Accessibility links

“Əhali zəif manata adaptasiya olmalıdır”, - devalvasiya ətrafında müzakirələr


Valyutadəyişmə məntəqəsi

Valyutadəyişmə məntəqəsi

Dekabrın 21-də Azərbaycan manatı üzən məzənnəyə keçəndən sonra ölkənin valyutadəyişmə məntəqələrində çaşqınlıq davam etməkdədir. Manatın dollara qarşı məzənnəsi düşməkdə davam edir, əhali arasında dollara tələbat günbəgün artır. Mərkəzi Bankda dolların satışı 1 dollar-1,5578 manat olsa da, yerli media qara bazarda 1 dolların hətta 2 manata satıldığını yazır.

Report agentliyi bildirir ki, dekabrın 29-da Azərbaycan Mərkəzi Bankı (AMB) mütəşəkkil banklararası bazarda növbəti valyuta intervensiyasını həyata keçirib.

Bu gün keçirilən hərracda AMB kommersiya banklarının sifariş və qiymət təklifləri əsasında 100 mln. ABŞ dolları həcmində valyuta kütləsi satıb. Nəticədə AMB kommersiya banklarının dollara olan cari tələbatının 50%-ni (dekabrın 28-də - 46%) ödəyib.

"Bu məbləğin isə qısa zaman ərzində müştərilərə satılacağı və artıq axşam saatlarında valyutadəyişmə məntəqələrində satışın azalacağı gözlənilir", agentlik qeyd edir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında da devalvasiya əsas müzakirə mövzusu olub.

Deputat Əli Məsimli bildirib ki, Azərbaycan əhalisi zəif manata adaptasiya olmalıdır.

"Qarşıdan gələn bayram günlərində ajiotajın yaranmasının qarşısı alınmalıdır. Çünki daha sonra "qara bazar"dakı qiymətlər valyutadəyişmə məntəqələrinə transfer ola bilər", o qeyd edib.

Ə.Məsimli həmçinin 50%-lik devalvasiyanın bütün ağırlığının əhalinin üzərinə düşməsini düzgün saymır.

"Çətinliklər bölüşdürülməldir. Ya köhnə məzənnə ilə razılaşmaq, ya da restrukturizasiya - uyğun variantlar seçilməlidir".

Deputat hesab edir ki, monitorinqlər genişləndirilməlidir, təbii qiymət artımı olmalıdır.

“Süni qiymət artımının qarşısı alınmalıdır. Təbii qiymət artımını da qarşılamaq üçün əmək haqları və pensiyalar indeksləşdirilməli, artırılmalıdır. Orta və kiçik sahibkarlıq, qeyri-neft sektoru inkişaf etdikcə manat sabitləşməyə gedəcək. Ümid edirəm ki, 2016-2017-ci illərin ağırlığını hökumət aradan qaldıra biləcək", o əlavə edib.

Ə.Məsimli qeyd edib ki, Azərbaycan hökuməti dünya bazarında neftin qiymətinin 25-30 dollar/barelə qədər enməsi ehtimalına hazır olmalı, Mərkəzi Bank isə bunun üçün iş görməlidir.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov hesab edir ki, Azərbaycan neft gəlirlərindən ən gözəl istifadə edən ölkədir, israfçılığa yol verilməyib.

Onun sözlərinə görə, Mərkəzi Bank manatın məzənnəsinin sabit saxlanması üçün davamlı olaraq 2 milyard vəsait xərcləyib.

“Bunu etməkdənsə həmin vəsaiti vətəndaşların problemlərinin həll edilməsinə xərcləyərdilər. Yəni bütün problemləri Mərkəzi Bank həll etməlidir. Çünki bank öz potensialından kifayət qədər istifadə edə bilər. Eyni zamanda, əldə etdikləri gəlirləri ortaya qoyub bu problemi həll edə bilərlər”.

Deputat Vahid Əhmədov təklif edib ki, əhalinin 10 min dollar olan kreditləri köhnə məzənnə ilə ödənilsin.

“Azərbaycan hökumətindən xahiş edirəm ki, əhaliyə kömək etsin. Bundan əlavə, əhalinin sığortalanan əmənətlərinin həcminin 30 min AZN-dən 500 min manata qaldırılmasını təklif edirəm. Azərbaycanda 43 bankın olması çoxdur. Bu bankların bəziləri məmurlara, ayrı-ayrı adamlara xidmət etdiyi üçün onların sayının azaldılmasına, iri bankların yaradılmasına ehtiyac var. Azərbaycan hökuməti gecə-gündüz, çox çevik işləməlidir ki, daha ağır problemlərlə üzləşməyək. Azərbaycan müstəqillik dövründə belə hadisələri çox görüb, uğurla çıxmışıq. İnanıram ki, müvafiq tədbirlər görülsə, bu vəziyyətdən də çıxacağıq. Mən Azərbaycan əhalisini də təmkinli olmağa çağırıram”.

Öz növbəsində, Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, prezident hökumətə ciddi tapşırıqlar verib. “Qarşıdakı aylarda əhali bu tədbirlərin təsirini hiss edəcək”, o qeyd edib.

XS
SM
MD
LG