Accessibility links

Elmar Məmmədyarov: 9,5 milyon əhalisi olan Azərbaycana 400 müşahidəçinin göndərilməsi normal məntiqə sığmır


Elmar Məmmədyarov və AŞPA-nin seçki missiyası

Elmar Məmmədyarov və AŞPA-nin seçki missiyası

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçki müşahidə missiyası üzrə ad-hok (müvəqqəti) komitəsinin ön heyətinin üzvlərini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Elmar Məmmədyarov noyabrın 1-də keçiriləcək parlament seçkilərinin demokratik, ədalətli və şəffaf mühitdə keçirilməsi üçün zəruri tədbirlərin görüldüyünü və prosesi izləyəcək müşahidəçilər üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.

Nazir seçkilərin müşahidəsi məqsədilə bir sıra beynəlxalq təşkilatlara dəvətlər göndərdiyini qeyd edərək, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək seçkilərlə əlaqədar bəyanatının DTİHB-in mandatına zidd olduğunu diqqətə çatdırıb.

Nazir 100 milyondan artıq əhalisi olan ATƏT üzv dövlətlərinə müvafiq olaraq DTİHB tərəfindən 400 və ya 500 müşahidəçi göndərildiyi halda, 9,5 milyon əhalisi olan Azərbaycana 125 seçki dairəsi üzrə 400 nəfər qısa və uzunmüddətli müşahidəçinin göndərilməsinin hər hansı normal məntiqə sığmadığını və tamamilə qeyri-mütənasib xarakter daşıdığını bildirib.

DTİHB-in seçkilərin müşahidəsi ilə bağlı metodologiyasının hansı meyarlara və məntiqə əsaslandığının tamamilə anlaşılmaz olduğunu deyən nazir DTİHB-in mandatının ilk növbədə seçkilərin keçirilməsi üzrə ATƏT-in üzv dövlətlərinə texniki dəstək göstərmək olduğunu xatırladıb.

O, ATƏT-in fəaliyyətdə olan sədrinin iştirakı ilə bu məsələnin müzakirə olunacağına və münasib çıxış yolunun tapılacağına ümid etdiyini bildirib.

Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyası üzrə ad-hok (müvəqqəti) komitəsinin ön heyətinin üzvləri səfər çərçivəsində məhsuldar görüşlər keçirdiklərini, seçkiqabağı mühitlə yaxından tanış olduqlarını və AŞPA tərəfindən seçkilərin müşahidəsi üçün lazımı hazırlıq tədbirləri gördüklərini bildiriblər.

XS
SM
MD
LG