Accessibility links

Bəhreyndə dörd amerikalı jurnalist həbs olunub


Bəhreyn polisi beş il öncə ölkədə baş verən və rəsmilər tərəfindən yatırılan etiraz aksiyalarının ildönümünə həsr edilmiş xəbər hazırayan dörd amerikalı jurnalistini həbs edib.

Polisin bəyanatında üç kişi və bir qadından ibarət dörd jurnalistin ölkəyə ötən həftə turist adı ilə daxil olduqları bildirilir. Bundan əlavə, bəzilərinin isə əlaqədar orqanlardan xəbərsiz olaraq jurnalist fəaliyyəti apardığı, qanunsuz fəaliyyətlə məşğul olduqları bildirilir.

Bu qanunsuz fəaliyyətlərlə bağlı heç bir məlumat verilməsə də, Bəhreynin dövlət xəbər agentliyi polisə istinadən dörd jurnalistin “Bəhreynə qanunsuz şəkildə daxil olmaq, sərhəd işçilərinə səhv məlumat təqdim etmək və qanunsuz yığınacaqlarda iştirak etmək” kimi əməllərə görə həbs olunduqlarını bildirib.

Jurnalistlər Sitrada həbs olunub

Kimlikləri açıqlanmayan jurnlistlər bazar günü şiə şəhəri Sitrada etirazçılar və təhlükəsizlik qüvvələri arasındakı qarşıdurma zamanı həbs edilib. Polis jurnalistlərdən birinə “maska taxıb, Sitradakı digər üsyançılarla birlikdə polisə hücum etməkdə” ittiham edib.

Bəhreyn Xəbər Agentliyi təhqiqat aparıldığı müddətdə jurnlistlərin “tam hüquqları ilə təmin olunduğunu” və işin dövlət prokuroruna yönləndirildiyini bildirib.

ABŞ-ın Bəhreyndəki səfirliyi həbslərdən xəbərdar olduğunu, lakin bununla bağlı heç bir məlumat veə bilməyəcəyini deyib.

Ölkə əhalisinin əksəriyyətinin təşkil edən şiə müxalifəti 2011-ci ildə digər Ərəb ölkələrindəki demokratiya hərəkatı ərəfəsində baş verən üsyandan bəri etirazları davam etdirir.

Etirazçılar demokratik islahatların aparılmasını və Bəhreynin sünni idarəçiləri tərəfindən həyata keçirilən diskriminasiyaya son qoyulmasını tələb edir.

ABŞ-ın mühüm müttəfiqi olan Bəhreyn Birləşmiş Ştatların Beşinci Donanmasına ev sahibliyi edir. Bundan əlavə isə Bəhreyn ABŞ-ın başçılığı ilə İslam Dövləti yaraqlı qrupuna qarşı hava hücumları aparan koalisiyanın bir hissəsidir.

XS
SM
MD
LG