Accessibility links

Beynəlxalq Valyuta Fondu: 2013-cü ildə inflyasiya arta bilər


Beynəlxalq Valyuta Fondunun missiyası

Beynəlxalq Valyuta Fondunun missiyası

BVF tövsiyə edir ki, 2013-cü ildə büdcə kəsiri 40 faizi keçməməlidir

Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

“Azərbaycanda iqtisadi durum müsbətdir”, deyə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzogi bildirib.

Missiyanın səfəri noyabrın 8-dən 20-dək davam edib. Səfər zamanı missiya Azərbaycanın dövlət rəsmiləri və qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşlər keçirib. Görüşlərin məqsədi 2013-cü ilin fevral-mart aylarında IV Maddə üzrə növbəti məsləhətləşmələr missiyasına hazırlıqla bağlıdır.

Missiya rəhbəri bildirib ki, ilin sonunadək Azərbaycanda inflyasiya 3 faiz təşkil edəcək. 2013-cü ildə inflyasiya arta bilər.

“Davamlı dövlət xərcləri və qlobal ərzaq qiymətlərinin bahalaşmasının təsiri ilə əlaqədar 2013-cü ildə inflyasiya yüksələ bilər”.

Onun fikrincə, dövlət xərclərindən geniş şəkildə qaynaqlanan qeyri-neft iqtisadiyyatının artım tempi 2013-cü ildə 8% təşkil edərək, neft hasilatında proqnozlaşdırılan azalmanı artıqlaması ilə kompensasiya edə bilər.
Missiya rəhbəri hesab edir ki, qlobal və regional iqtisadi perspektivlərlə bağlı olan risklərin dinamikası azalmağa meyllidir.

“Lakin geosiyasi vəziyyətlə əlaqədar olaraq dünyada neft təklifi ilə bağlı yüksələn risklər meydana çıxa bilər. İnvestisiyaları prioritetləşdirərək 2012-ci ilin yekunlarına nisbətən 2013-cü ildə qeyri-neft kəsirinin azaldılması makroiqtisadi sabitlik üçün riskləri məhdudlaşdırmağa və qlobal iqtisadiyyatın mümkün pisləşməsi halında siyasətin aparılması üçün qoruyucu ehtiyatları gücləndirməyə kömək edəcək”.

Onun fikrincə, büdcə-vergi çərçivəsini yenidən nəzərdən keçirərək xərclər və neftin cari qiymətləri arasındakı əlaqənin aradan qaldırılması, büdcə-vergi siyasətinin qabaqcadan gözlənilən daha etibarlı edilməsi özəl investisiyaların stimullaşdırılması üçün həlledici əhəmiyyət kəsb edir.

“BVF tövsiyə edir ki, 2013-cü ildə büdcə kəsiri 40 faizi keçməməlidir”.

R.Almarzoqi bildirib ki, BVF neft gəlirlərinin idarə edilməsi və pensiya islahatları sahəsində Azərbaycana texniki yardım göstərməyə hazırdır.

Missiya rəhbəri hesab edir ki, dövlət xərcləri və kredit artımının son dövrdə sürətlənməsi nəticəsində tələblə bağlı təzyiqlər yaranarsa, Mərkəzi Bank pul siyasətini sərtləşdirməli olacaq.
“İqtisadi siyasət alətləri məhduddur, buna görə də məzənnənin daha çevik olması üçün şərait yaratmaqla faiz dərəcəsinin təsirinin ötürülməsi üçün mexanizmin gücləndirilməsi inflyasiya dəyişikliklərinə uzun müddət ərzində daha yaxşı nəzarət etməyə kömək edəcək”.

Onun fikrincə, minimum kapital tələbinin yüksəldilməsi qeyri-işlək kreditlər və kredit itkisi halları üçün nəzərdə tutulan ehtiyatlara dair yeni normativ aktların qəbul edilməsi müsbət olardı.

“Prudensial tədbirlər, xüsusilə istehlak kreditləri sahəsində kreditlərin artım tempini nəzarətdə saxlamağa kömək edə bilər. Hazırlıq işləri aparılsa da, missiya təəssüflə qeyd edir ki, bank sistemi üçün belə həlledici əhəmiyyətli bir zamanda BVF və Dünya Bankının Maliyyə Sektorunun Qiymətləndirilməsinə dair birgə proqramının (FSAP) yenilənməsi yubadılır. Rəsmi orqanlarla razılaşdırılmışdır ki, FSAP 2014-cü ilin əvvəlində keçiriləcək”, - deyə o qeyd edib.

Missiya hesab edir ki, ixracı stimullaşdıra, iş yerləri yarada, diversifikasiyanı dəstəkləyə bilən və aparıcı qüvvəsi rəqabət qabiliyyətli özəl sektor olan qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi üçün dərin struktur islahatlar həlledici əhəmiyyət kəsb edə bilər.

“Yeni gömrük məcəlləsinin tətbiqi, ÜTT-ə üzvlüyün yekunlaşması və rəqabət üçün maneələrin məhdudlaşdırılması neftdən daha az asılı olan yeni iqtisadi artım strategiyasının hazırlanmasında əsas rol oynaya bilər”, deyə R.Almarzoqi bildirib.

O, Amerikanın Səsi radiosunun iqtisadi inkişafa gizli iqtisadiyyatın təsirləri ilə bağlı sualının cavabında deyib ki, BVF bununla bağlı araşdırmalar aparmayıb.

“Amma, gələcəkdə belə qiymətləndirmə aparmaq istəyirik. Bununla yanaşı, proqnozlarımızda gizli iqtisadiyyatla bağlı digər beynəlxalq araşdırmaları nəzərə alırıq”.

Missiya rəhbəri həmçinin iqtisadi islahatların siyasi riskləri barədə sualın cavabında deyib ki, qiymətləndirmə zamanı bu risklər nəzərə alınır.

“Azərbaycan hökuməti də bu sahədə işlər görür. BVF də məsləhətlər verir”, deyə o qeyd edib.
XS
SM
MD
LG