Accessibility links

Eurovision-un final şousunun açılışında qonaqlar Bakı buxtasındakı atəşfəşanlıqla qarşılanacaq

Mayın 26-da yerli vaxtla saat 00.00-da “Baku Crystal Hall”da “Eurovision 2012” mahnı müsabiqəsinin finalı başlayacaq. Eurovision-un rəsmi saytının məlumatına görə, mahnı müsabiqəsi 2012-nin final şousunun açılışında qonaqlar Bakı buxtasındakı atəşfəşanlıqla qarşılanacaq. Şouda ilk olaraq balabanın səsi ilə muğamat sintez olunacaq. Səhnədəki muğamı ustad sənətkar Alim Qasımov ifa edəcək. Daha sonra səhnəyə milli rəqqaslar və "Natiq" ritm qrupu çıxacaq.

Finalda aşağıdakı sıra üzrə 26 ölkə çıxış edəcək: Böyük Britaniya, Macarıstan, Albaniya, Litva, Bosniya və Herseqovina, Rusiya, İslandiya, Kipr, Fransa, İtaliya, Estoniya, Norveç, Azərbaycan, Rumıniya, Danimarka, Yunanıstan, İsveç, Türkiyə, İspaniya, Almaniya, Malta, Makedoniya, İrlandiya, Serbiya, Ukrayna və Moldova.

İndi isə Eurovision rəsmi saytının bu müsabiqə ilə bağlı dərc etdiyi maraqlı məlumatları diqqətinizə çatdırıram.

56 illik tarixə malik olan və bu günədək fasiləsiz keçirilən Eurovision mahnı müsabiqəsi bir çox maraqlı faktlarla yadda qalıb.

Avropanın ən nüfuzlu mahnı yarışması - Eurovision mahnı müsabiqəsi Avropa Yayımları Birliyi (EBU) tərəfindən üzv ölkələr arasında təşkil edilir. EBU belə bir müsabiqəni keçirməklə Avropa məkanında estrada musiqisinin inkişafı, televiziyalar arasındakı proqram mübadiləsinin intensivləşməsi, yayımçılıq sahəsindəki texniki əlaqələrin inkişaf etdirilməsi və ən əsası ortaq mədəniyyət mühitinin yaradılması kimi məqsədləri qarşısına qoyub.

İlk dəfə 1956-cı il mayın 24-də İsveçrənin Luqano şəhərindəki “Kuursaal teatro”da keçirilən bu yarışmada 7 ölkə - Niderland, İsveçrə, Belçika, Almaniya, Fransa, Lüksemburq və İtaliya təmsil olunub. Müsabiqənin ilk qalibi İsveçrə təmsilçisi Lis Assia (Lys Assia) seçilib. Müğənniyə qalibiyyəti “Refrain” adlı mahnı qazandırıb.

Bu günədək müsabiqədə 1100-dən çox mahnı ifa edilib. Eurovision səhnəsində ifa qaydalarına əsasən fonoqram qadağandır. Təmsilçilərin əksəriyyətinin mahnılarını ingilis dilində ifa etməyi üstün tutmasına baxmayaraq, qaydalara görə mahnı istənilən dildə oxuna bilər.

Ümumiyyətlə, Eurovision mahnı müsabiqəsi ötən illərdə saysız-hesabsız maraqlı faktlarla yadda qalıb.

Müsabiqədə bu illər ərzində ən çox qalibiyyəti İrlandiya əldə edib. Bu ölkə müsabiqədə 7 dəfə - 1970, 1981, 1987, 1992, 1993, 1994 və 1996-cı illərdə birincilik qazanıb. Göründüyü kimi bunların 3-ü ardıcıl qələbə olub. Buna baxmayaraq İrlandiya heç bir zaman Eurovision mahnı müsabiqəsinə ev sahibliyindən imtina etməyib.

Böyük Britaniya, Fransa və Lüksemburq da ən çox qalib olan ölkələr kimi müsabiqənin tarixinə düşüb. Bu ölkələrin hər biri 5 dəfə, İsveç və Niderland isə 4 dəfə birincilik qazanıb.

