Accessibility links

İnsanlar Əsəd rejminin bombardmanları və İŞİD-in zorakılıqlarından qaçır


Beynəlxalq ictimaiyyət Avopanın İkinci Dünya müharibəsindən sonra qarşılaşdığı ən ciddi miqrant böhranının həlli yollarını müzakirə etdiyi vaxt Afrika, Asiya və Yaxın Şərqdən minlərlə insan daha yaxşı həyat axtarışında Avropaya üz tutur. Qaçqınlar bu çətin və uzun yolda ağır sınaqlarla qarşılaşır. Bu yaxınlarda Türkiyə və Yunanıstanda qaçqın düşərgələrində könüllü kimi çalışan amerikalı ekspert Castin Roy Amerikanın Səsinin “Amerika icmalı” proqramında miqrant böhranının siyasi və iqtisadi təsirləri, sınaqlar və çıxış yollarından danışıb.

Amerikanın Səsi: Siz bu yaxınlarda regiondan qayıtmısınız. Hansı yerlərdə olmusunuz? Orada vəziyyət necədir?

Castin Roy: Mən dekabr ayında Avropaya gəldiyimdə bir ay Xorvatiyada qaldım. Bundan sonra Yunanıstana getdim, orada Hios adasında bir neçə ay qaldım. Sonra isə Afinaya köçürüldüm. Afinada vəziyyət müəyyən dərəcədə ümidsiz və qarışıqdır. Makedoniya sərhədində İdomenidə insanlar var. Onlar ümid edir ki, sərhəd açılacaq, amma belə görünür açılmayacaq. Bəzi insanlar Afina ilə yanaşı, Yunanıstanın mərkəzi bölgələrindəki şəhərlərdə yerləşdirilib. Onlar müxtəlif yerlərdə düşərgələrə göndərilib. Bununla yanaşı, Avropa İttifaqı və Türkiyə arasında əldə olunmuş razılıqdan sonra gələn insanlar var. Onlar hazırda adalardadır və qeydiyyatdan keçir. Amma bu, vaxt aparır. Yunanıstan hökuməti, eləcə də Avropa İttifaqı bu məsələlərin həlli üzərində işləyir.

Amerikanın Səsi: Sizin qaçqınlarla söhbət etmək imkanınız olubmu? Bu insanlar haradan gəlib? Onlar öz regionlarında müharibələr və münaqişələrdən qaçan insanlardırmı?

"Bəzi adamlar geri qayıtmaq istəyərdilər. Başqaları isə Avropada yeni gələcək və iqtisadi imkanlar tapmağa çalışmaq istəyindədir."​

Castin Roy: Bəli, mənim onlarla söhbət etmək imkanım olub. Yanılmıramsa, BMT-nin statistikasına görə bu insanların 40 faizini suriyalılar, 30 faizini əfqanlar təşkil edir, bundan sonra iraqlılar və iranlılar gəlir. Bunların həqiqədən də müəyyən hissəsi müharibədən qaçır. Xüsusilə də suriyalılar, eləcə də Əfqanıstan və İraqdan olan insanlar. İrandan olanlar müharibədən qaçmır, amma onların sayı azdır. Bu insanlar müxtəlif səbəblər üzündən qaçır. Lakin doğrudan da onların bir hissəsi müharibədən qaçan insanlardır.

Amerikanın Səsi: Beynəlxalq ictimaiyyətin qaçqın problem ilə bağlı qarşılaşdığı ən böyük sınaq nədən ibarətdir?

Castin Roy: Hazırda ən böyük çətinlik, hər halda Yunanıstanda ən böyük sınaq buraya gələn insanların qeydiyyatdan keçirilməsi və onlara sığınacaq verilməsi üçün qanunu prosesin həyata keçirilməsindən ibarətdir. Ona görə ki, Yunanıstan hökuməti hazırda ölkəyə gələn və getməyə yeri olmayan 50 min adamın qeydiyyatdan keçirilməsi işində çətinlik çəkir. Onlar Türkiyəyə geri qayıtmaq istəmir və buna görə də sığınacaq almaq üçün müraciət edir. Bu, mürəkkəb prosesdir. Onların harada qalmasına icazə verilməsi məsələsi çətindir. Yunanıstanın hər yerində müxtəlif düşərgələr var. Onlar müxtəlif qurumlar tərəfindən, bəziləri BMT, bəziləri QHT-lər, başqaları isə Yunanıstan hökuməti və hərbi qüvvələr tərəfindən idarə edilir. Bu insanların ərzaq və sığınacaqla təmin edilməsi çətin məsələdir və Yunanıstan hökumətinin resursları məhduddur.

"Yadımdadır, bir ailədə bir oğlan əmisi ilə gəlmişdi, çünki onun ailə üzvləri İŞİD tərəfindən qətlə yetirilimşdi."

Amerikanın Səsi: Bu insanların istəkləri nədir? Onlar Avropaya getmək istəyirlərmi? Yoxsa bir zaman geri öz ölkələrinə qayıda biləcəklərinə ümid edirlər?

