Accessibility links

Cəbhədə hərbi qarşıdurma dünyada geniş reaksiyalara səbəb olub [Müxtəlif mövqelər]


Azərbaycan ordusu
Azərbaycan ordusu

Ermənistan-Azərbaycan cəbhəsində durumun gərginləşməsi, atəşkəsin geniş miqyasda pozulması, hərbçilərin, o cümlədən mülki əhalinin itkiləri dünyada geniş reaksiyalara səbəb olub. Rusiya, ABŞ, Avropa İttifaqı da daxil olmaqla region ölkələri, beynəlxalq qurumlar tərəfləri atəşi dayandırmağa çağırır.

Bəyanatları təqdim edirik.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu vasitəçilərinin fəaliyyətini tənqid edib.

“Təəssüf ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində fəaliyyətsizliyi, bizi hazırkı vəziyyətlə üz-üzə qoyub. Əgər ATƏT MQ ədalət və konkret nəticələrin təmin olunması naminə fəaliyyət göstərsəydi, biz hazırkı vəziyyətlə üzləşməzdik”, Türkiyə prezidenti qeyd edib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu

Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Türkiyənin baş naziri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib, Ermənistanın təxribatının qarşısının alınması ilə əlaqədar təbriklərini çatdırıb və öz dəstəyini ifadə edib.

Dövlət başçısı Azərbaycan Ordusunun təmas xəttində Ermənistanın təxribatının qarşısını qətiyyətlə aldığını və lazımi cavab verdiyini bir daha vurğulayıb.

Fransa prezidenti Fransua Olland

açıqladığı bəyanatda deyir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər.

"Ölkə prezidenti Dağlıq Qarabağda, bilavasitə təmas xətti yaxınlığında baş verən ciddi insidentlərdən və nəticədə dinc sakinlər də daxil olmaqla itkilərin olmasına görə dərindən təəssüflənir", Yelisey sarayının rəsmi məlumatında bildirilir.

Fransa lideri münaqişə tərəflərini təmkinli olmağa və mütləq şəkildə atəşkəs rejiminə riayət etməyə çağırıb.

"Danışıqlardan başqa bir yol yoxdur. 2014-cü ilin oktyabrında Parisdə Ermənistan və Azərbaycan prezidentlərini qəbul etmiş Olland, maksimum qısa müddətdə münaqişənin sülh yolu ilə həllinə sadiqliyini təsdiqləyir", Ollandın bəyanatında deyilir.

BMT-nin baş katibi Pan Gi Mun

Ermənistan və Azərbaycanı münaqişəsi zonasında gərginliyin dərhal azaldılması üçün tədbirlər görməyə çağırır.

“Baş katib münaqişə tərəflərini hərbi əməliyyatlara dərhal son qoymağa, atəşkəs haqqında sazişə tam şəkildə əməl etməyə və dərhal gərginliyin azaldılması üçün addımlar atmağa çağırır", Pan Gi Munun bəyanatında deyilir.

Baş katib ağır silahların tətbiq olunması və mülki əhali də daxil olmaqla çoxsaylı itkilər barədə məlumatlardan narahatdır.

Türkiyənin Xarici İşlər Nazirliyi

Ermənistanın Azərbaycana qarşı hərəkətlərini pisləyir. Türkiyə XİN-in bəyanatında deyilir: “Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsidə həlli üzrə səylərini davam etdirir”.

Avropa Şurasının baş katibi Turbyern Yaqland

hərbi əməliyyatlardan narahatlığını bildirib. Avropa Şurası baş katibinin bəyanatında deyilir: "Avropa Şurası hər iki tərəfi zorakılıq və insanların ölümünə, eləcə də çoxsaylı mülki şəxslərin həyatlarını itirməsi ilə nəticələnən tamamilə lazımsız qan tökülməsini dayandırmağa çağırır.

Mən tərəfləri təkidlə insan haqları üzrə Avropa Konvensiyasında zəmanət verilmiş yaşamaq hüququnu qorumağa, atəşkəs rejiminə qayıtmağa və sülh danışıqlarını bərpa etməyə çağırıram. Bu, humanitar bir imperativdir", Yaqland qeyd edir.

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer

Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatlığını bildirib və tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb.

Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “münaqişə tərəfləri döyüşləri dayandırmalı və atəşkəs rejiminə tam həcmdə riayət etməlidirlər".

Nazir Ştaynmayer hesab edir ki, Azərbaycan və Ermənistan Minsk qrupu çərçivəsində aparılan danışıqlara qayıtmaq üçün lazımi siyasi iradə nümayiş etdirməlidir.

Belarus prezidenti Alkesandr Lukaşneko

Azərbaycan prezidentinə zəng edərək təmas xəttindəki vəziyyəti müzakirə edib.

Belarus prezidetinin rəsmi saytının məlumatına görə, Azərbaycan prezidenti belaruslu həmkarını vəziyyətlə bağlı məlumatlandırıb. Aleksandr Lukaşenko münaqişə bölgəsində yaranmış gərginlikdən narahat olduğunu vurğulayıb.

İran prezidentinin siyasi işlər üzrə müavini Həmid Əbutalibidi

deyib ki, Azərbaycan və Ermənistan qoşunları arasında baş vermiş toqquşma region ölkələrinin xeyrinə deyil.

APA agentliyinin məlumatına görə, o bildirib ki, bu münaqişə olduqca həssas bir məsələdir: “Bu müharibə odununun ikinci dəfə alovlanması regionda və Qafqazdakı heç bir ölkənin xeyrinə deyil. Münaqişə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu gün baş verən gərgin qanlı döyüşlər bizi də narahat edir. İran dövləti 20 ildən artıqdır ki, bu iki qonşu ölkə arasında sülhün bərpasına çalışır.

Qarşıdurmanın daha da gərginləşməməsi üçün hər iki qonşu ölkəni sülhə və sabitliyə dəvət edirik”, prezidentin müavini qeyd edib .

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari

bəyanatla çıxış edib. “Hər iki qonşu ölkəni səbrlivə təmkinli olmağa dəvət edirik. Bu həssas anlarda düşünülməmiş atılanhər bir addım vəziyyəti daha da çətinləşdirə bilər. Onsuz da regionda müharibə alovunu alışdırmaq istəyənlər çoxdur. Biz Qarabağ barədə aldığımız xəbərlərdən son dərəcə narahat olduq. Ümid edirik kihər iki ölkə yaranmış münaqişəni Birləşmiş Millətlər Təşkilatı səviyyəsində və danışıqlar vasitəsilə həll edəcəklər. Bununla da orada sülh və sabitlik hakim olacaq”,İran Xarici İşlər Nzirliyinin bəyanatında qeyd olunur.

NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay

Qarabağda atəşkəs rejiminin pozulmasından dərin narahatlığını bildirib. "Dağlıq Qarabağa münaqişəsinin tərəfləri atəşi dayandırmalı və vəziyyəti sabitləşdirməlidir”, o qeyd edib.

XS
SM
MD
LG