Müsabiqədə İrlandiya ən çox qalib gələn ölkə olsa da, yarışmaya ən çox Böyük Britaniya ev sahibliyi edib. Digər qalib ölkələr müsabiqəni keçirməkdən imtina etdikdə belə Böyük Britaniya yarışmada ev sahibi olub. 1960, 1963, 1968, 1972, 1974, 1977, 1982 və 1998-ci illərdə müsabiqəsinin ev sahibi olan Böyük Britaniya yarışmanı 5 dəfə öz qələbəsi, 3 dəfə isə digər ölkənin əvəzindən keçirib.

Diqqət çəkən digər məqam: müsabiqədə Portuqaliyanın 45 dəfə, Kiprin 29 dəfə, Malta və İslandiyanın 24 dəfə iştirak etməsinə baxmayaraq bu ölkələr hələ də qalib olmayıb. Ümumiyyətlə isə 25 ölkə müsabiqə tarixində öz qələbəsini gözləməkdədir.

Eurovision mahnı müsabiqəsinin ən gənc qalibi 1986-cı ildə 13 yaşlı Belçika təmsilçisi Sandra Kim hesab edilir. Müsabiqəyə 53 dəfə qatılan Belçikaya yeganə qələbəni məhz italyan mənşəli Sandra Kim gətirib. Hazırkı qaydalara əsasən isə Eurovision mahnı müsabiqəsində təmsilçinin yaşı 16-dan yuxarı olmalıdır.

Müsabiqədə ən çox Almaniya (55 dəfə), ən az isə Mərakeş (1 dəfə) iştirak edib. Yarışmada ilk debütünü 1980-ci ildə edən Mərakeşin təmsilçisi Samira Bensaid o zaman 7 səs qazanmışdı. Müsabiqə tarixində maraqlı məqamlardan biri də EBU üzvlərindən bir neçə ölkənin - İordaniya, Livan, Əlcəzair, Misir, Liviya və Tunis müsabiqədə iştirak etmək hüququna malik olsa da, heç vaxt iştirak ərizələri verməməlidir. Livan 2005-ci ildə müsabiqədə iştirak üçün ərizə versə də sonradan geri götürüb.

Daha çox ənənəvi pop ifaçılarının qatıldığı müsabiqədə Finlandiyanın “Lordi” rok qrupunun qalib gəlməsi də maraqlı faktlardan sayılır. Qrup “Hard Rock Hallelujah” mahnısı və qeyri-adi görkəmləri ilə Avropa ictimaiyyətinin rəğbətini qazanmağı bacarıb. Müsabiqə ərəfəsində ölkəsində səhnə görkəminə görə böyük qınaq obyektinə çevrilən “Lordi” Finlandiyaya qalib dönüb.

Mahnı müsabiqəsinin ən məşhur musiqi qrupu isə əlbəttə ABBA-dır. 1974-cü ildə Böyük Britaniyada keçirilən müsabiqədə "Waterloo" mahnısı ilə İsveçi təmsil edərək qələbə qazanan ABBA bütün zamanların ən uğurlu qruplarından biri olub.

Selin Dion (Celine Dion) müsabiqənin digər fəxr ediləsi qaliblərindəndir. Yarışmanı 1988-də “Ne partez pas sans moi” parçası ilə qazanan Selin Dionun bu qələbəsi karyerasına təkan verib.

Müsabiqə Fransa təmsilçisi, məşhur müğənni Patrisiya Kaas, Lara Fabian, Ajda Pekkan, Alla Puqaçova kimi tanınmışların iştirakı ilə də yadda qalıb.

Müsabiqənin yayımından əvvəl və sonra səsləndirilən musiqi parçası - “Eurovision himni” isə fransız bəstəkarı Mark Antuan Şarpantyenin (Marc Antoine Charpentier) "Te Deum" əsərinin müqəddiməsidir.

Almaniyalı Ralf Ziqel (Ralph Siegal) bəstəkar və mətn yazarı kimi Eurovisiona daha çox iştirakçı kimi düşüb. O, müsabiqədə 19 dəfə iştirak edib.

Bu müddət ərzində müsabiqədə ən çox bal toplayan təmsilçi 2009-cu ildə Norveçi təmsil edən Aleksandr Rıbak olub. “Fairytale” mahnısı ilə milyonların ürəyini fəth edən müğənni 387 bal toplayaraq rekord göstərici ilə müsabiqə tarixinə düşməyi bacarıb.

2008 və 2011-ci illər isə daha çox iştirakçı ölkə ilə yadda qalıb. Həmin illərdə Eurovision mahnı müsabiqəsində 43 ölkə təmsil olunub.

XS
SM
MD
LG