Accessibility links

Eldar Sabiroğlu: Ramiz Mehdiyev barəsində siyasi hekayət yazmışam [Audio-müsahibə]


Eldar Sabiroğlu

Eldar Sabiroğlu

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, Milli Məclisin keçmiş deputatının Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, Milli Məclisin keçmiş deputatı Eldar Sabiroğlu Amerikanın Səsinə müsahibəsində Prezident Administrasiyasının rəhbərinin fəaliyyətini tənqid edib.

Amerikanın Səsi: Siz parlament seçkilərindən sonra daha ətraflı bəyanatla çıxış edəcəyini bildrmişdiniz. Seçkilər başa çatıb. Buyurun.

Eldar Sabiroğlu: Mən seçkilər barədə hər hansı bir çıxış etməyə vəd verməmişdim. Ramiz Mehdiyev barədə yazının dərc edilməsi barədə fikirlər söyləmişdim.

Amerikanın Səsi: Sizin belə bir yazınız var?

Çünki bu şəxs o dərəcədə mürəkkəb və qapalı xarakterə sahibdir ki, onu tam olaraq bütün çalarları ilə canladırmaq asan məsələ deyil.

Eldar Sabiroğlu: Bəli, belə bir yazı üzərində işləmişəm, artıq hazırdır və qələmə aldırğım siyasi hekayəti bu yaxınlarda ictimai fikrə təqdim edəcəm. Bir problem yoxdur. Çalışdım ki, Mehdiyevin obrazını qismən də olsa yarada bilim. Çünki bu şəxs o dərəcədə mürəkkəb və qapalı xarakterə sahibdir ki, onu tam olaraq bütün çalarları ilə canladırmaq asan məsələ deyil. Ancaq elə bilirəm ki, hədəfə yaxınlaşa bilmiş, bu bənzərsiz intriqa ustasının portret cizgilərini yarada bilmişəm. Problemi başqa bir yerdə axtarmaq gərəkdir. Ölkə mətbuatının böyük bir qismini öz maraqları çərçivəsinə salan bu adamın tənqidi barədə yazı dərc etdirmək müşkülə çevrilib. Təsəvvür edin, qorxudan yaxın düşə bilmirlər. Mən onları da başa düşürəm, neyləsinlər, addım atmış olsalar həmən başları üzərində “Domokl qılıncı” kimi Ramiz Mehdiyevin dayandığını görəcəklər. Amma başa düşə bilmirəm, nədən bu toxunulmazlıq yalnız ona verilib.

Dövlət başçısını, digər yuxarı məmurları tənqid etmək olar, onu isə yox. Bu çox biabırçı və dərk edilməsi çətin olan bir haldır. Mən bunun canlı şahidiyəm. Yaxın günlərdə onun barəsində epizodik olsa da bir-iki fikir söylədim, dərhal üzərimnə hücuma keçdilər və səviyə ölçülərini gözümə soxmağa başladılar. Dəhşət də burasıdır, o hansı səviyədir elə. Bəlkə başqaları üçün məqbuldur, mənim üçün məqbul deyil. Mən onu çox gözəl bilirəm, savadına da imkanlarına da bələdəm. Öz düşündüyüm tərzdə də onun siyasi obrazını yaratmağa çalışmışam. Bunu ictima fikrə təqdim edəcəm. Amma, bunun çapı məsələsi məni gecə-gündüz düşündürür. Kim bunu dərc edəcək, kim bu cəsarəti göstərəcək, bax onu deyə bilmirəm.

Amerikanın Səsi: Sizin tənqidi fikirlərinizdən sonra YAP icra katibinin müavini ünvanınıza ittihamlar dolu firkilər söyləmişdi və prokurorluğun araşdırmasını istəmişdi. Bu araşdırma başa çatdımı, nə oldu?

Eldar Sabiroğlu: Gəlin bu məsələnin üzərində dayanmayaq və o adama mən ümumiyyətlə fikir vermək belə istəmirəm.

Amerikanın Səsi: Amma sizi ittiham etmişdilər?

Eldar Sabiroğlu: Mənim üçün o hədd deyil. Ona görə də ona cavab verməyi özümə böyük qəbahət hesab edirəm.

Amerikanın Səsi: Bəs prokurorluğun cavabı nə oldu?

Eldar Sabiroğlu: Prokurorluğun cavabı gəldi və mənə məsləhət gördülər ki, məhkəməyə verim.

Amerikanın Səsi: Məhkəməyə müraciət edibsiniz?

Eldar Sabiroğlu: Xeyr. Mən məhkəmənin sonsuzluğa qədər gedəcəyini və bir nəticə əldə edə bilməyəcəyini düşünərək bu addımı atmadım.

