çıxışlarda Azərbaycanın ÜTT-yə qəbulunun alternativi olmadığı bildirilib. Amma, rəsmilər danışıqların Azərbaycanın inkişaf etməkdə olan ölkə kimi ÜTT-yə qəbul olunması ətrafında aparıldığını diqqətə çatdırıb

Bakıda Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəyi ilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü: Beynəlxalq təcrübə” mövzusunda konfrans keçirib. Forumda Azərbaycan Xarici İşlər, İqtisadi İnkişaf nazirliklərinin, beynəlxalq təşkilatların, yerli qeyri - hökumət təşkilatlarının nümayəndələri və biznesmenlər iştirak edib.

Çıxışlarda Azərbaycanın ÜTT-yə qəbulunun alternativi olmadığı bildirilib. Amma, rəsmilər danışıqların Azərbaycanın inkişaf etməkdə olan ölkə kimi ÜTT-yə qəbul olunması ətrafında aparıldığını diqqətə çatdırıb.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, Azərbaycan üzv olarkən elə öhdəliklər götürməlidir ki, iqtisadiyyatın şaxələnməsinə, qeyri-neft sektorunun inkişafına və rəqabətliliyin artmasına təkan versin. “Biz, Azərbaycanın ÜTT-yə inkişaf etməkdə olan ölkə statusunda qəbul edilməsini istədiyirik”.

Nazir müavini həmçinin danışıqlar prosesinin müsbət nəticələrinin olduğunu da xatırladıb. “Azərbaycan ÜTT-yə qəbul prosesini daha da gücləndirib. Artıq 20-dən çox qanunvericilik aktı bu təşkilatın normalarına uyğunlaşdırılıb və proses davam etdirilir. İqtisadi İnkişaf, Kənd Təsərrüfatı nazirliklərində, Dövlət Standartlaşdırma və Metrologoya Komitəsində sual-cavab xidmətləri fəaliyyətə başlayıb”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda maraqlıdır və ölkənin əsas partnyorlarındandır. “Azərbaycan Avropa İttifaqının ticarət partnyorları sırasında 39-cu yeri tutur, Azərbaycanın idxalının 40 faizi isə Avropa İttifaqı ölkələrinin payına düşür. Azərbaycanın ÜTT-yə qəbulu ölkənin Avropa İttifaqı ölkələri bazarına rüsumsuz çıxışını təmin edə bilər. Bu isə öz növbəsində yerli iqtisadiyyatın inkişafına təkan verəcək. Ölkə neft sektorunda xarici şirkətlərlə uğurlu əməkdaşlıq edir və bu sahədə şəffaflıq təmin olunub. ÜTT-yə qəbul iqtisadiyyatın digər sahələrinə də rəqabətlilik və şəffaf bazar mühiti gətirə bilər. Səudiyyə Ərəbistanı ÜTT-yə daxil oldu, ümumi daxili məhsulu və ticarət dövriyyəsi artdı”.

O eyni zamanda deyib ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının ikinci mərhələsi ilə bağlı Azərbaycana iki təklif irəli sürülüb. “Birinci təklif Assosiativ üzvlükdür. İkinci təklif isə azad ticarət sazişidir. Biz Azərbaycanın azad ticarət sazişini imzalamasını istəyirik. Bu isə ölkənin ÜTT-yə üzvlüyündən sonra mümkündür. Azad ticarət sazişi Avropa İttifaqının bütün ölkələrinə azad və rüsumsuz çıxış deməkdir”.
Xarici İşlər nazirliyinin əməkdaşı Selcan Verdiyeva Azərbaycanın artıq ikitərəfli və üçtərəfli danışıqlarda nailiyyətləri olduğunu deyib. “Hazırda Azərbaycan Amerika, Norveç, İsveç, Yaponiya ilə danışıqları davam etdirməkdədir”.

Müzakirələrdə qeyri-hökumət təşkilatlarının və biznes qurumlarının ÜTT-yə qəbul prosesində rolunun artırılmasının vacibliyi qeyd olunub. Beynəlxalq ekspert Vüqar Bayramov ölkənin tez bir zamanda ÜTT-yə üzvlüyünü vacib sayır. “Azərbaycanın üzvlüklə bağlı danışıqlar prosesi 13 ildir uzanır. Vaxt keçdikcə ÜTT-yə qəbulun şərtləri də çətinləşir. Hazırda Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramında 6 ölkə iştirak edir. Onlardan yalnız Belarus və Azərbaycan ÜTT-nin üzvü deyil”.

XS
SM
MD
LG