Accessibility links

Eldar Namazov: Ziyalılar Forumu inamsızlıq sindromunu aradan qaldırır


Eldar Namazov: Ziyalılar Forumu inamsızlıq sindromunu aradan qaldırır

Eldar Namazov: Ziyalılar Forumu inamsızlıq sindromunu aradan qaldırır

O ziyalıların problemlərlə bağlı hökumətə təkliflər verdiyini bildirib. Bununla yanaşı, ziyalılara təzyiqlərin olduğunu da deyib.

Azərbaycan Ziyalılar Forumunun təsisçilərindən Eldar Namazov Amerikanın Səsi radiosuna müsahibəsində ziyalıların ölkənin problemləri ilə bağlı hökumətə təkliflər verdiyini bildirib. Bununla yanaşı, o forumda təmsil olan ziyalılara qarşı təzyiqlərin olduğunu da deyib.

Sual: Son zamanlar Azərbaycanda ziyalılar hərəkatı genişlənməkdədir. Gələcək perspektivləri necə qiymətləndirirsiniz?

Cavab: Ziyalılar Forumunu hələlik hərəkat kimi adlandırmazdım. Ancaq, son aylar foruma yüzlərlə müraciətlər olub. Ölkənin tanınmış simaları, alimləri, elm, incəsənət xadimləri, ictimai qurumların rəhbərləri forumda iştirak etmək istəyir. Bu mənada bəli, müəyyən bir axın var. Ziyalılar Forumunun İdarə Heyəti bu məsələni çox ciddi müzakirə edir. Həmin insanlar forumda təmsil olunmalıdır. Biz istəyirik ki, Azərbaycan cəmiyyətinin bütün aparıcı simaları forumda iştirak etsin, digər tərəfdən də qurumun çevik hərəkət etməsi, vaxtında proseslərə adekvat reaksiya verməsi təmin olunsun. Perspektivlərin nə qədər geniş olacağını gələcək göstərəcək.

Hazırda Ziyalılar Forumuna kifayət qədər geniş maraq var. Ən əsası isə uzun illər cəmiyyətdəki inamsızlıq sindromunu addım-addım aradan qaldırırıq. Cəmiyyətdə uzun müddət idi ki, inamsızlıq sindromu aşılanıb. İnsanlar artıq heç nəyə inanmır. Cəmiyyətdə nə seçkilərə, nə məhkəmələrə, nə siyasi qüvvələrə, nə hakimiyyət orqanlarına, nə də hansısa instituta inam qalmayıb. Ziyalılar Forumu bu inamsızlıq sindromunu addım-addım aradan qaldırır.

Sual: Amma, Ziyalılar Forumuna qarşı da iqtidarda bir qısqanclıq görünməkdədir. Xüsusilə, Rüstəm İbrahimbəyova, Rafiq Əliyevə qarşı təzyiqlər də sezilir. Bu şəraitdə hökumət Ziyalılar Forumunun təkliflərini qəbul edib, islahatlara gedəcəkmi?

Cavab: İndiki halda hökumətin bizim təkliflərimizi qəbul edib-etməyəcəyini demək çətindir. Bizim üçün əsas mövqeyimizdir. Əminik ki, mövqeyimiz çox obyektivdir. Ona görə ki, Ziyalılar Forumu ölkədə dialoqu təklif edir. İstəyirik ki, hakimiyyətlə müxalifət, hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoq başlansın. Biz ölkədəki problemlərin həlli yollarını təklif etmişik. Həm cəmiyyətə, həm də hakimiyyətə “Yeddi addım” ictimai xartiyanı təqdim etmişik. Biz öz yolumuzu müəyyənləşdirmişik, ziyalıların yolu məhz bundan ibarətdir, heç bir siyasi konyektura olmadan, heç bir siyasi qüvvənin xeyrinə və ya əleyhinə deyilik. Biz xalqın çətin vəziyyətdən çıxarılması üçün yolları təklif edirik. Bu yolları hakimiyyətlə də, siyasi qüvvələrlə də müzakirə etməyə hazırıq. Bu yolun nə qədər hamar olacağı bizdən asılı deyil, hakimiyyət necə reaksiya verəcək? Hələlik bəli, hakimiyyətdə müəyyən bir qısqanclıq və narazılıq hiss olunur. Ziyalılar Forumunun aparıcı simalarına qarşı müəyyən bir təzyiq kampaniyası aparılır. Biz buna çox səbrlə, təmkinlə yanaşırıq. Yenə də hakimiyyətə mesaj veririk. Bu yolla mövcud problemləri həll etmək mümkün deyil. İnsanların, ziyalıların, problemlər barədə danışan insanların üzərinə yox, problemlərin üzərinə getmək, problemləri həll etmək lazımdır. Əgər, hakimiyyət bu yolu tutsa, onda islahatlar da keçirilə bilər, davamlı sabitlik də ola bilər. Hakimiyyət bu yolu seçməsə, başqa yol tutsa Azərbaycanın vəziyyəti ağır olacaq, təhlükəli həddə gəlib çatacaq. Ancaq, hər halda Ziyalı Forumu olaraq çalışırıq ki, Azərbaycanda sabitlik şəraitində ardıcıl və davamlı demokratik islahatlar keçirilsin.

Sual: Hökumət islahatlara getməzsə, çıxış yolunu nədə görürsünüz? Çünki, dünyada bir ərəb baharı deyilən ideologiya da fırlanmaqdadır.

Cavab: Heç zaman istəmərik ki, ərəb ölkələrində baş verənlər Azərbaycanda da təkrarlansın. Demokratiyaya keçidin üç yolu var. Bir, yuxarıdan islahatlar yoludur. Hakimiyyət özü yuxarıdan vətəndaş cəmiyyəti ilə dialoq, konsensus şəklində islahatlar aparır. İkinci yol məxməri inqilablardır. Bu halda seçkilər zamanı hadisələr baş verir. Məsələn, Ukrayna, Gürcüstan və Serbiyada bu baş verdi. Üçüncü yol isə ərəb dünyasında baş verənlərdir. Qanlı toqquşmalar, aylarla davam edən mübarizə, minlərlə şəhidlər. Bu üç yolun arasında seçim edəndə ziyalılar istəyir ki, hökumət islahatlar aparsın. Ən hamar və rahat yol budur. Bu alınmasa, istəyirik ki, xalq seçkilər zamanı azad və sərbəst seçimini etsin. Amma, qanlı toqquşmalar yolundan nə qədər uzaq olsaq bir o qədər yaxşı olar.

Sual: Azərbaycan ziyalısı həmişə cəmiyyətdə öz yolu ilə seçilib. Bu gün Azərbaycan ziyalısının cəmiyyətdə yerini və simasını necə görürsünüz?

Cavab: Tarixən Azərbaycan cəmiyyətində ziyalıların rolu çox böyük olub. Son iki yüz ilə nəzər salsaq, görərik ki, ölkəyə liberal - demokratik ideyaları siyasətçilər deyil, Axundov, Zərdabi kimi ziyalılarımız gətirib. Azərbaycan Xalq Cümhuriyyətini quranların da tam əksəriyyəti siyasi proseslərə qatılmış ziyalılar idi. Sovet imperiyası dağılanda da xalq hərəkatının nüvəsində duranlar, onu irəli aparanlar Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin müəllimləri idi. İndi də belə ziyalılarımız çoxdur. Fəxr edirəm ki, Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Cəmil Həsənli, Ramiz Rövşən, Əkrəm Əylisli və yüzlərlə belə ziyalılarımız var.

XS
SM
MD
LG