Accessibility links

Dünya Bankı Azərbaycana 66,7 milyon ayırıb


Azərbaycan və Dünya Bankı saziş imzalayıb

Azərbaycan və Dünya Bankı saziş imzalayıb

Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanda icra olunan "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanları Layihəsi"nə 66,7 mln. ABŞ dolları dəyərində əlavə maliyyələşdirməni təsdiqləyib. Bu barədə Report agentliyi Bankın Azərbaycan nümayəndəliyinə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, layihənin məqsədi məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və onların iqtisadi cəhətdən özlərini təmin etmə imkanlarının artırılmasından ibarətdir: “Azərbaycan əhalisinin təxminən 7%-i məcburi köçkün hesab edilir və onlar cəmiyyətin ən həssas hissələrindən birini təşkil edir. Bir sıra məcburi köçkünün hələ də keyfiyyətli infrastruktur, sosial xidmətlər və iş imkanlarına əlyetərliyi kafi səviyyədə deyil. Bu əlavə maliyyələşdirmə məcburi köçkünlərin, eləcə də məcburi köçkün olmayan əhalinin yerli, baza infrastrukturu, yaşayış şəraiti, gəlirləri, bacarıqları və iş imkanlarının təkmilləşdirilməsinə Dünya Bankının dəstəyinin davam etdirilməsi məqsədi daşıyır”.

“Məcburi köçkünlərin ehtiyaclarının qarşılanması Azərbaycan vətəndaşlarının bərabər rifahınin təmin edilməsi istiqamətində əsas prioritet təşkil edir və biz onlar üçün yaxşı yaşayış şəraiti yaratmaq istiqamətində hökumətin bu vaxta qədər həyata keçirdiyi səyləri təqdir edirik. Bu layihə daha yaxşı ictimai xidmətlər və xüsusilə, gənclər üçün gəlir gətirən imkanları təmin etməklə hazırda həyata keçirilən səyləri tamamlayacaq”, - deyə DB-nin Azərbaycan üzrə meneceri Larisa Leşçenko deyib.

Layihə su və elektrik enerjisi təchizatı, yollar, drenaj sistemləri, məktəblər və səhiyyə ocaqları kimi icma infrastrukturun bərpasını dəstəkləyəcək. Bununla yanaşı, layihə gənc məcburi köçkünlər üçün təlim və biznesin inkişafı imkanları, gəlirin formalaşdırılması və mikro-kredit komponentlərini ehtiva edəcək.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildə DB-yə qoşulub. Bu vaxtdan etibarən Azərbaycanın ümumilikdə 55 layihə üzrə öhdəlikləri 3 mlrd. dollardan artıqdır. Bankın Azərbaycandakı cari layihə portfeli 11 aktiv layihədən ibarətdir.

XS
SM
MD
LG