Accessibility links

Cəmil Həsənlinin email hesabı necə ələ keçirildi? [video]


Ziyalılar Forumunun həmtəsisçisi deyir ki, polisə müraciət etsə, kompyuteri onlara verməli olacaq və orada da özləri gətirib kompyuterin içərisinə bir şey quraşdıracaqlar.

[Yuxarıdakı videonun Amerikanın Səsinin YouTube kanalına yüklənmiş variantına yazının sonunda baxa bilərsiniz.]

Sosial şəbəkələrin populyarlaşmasına baxmayaraq bir çox insan üçün emaillər hələ də başlıca ünsiyyət vasitəsi olaraq qalır. Ancaq, hər iki vasitənin əsas problemi eynidir – hakerlər. Texnologiya nə qədər inkişaf etsə də, hakerlər sərhəd tanımır, onlar həmişə təhlükəsizlik tədbirlərindən bir addım öndə olur.

Facebook-un Azərbaycan şəbəkəsində tez-tez səhifələrin kim tərəfindənsə ələ keçirilməsi barədə məlumatlara rast gəlirik. Son günlər buna oxşar hadisə dünya miqyaslı

tarixçi, Ziyalılar Forumunun həmtəsisçisi Cəmil Həsənlinin başına gəlib. Belə ki, cənab Həsənlinin email siyahısında olan bütün şəxslərə müəmmalı məktub göndərilib. Tarixçi Cəmil Həsənli Amerikanın Səsinə Skype vasitəsilə verdiyi müsahibədə hadisənin yalnız bununla məhdudlaşmadığını bildirib: "Dərhal poçtaya (email ünvanına) baxanda gördüm ki, artıq heç bir məktub, əlaqə adresləri qalmayıb və mənim təxminən son 5 ildə olan bütün yazışmalarım dağıdılıb. Burada məktublar, yazılarım, kitablarımın elektron versiyaları var idi".

Cəmil Həsənli elektron arxivinin dağıdılmasının ona çox böyük zərbə, itki olduğunu bildirir.

Amerikanın Səsinin Türk redaksiyasının veb mütəxəssisi Burteçin Saptanın sözlərinə görə, Cəmil Həsənlinin başına gələn hadisə ilə hamı qarşılaşa bilər. O, email-i ələ keçirməyin bir neçə yolunun olduğunu bildirir:

- Bunlardan biri Fishing adlanan Password Fishing üsuludur.Türk dilində yemləmə anlamına gələn Fishing metodu ən çox istifadə olunanlardandır. Daxil olan saxta email sizdən haqqınızdakı informasiyaları oraya əlavə etməyinizi istəyir. Bununla da hakerlər məlumatlarınıza sahib olur.
Digər bir üsul sizin şəbəkədə olan adamların məlumatlarınızı ələ keçirməsi ola bilər. Bu şəbəkədəki insanlar parolunuzu və ya şəxsi məlumatlarınızı yazarkən şəbəkə vasitəsilə sizin kompyuterə müdaxilə edib məlumatları ələ keçirə bilər.

Burteçin Sapta deyir ki, ən çox istifadə olunan metod kompyuterə yüklənən proqramlarla həyata keçirilir. Onun sözlərinə görə, hakerlərin sizə verdikləri proqramlar saxta olduğu üçün aktivləşən kimi "Trojan" vəzifəsini icra edir və bütün əməliyyatlarınızı qeydə alır.

İnternet mütəxəssisi hakerlərin habelə öz kompyuterlərindəki proqramlarla da sizə aid məlumatları ələ keçir biləcəyini iddia edir.

Cəmil Həsənli əvvəllər bir çox tanışından ona da oxşar məktublar daxil olduğunu, ancaq həmin şəxslərin email-indən heç bir sənədin pozulmadığını bildirir: "Əlbəttə, mənim üçün bu hadisənin planlaşdırılmış bir iş və ya təsadüf olmasını demək çətindir. Bizim kimi adamların yazışmalarına nəzarət olunur, emailləri, həmin yazışmalarda söhbətin nədən getdiyi bilavasitə müvafiq orqanlar tərəfindən nəzarətdədir. Amma sadacə olaraq mənim əlimdə bir fakt yoxdur deyim ki, bu, məqsədli şəkildə törədilibdir".

İnternet mütəxəssisi Burteçin Sapta bu hadisənin digər haker hücumlarından fərqləndiyini düşünür.

"Cəmil Həsənlinin başına gələn bu hadisə təsadüfə bənzəmir. Çünki hakerlər email hesabını ələ keçirəndən sonra vaxt itirmədən pul qazanmaq üçün fəaliyyətə başlayırlar. Cəmil Həsənli hadisəsində isə bir çox sənədlər pozulub" - deyə Burteçin Sapta bildirir.

Cəmil Həsənli məsələ ilə bağlı və pozulmuş sənədlərin bərpası məqsədi ilə yahoo.com saytının rəhbərliyinə müraciət etsə də, hələ ki, alınan cavablar müsbət olmayıb: "Hələ bu günədək nəyisə bərpa etmək mümkün olmayıb və qənaətedici cavab almamışam. Düzünü deyim ki, bunun bərpa olunmasına ümidli deyiləm. Amma, hər halda çalışacağam ki, axıra qədər bu yazışmaları aparım və əgər nəyisə bərpa etmək mümkün olsa bu, mənim üçün əhəmiyyətli bir hadisə olar".

Bərpa məsələsinə münasibət bildirən Amerikanın Səsinin veb mütəxəssisi Burteçin Sapta bunun çox çətin olduğunu dilə gətirir.

"Çünki emaildəki məlumatlar kompyuterdə olduğu kimi harddrive-a yazılmır. Ancaq cənab Həsənli bu məlumatları Cloud və ya dropbox.com saytına yazıbsa, məlumatların surətini əldə edə bilər. Başqa bir yol polislərlə əlaqə saxlayıb, hakerlərin yaxalanması və sənədlərin onlardan geri alınması ola bilər".

Məsələ ilə bağlı polisə müraciət etmədiyini deyən Cəmil Həsənli onların belə şeylərdən başı çıxacağına əmin olmadığını söyləyir və Burteçin Saptanın bu məsləhətinə gülümsəyərək münasibət bildirir: "Polisə müraciət edəndə, kompyuteri onlara verməli olacaqsan. Orada özləri gətirib kompyuterin içərisinə bir şey quraşdıracaqlar. Necə deyərlər, qaş düzəldən yerdə, gözü də vurub çıxardarıq".

Belə görünür pozulmuş məlumatların bərpası üçün tarixçi alimin Yahoo rəhbərliyi ilə yazışmalarını davam etdirməkdən başqa yolu qalmır.

XS
SM
MD
LG