Accessibility links

Balakəndə narkoticarətlə məşğul olan mütəşəkkil dəstə tutulub


Narkotik əməliyyatı

Narkotik əməliyyatı

Azərbayacan daxili işlər orqanları mütəşəkkil dəstələr tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Balakən rayonunda (Bakıdan 430 kilometr şimal-qərb) xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Rayon Polis Şöbəsi külli miqdarda narkotik vasitələrin ölkəyə gətirilməsi, alqı-satqısı və narkotərkibli bitkilərirn kultivasiyası ilə məşğul olan 9 nəfərdən ibarət cinayətkar dəstənin üzvlərini saxlayıb. Balakən sakinləri olan bu şəxslərin 2-si əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.

Onların üzərlərinə və yaşadıqları mənzillərə baxış zamanı 2 avtomat, 1 “TOZ-8” tüfəngi, 2 tapança, 1 qaz tapançası, alışqanları ilə birlikdə 8 əl qumbarası, 70-ə yaxın müxtəlif çaplı patron və digər silah-sursat, eyni zamanda,9,2 kiloqram marixuana və aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş 1800 ədəd çətənə kolu götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və başqa cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Yerli əhalinin dediyinə görə, saxlanılanlar arasında hətta regionda narkotik qaçaqmalçılığında adı hallanan tanınmış şəxslər var.

Mütəşəkkil dəstələrin zərərsizləşdirilməsini yerli əhali rəğbətlə qarşılayıb.

“Nəhayət, rayon əhalisini “zəhərləyənlər” tutuldular. Həbsdən buraxmasalar yaxşı olar”, - yerli sakinlərdən biri Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG