Accessibility links

BMT ekspertləri: Azərbaycanda beynəlxalq normalara cavab verən nümayişlərin keçirilməsinə icazə verilməlidir


un

un

BMT ekspertləri Azərbaycanla bağlı bəyanatla çıxış edib

BMT-nin insan hüquqları sahəsində ekspertləri Azərbaycan hökumətini 9 oktyabr prezident seçkiləri ərəfəsində hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyəti təşkilatlarının işini dəstəkləməyə çağırıblar. Bu barədə Turan agentliyi BMT-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.

BMT ekspertlərinin bəyanatında deyilir ki, BMT-nin assosiasiya və toplaşmaq azadlığı, hüquq müdafiəçilərinin vəziyyəti və fikri ifadə azadlığı məsələləri üzrə xüsusi məruzəçiləri ölkədə “hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin işini məhdudlaşdıran şəraitin yaranmasından” narahatlıqlarını bildiriblər.

BMT ekspertləri bildiriblər ki, sərbəst toplaşmaq azadlığı haqqında qanuna 2012-ci ildə qəbul edilmiş dəyişikliklər dinc toplaşmaq hüququ üzrə mövcud məhdudiyyətləri sərtləşdirib, o cümlədən toplantıların təşkilinə görə cəzaları artırıb.

BMT hüquq müdafiəçilərinin fikrincə, beynəlxalq normalara cavab verən nümayişlərin keçirilməsinə icazə verilməlidir, dinc yığıncaqların iştirakçıları isə hədsiz güc tətbiqinə və həbslərə məruz qalmamalıdır.

Xüsusi məruzəçiləri xüsusi olaraq jurnalistlərin qorxudulması və təqibi, o cümlədən əsassız məhkəmə təhqiqatları narahat edir. Onlar hakimiyyəti 2012-ci il Milli Fəaliyyət Planında bəyan edilmiş böhtana görə cinayət məsuliyyətinin ləğvi niyyətini həyata keçirməyə çağırıblar.

Ekspertlər həmçinin xəbərdarlıq ediblər ki, qrantlar haqqında qanuna son dəyişikliklər hüquq müdafiə təşkilatlarının işini ciddi şəkildə poza bilər.

Onlar qeyd ediblər ki, hüquq müdafiəçilərinə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı tətbiq edilən istənilən məhdudiyyətlər təkcə onların işinə deyil, bütün cəmiyyətə də ziyan vurur, xüsusən, seçkilər kontekstində.

Bəyanatı hüquq müdafiəçilərinin vəziyyəti məsələləri üzrə xüsusi məruzəçi Marqaret Sekaggiya, dinc toplaşmaq və birləşmək azadlığı hüquqları üzrə xüsusi məruzəçi Mayna Kay və əqidə azadlığı və onu azad ifadə etmək hüquqları üzrə xüsusi məruzəçi Frank La Rue imzalayıblar.
XS
SM
MD
LG