Accessibility links

Dini rəhbərin “Sepah”dakı nümayəndəsinin canişini Əhmədinejadı sözünə düzəliş etməyə çağırıb


Dini rəhbərin “Sepah”dakı nümayəndəsinin canişini Əhmədinejadı sözünə düzəliş etməyə çağırıb
Dini rəhbərin “Sepah”dakı nümayəndəsinin canişini Əhmədinejadı sözünə düzəliş etməyə çağırıb

İran İnqilab Keşikçiləri Korpusundakı (“Sepah”) nümayəndəsinin canişini Muctaba Zolnur prezident Mahmud Əhmədinejadı tənqid edərək onu dini rəhbərə tabe olmağa çağırıb.

İran İslam Respublikası dini rəhbərinin İran İnqilab Keşikçiləri Korpusundakı (“Sepah”) nümayəndəsinin canişini Muctaba Zolnur prezident Mahmud Əhmədinejadı tənqid edərək onu dini rəhbərə tabe olmağa çağırıb.

“Media forum” saytı xəbər verir ki, Muctaba Zolnur bu çağırışını mayın 2-də Qum şəhərində ruhanilər qarşısında çıxış edərkən səsləndirib.
Həmin gün Muctaba Zolnurun çıxışından qabaq Mahmud Əhmədinejad Tehranda nitq söyləmişdi. Əhmədinejad onunla Xamneyi arasında ixtilaf yaranması xəbərini təkzib edərək bildirmişdi: “Mən sübut edə bilərəm ki, mənimlə dini rəhbər arasındakı münasibətlər ata-oğul münasibətləridir”.
“Media forum”un məlumatına görə, Muctaba Zolnur prezidentdən bu sözlərinə düzəliş verməsini tələb edib: “Bu nə sözdür ki, Əhmədinejad deyir onunla dini rəhbər arasındakı münasibətlər ata-oğul münasibətləridir? Məsələyə bu cür yanaşmaq düzgün deyil. Onun bu sözü mənasızdır. Əslində bu münasibətlər imam və itaətkar, yəni dini rəhbər və ona itaət edən şəxs münasibətləri olmalıdır. Əhmədinejad bilməlidir ki, dini rəhbər 12-ci imam Həzrət Mehdinin canişinidir. Elə buna görə də onun əmri olmasa, nə prezident qanuni sayılır, nə də başqa bir şəxs”.
İranın dini rəhbəri ilə prezidenti arasında ixtilafın yaranması barədə xəbərlər ETTELAAT rəhbərinin istefası və dərhal postuna qaytarılması hadisəsindən sonra intensivləşib. Aprelin 17-də ETTELAAT rəhbəri Heydər Moslehi istefa versə də, dini rəhbərin göstərişi ilə dərhal öz postuna qaytarılıb. Bundan sonra məsələyə aydınlıq gətirən bir sıra saytlar Heydər Moslehinin onunla ixtilafı olan prezidentin təzyiqi ilə istefaya məcbur edildiyini yazıb. Aprelin 19-da dini lider ayətullah Əli Xamneyi Heydər Moslehiyə məktub yazaraq ona açıq dəstək verib. Bundan sonra prezident Mahmud Əhmədinejad 10 gün işə çıxmayıb. Aprelin 30-u o, 10 günlük fasilədən sonra hökumətin iclasında iştirak edib. ETTELAAT rəhbəri Heydər Moslehi iclasa qatılmayıb. İclasda Əhmədinejad onunla Xamneyi arasında ixtilaf yaranması barədə xəbər yayanları “riyakar və hiyləgər” adlandırıb və deyib: “Bir neçə gün evdə oturmağımın müəyyən səbəbləri var ki, bunu öz ürəyimdə saxlayacam. Çünki bir çox sözlər insanın ürəyində qalmalıdır”.

XS
SM
MD
LG