Accessibility links

BMT-nin ekspertləri Azərbaycanda qiymətləndirmə aparıb


Biznes və İnsan Hüquqları üzrə BMT-nin İşçi Qrupunun mətbuat konfransı

Biznes və İnsan Hüquqları üzrə BMT-nin İşçi Qrupunun mətbuat konfransı

Biznes və İnsan Hüquqları üzrə BMT-nin İşçi Qrupu 10 gün ölkədə səfərdə olub

Azərbaycanın iqtisadi inkişafı insan hüquqlarına və açıq dialoqa əsaslanmalıdır. insan hüquqları və biznes sahələrindəki vəziyyəti tədqiq etmək üçün Azərbaycana səfər etmiş BMT işçi qrupunun üzvlərinin ortaq fikri belədir.

10 günlük səfər zamanı onlar Bakıda və Gəncədə müxtəlif hökumət, biznes, vətəndaş cəmiyyəti və media qurumlarının nümayəndələri ilə görüşüblər.

Biznes və İnsan Hüquqları üzrə BMT-nin İşçi Qrupunun mətbuat konfransı

Biznes və İnsan Hüquqları üzrə BMT-nin İşçi Qrupunun mətbuat konfransı

Avqustun 27-də ekspertlər mətbuat konfransında gəldikləri ilkin nəticələri paylaşıblar.

Azərbaycanın neft və qaz gəlirləri ölkədə yoxsulluq səviyyəsini xeyli azaltmağa imkan verib. Bununla belə, əhalinin 40%-i aşağı gəlirli vətəndaşlardır.

Mövcud problemlərin həlli və gələcəkdə sosial-iqtisadi irəliləyişə nail olmaq yollarını ekspertlər hakimiyyət, biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə çoxtərəfli dialoqda görürlər.

“Qeyd etmək istərdik ki, son vaxtlar bir neçə QHT bank hesablarının dondurulması, qrantların qeydiyyatından imtina problemləri ilə qarşılaşıblar. Nəticədə bu QHT-lər fəaliyyətlərini dayandırmağa məcbur olublar. Buna səbəb qanunvericiliyin sərtləşməsi olub”, deyə BMT eksperti Pulvan Selvanatan bildirib.

Bu zaman o qeyd edib ki, sözügedən QHT-lər arasında Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün üzvləri də var.

Selvanatan hökuməti qrantların qeydiyyatı prosedurlarının şəffaflığını, qərəzsizliyini, səmərəliliyini və vaxtlı-vaxtında həyata keçirilməsini təmin etməyə çağırıb.

Jurnalistlərin vətəndaş cəmiyyəti fəallarının məhkəmədən əvvəl həbsinin əsaslılığı ilə bağlı şərh vermək xahişinə cavabda Selvanatan deyib ki, istənilən ölkədə qanunun aliliyinin təmin edilməsi vacibdir və buna görə məhkəmə istintaqı yekunlaşana qədər fikir bildirmək istəməzdi.

Öz növbəsində, onun həmkarı Pavel Sulyandziqa qeyd edib ki, vətəndaş cəmiyyətinin məşhur nümayəndələrinin həbsləri narahatlıq doğurur.

“Biz istintaq yekunlaşana qədər şərh verə bilmərik, biz əvvəlcədən bu insanlarla görüşmək barədə razılığa gəlmişdik, amma onlar həbs edildiyi üçün bunu edə bilmədik”, deyə o bildirib.

Görüş başa çatdıqdan sonra ekspert həbs edilmiş 4 fəaldan 3-ü – Leyla Yunus, İntiqam Əliyev və Rəsul Cəfərovla görüş planlaşdırıldığını dəqiqləşdirib.

“Hökumət hüquq müdafiəçilərinin qanuni və dinc fəaliyyəti maneəsiz şəkildə həyata keçirməsini təmin etməlidir”, Sulyandziqa qeyd edib.

BMT ekspertlərinin ilkin rəylərində korrupsiyaya qarşı mübarizədə şəffaflığın təmin edilməsinin əhəmiyyəti vurğulanır. Bununla əlaqədar olaraq kommersiya hüquqi şəxslərinin sahibləri haqqında məlumatların kommersiya sirlərinə aid edilməsi vətəndaş cəmiyyəti və azad mətbuatda narahatlıq doğurur.

Ekspertlər həmçinin bir sıra tövsiyələr irəli sürüblər. Xüsusən, iqtisadiyyatın neft və qazdan asılılığını azaltmaq, qadınların məşğulluğunu yaxşılaşdırmaq, kiçik biznesin inkişafı üçün maneələri aradan qaldırmaq təklif edilir.

“ASAN” xidmətin səmərəliliyini qeyd edən ekspertlər dövlət alqıları üzrə tenderlərin keçirilməsinin, SOCAR-ın gəlirlərinin daha çox şəffaflığını, mülkiyyət hüquqlarının və vətəndaşların evlərindən köçürülməsi zamanı adekvat kompensasiyalar ödənilməsini təmin etməyi tövsiyə edirlər.

Ekspertlərin məlumatına görə, korrupsiya əsasən iqtisadiyyatın ayrı-ayrı sahələrində inhisarlar və şəffaflığın olmaması ilə bağlıdır.

“Dövlət qulluqçularının öz gəlirləri haqqında bəyannamələrinin olmamasın necə qiymətləndirmək olar?” sualına cavabda Sulyandziqa deyib ki, dövlət qulluqçularının bəyannaməsi hökumətin şəffaflığının və ölkənin imicinin mühüm göstəricisidir.

Məruzənin yekun variantı tövsiyələrlə birlikdə 2015-ci ilin iyununda BMT-nin İnsan Hüquqları üzrə Şurasına təqdim ediləcək.

XS
SM
MD
LG