Castin Roy: Yunanıstana gələnlərin çoxu Almaniya, ya da Avstriyaya getmək istəyir. Bundan əvvəl qohumları Danimarkaya gedən bəzi insanlar Danimarkaya getmək istədiyini deyir. Amma hazırkı mərhələdə demək olar ki, onların çoxu Türkiyəyə geri göndərilmək istəmir. Buna görə də onlar Yunanıstanda sığınacaq almaq üçün müraciət edir. Onların geri öz ölkələrinə qayıtmaq məsələsinə gəldikdə, əminəm ki, bəzi insanlar vəziyyət yaxşı olsa Suriyaya qayıtmaq istəyərdi. Mən bir nəfərlə tanış oldum. O, Suriyadan idi. O, Suriyada bir şəhərdə yaşayırdı, sonra şəhər Əsəd qüvvələri tərəfindən bombardman edilib və o başqa şəhərə qaçıb. Bu şəhər də Əsəd tərəfindən bombalanıb və o bir də başqa şəhərə qaçıb və orada İŞİD tərəfindən ələ keçirilib. O həmin şəhərdən qaça bilib və Avropaya gəlib. Aydındır ki, Avropaya gəlmək onun birinci seçimi olmayıb. Amma o, üç dəfə qaçmalı olub və bundan sonra onun daha getməyə başqa yeri olmayıb. Buna görə də bəzi adamlar geri qayıtmaq istəyərdilər, başqaları isə Avropada yeni gələcək və iqtisadi imkanlar tapmağa çalışmaq istəyindədir.

Amerikanın Səsi: Qaçqınlar arasında uşaqlar və qadınlar çoxdurmu?

Castin Roy: Bəli, çox sayda qadın və uşaqlar gəlir. Bunlar həm də ən zəif qrupda olan insanlardır. Bu yola tək çıxan qadınlar ən həssas qrupa aid hesab edilir. Ailə üzvləri, ya da Suriyada, məsələn, həyat yoldaşı Əsəd tərəfindən həbs edilən, ya da qətlə yetirilən qadınlar uşaqları ilə gəlir. Belə hallar var. İraqdan yəzidi ailələrinin gəldiyini görürük. Yadımdadır, bir ailədə bir oğlan əmisi ilə gəlmişdi, çünki onun ailə üzvləri İŞİD tərəfindən qətlə yetirilimşdi. O, ailəsində yeganə sağ qalmış adam idi və əmisi ilə yola çıxmışdı.

Amerikanın Səsi: Qaçqınların çoxu belə görünür, İŞİD-in nəzarət etdiyi ərazilərdən qaçıb.

Castin Roy: Onların bəziləri. Raqqadan, İraqın müxfəlif yerlərindən gələn insanlar var. Suriyadan gələn insanların çoxu belə görünür, Əsəd tərəfdarı qüvvələrdən qaçır. Biz həm Əsəd, həm də Rusiya hərbi hava qüvvələrinin bombardmanlarından qaçan insanların hekayələrini eşitmişik. Onlar Suriyadan gəlirsə, yarı-yarıyadır: ya onlar Əsəd qüvvələrindən, ya da İŞİD-dan qaçır.

Amerikanın Səsi: Qaçqın probleminin Avropa iqtisadiyyatına təsirləri nədən ibarətdir?

"Biz həm Əsəd, həm də Rusiya hərbi hava qüvvələrinin bombardmanlarından qaçan insanların hekayələrini eşitmişik. Onlar Suriyadan gəlirsə, yarı-yarıyadır: ya onlar Əsəd qüvvələrindən, ya da İŞİD-dan qaçır."

Castin Roy: Yunanıstan iqtisadiyyatını götürsək, vəziyyət çətindir. Ölkədə bundan öncə iqtisadi və siyasi böhran baş vermişdi. İndi isə minlərlə insan bəlkə də istəmədiyi halda praktiki səbəblər üzündən Yunanıstandadır. Onlar yardım etmək üçün bacardıqları işi görür. Amma bu işi görmək onsuz da məhdud resurslarla olduqca çətindir. Avropada isə fikrimcə, bu, iqtisadi sınaqdan daha çox siyasi bir sınaqdır və gələcəkdə vəziyyətin necə inkişaf edəcəyini görmək maraqlıdır.

Amerikanın Səsi: Bu insanların qarşılaşdığı vəziyyətə son qoyulması üçün nə edilməlidir?

Castin Roy: Suriyada böhranın siyasi həllinin tapılması istiqamətində işləmək lazımdır. Orada vəziyyət belə davam etdikdə, qaçqınlar da olacaq. Burada istər Əsəd, istərsə də İŞİD kimi iki çox ağır rejim var. Onlar minlərlə insanı döyüşlərə görə öz yerlərindən köçməyə məcbur edir. Bu, Əfqanıstandan gələn insanlara da aiddir. Orada da Talibana qarşı döyüşlər davam edir. Əfqanıstandan bir ailə var idi; ata Taliban tərəfindən öldürüldüyünə görə ölkədən qaçmaq məcburiyyətində qalmışdı. ABŞ qüvvələri, beynəlxalq qüvvələrlə tərcüməçi kimi işləyən, ABŞ səfirliyində işlədiklərinə görə hədələrlə qarşılaşmış insanlar var. Onlar da ölkəni tərk etməli olub və yeni həyat başlamağa çalışır. Təəssüf ki, bu münaqişələr davam etdikcə biz qaçqınların gəlməsinin şahidi olacağıq və bu, fikrimcə, davam edəcək.

XS
SM
MD
LG