Accessibility links

İtkin düşən hərbi qulluqçunun meyiti tapılıb


Müdafiə nazirliyi
Müdafiə nazirliyi

Dağlıq Qarabağda aprelin əvvəlində baş verən döyüşlərdə itkin düşmüş azərbaycanlı hərbi qulluqçunun meyiti tapılıb.

Bu haqda Azadlıqradiosu Müdafiə Nazirliyinə istinadən yazıb.

Xəbərə görə, hərbçinin meyiti aprelin 19-da Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT nümayəndələrinin vasitəçiliyi ilə döyüş meydanında aparılan axtarış zamanı tapılıb.

Nazirlik bildirir ki, cəsədi Ermənistan tərəfi bir müddət özündə saxlayıb.

«Erməni tərəfi həmin meyiti əvvəlcədən taparaq götürüb, bəlli olmayan səbəblərdən özündə saxlayıb. Bu barədə nə vasitəçilərə, nə də Azərbaycan tərəfinə rəsmi heç bir məlumat verməyib. Aprelin 19-da axtarışların bərpa ediləcəyi barədə rəsmi məlumat yayıldıqdan dərhal sonra erməni tərəfi meyiti əvvəllər axtarışlar aparılan əraziyə atıb», - deyə nazirliyin məlumatında bildirilir.

Nazirlik hazırda hərbi qulluqçunun ölümünün baş vermə şəraiti, səbəbi, vaxtı və meyitin üzərində hər hansı işgəncə əlamətlərinin olub-olmamasını araşdırır.

Həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasınin verdiyi məlumata görə, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı həlak olmuş və aprelin 11-də Azərbaycan hərbçilərinin nəzarətində olan ərazidə aparılan axtarış zamanı tapılan bir Ermənistan hərbçisinin nəşinin aprelin 20-də, saat 15.00-da qarşı tərəfə verilməsi barədə aidiyyəti dövlət qurumları tərəfindən qərar qəbul olunub.

Məlumata görə, Dövlət Komissiyası prosesin həyata keçirilməsində humanitar vasitəçi qismində iştirak etmək və qarşı tərəfi məlumatlandırmaq məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib.

Bundan əvvəl aprelin 8-i və 9-da tərəflər Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in vasitəçiliyi ilə döyüş meydanından meyitlərin çıxarılmasına başlamışdılar.

Aprelin 2-dən 5-nə kimi cəbhədə intensiv hərbi əməliyyatlar keçirilib. Hər iki tərəfdən itkilər var. Aprelin 5-i saat 12:00-dan hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilsə də, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda günahlandırır.

XS
SM
MD
LG