Amerikanın Səsi: Amma sizə qarşı çox ciddi ittihamlar irəli sürülmüşdü, hətta Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işləyərkən, ermənilərlə, qarşı tərəflə işlədiyinizlə bağlı məlumat vermişdi. Buna münasibətiniz necədir?

Ölkənin xüsusi xidmət orqanları var, yoxlasınlar, bəlkə doğrudan belə bir hadisə baş verib, mən düşmən tərəfə informasiya ötürmüşəm.

Eldar Sabiroğlu: Xahiş edirəm, ölkə KİV-ləri və əlaqədar təşkilatlar bu bəyanatın, ittihamın arxasınca gedib məsələni dəqiqləşdirsinlər. Ölkənin xüsusi xidmət orqanları var, yoxlasınlar, bəlkə doğrudan belə bir hadisə baş verib, mən düşmən tərəfə informasiya ötürmüşəm. Amma, çox maraqlıdır ki, bu 7-8 ildə nə üçün bizim xüsusi xidmət orqanları, hərbi əks-kəşfiyyat orqanları bunun üzərini aça bilməyib.

Amerikanın Səsi: Görünür ki, hədəfiniz birbaşa Ramiz Mehdiyevdir. Bunun səbəbi nədir, haradan qaynaqlanır?

Getsin otursun evində, dincəlsin. Daha kamil, daha bacarıqlı və köhnə təfəkkürdən uzaq olan bir şəxs gəlsin otursun orada, işləsin.

Eldar Sabiroğlu: Mənim onunla bağlı bir qərəzim yoxdur. Sadəcə olaraq bu adam haqqında öz düşüncələrim var. Bunu mənə heç kim qadağan edə bilməz ki, bu məsələni ictimailəşdiməyim. Bu adam uzun illərdir ki, böyük vəzifələrdə kök salıb və zənnimcə ölkədə intriqa məsələlərinin yaradıcısı və aparıcı şəxsi kimi onun işləməsi daha bəsdir. Getsin otursun evində, dincəlsin. Daha kamil, daha bacarıqlı və köhnə təfəkkürdən uzaq olan bir şəxs gəlsin otursun orada, işləsin. Niyə başqaları üçün bu ola bilir, onun üçün qadağandır. O nə qədər Heydər Əliyevə sadiq olan adamları vurub sıradan çıxarıb. Soruşmaq lazımdır? Bunları nə üçün edibsən? Bütün tələləri qurmaqda o aparıcı rol oynayıb, sonradan kənara çəkilib. İctimaiyyətə də belə təqdim ediblər ki, bunun heç nədən xəbəri yoxdur, hər şeyi birinci şəxs edir. Ayıbdır belə şeylər. Səmimi olaraq bir fikrimi də çatdırmaq istəyirəm ki, bu məsələdə onun haqqında siyasi hekayət yazmaq fikrinə düşməkdə onun siyasi cocuqları”nın mənə qarşı atdığı böhtanlar da böyük rol oynadı. Yoxsa belə hərəkət etməzdim. Ona görə də mən, o cocuqlar barədə yox, onun özü barədə siyasi hekayətimi oxucuların nəzərinə çatdıracam. Kim nə düşünür-düşünsün, mənim bir yolum var: Bu yol Heydər Əliyev yoludur. Beş il 2000-ci il parlament seçkilərindən sonra işləmədim, iki il indi işsizəm. Heç bir iş də istəmirəm, umacağım da yoxdur. Ancaq bəziləri bir-iki ay belə işləməsə idi səsləri hansı cəbhədən gələcəkdi, onu bir allah bilir. Vəzifə elə bir pis şeydir kənara çəkilin, deputatlığı, icra katibliyini qoyun yerə. Qoyun, çəkilin kənara, başqası gəlib işləsin, daha siz çalışdınız, yoruldunuz, zəhmətinizə görə də çox sağ olun. Mən belə başa düşürəm ki, bu gün prezidentə maneçilik törədənlər məhz dövlət hakimiyyətinin içərisində olanlardır. Onlar müxalifətdən daha təhlükəlidir.

Müəlliflərdən: Müsahibədə səslənən fikirlər Eldar Sabiroğlunun şəxsi mülahizələridir.

Öz növbəsində, iqtidarda olan Yeni Azərbaycan Partiyasının rəhbərliyinə daxil olan şəxslər Eldar Sabiroğlunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və iqtidar təmsilçiləri barəsində dediklərinin reallığı əks etdirmədiyini dəfələrlə bildirib. Onlar Sabiroğlunun Heydər Əliyevin adından istifadə edərək siyasi divident qazanmaq iddiasında olduğunu deyib.

XS
SM
MD
LG