Accessibility links

Elmar Məmmədyarov:"Nizamlanma prosesi ilk olaraq Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması ilə başlamalıdır"


Elmar Məmmədyarov:"Nizamlanma prosesi ilk olaraq Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması ilə başlamalıdır"
Elmar Məmmədyarov:"Nizamlanma prosesi ilk olaraq Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması ilə başlamalıdır"

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasında çıxış edib

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasında çıxışının əsas hissəsinin Dağlıq Qarabağ münaişəsinin nizamlanması prosesinə həsr edib. Nazir Azərbaycanın bu il Baş Assambleyada mübahisələrin dinc yolla nizamlanması, münaqişələrin qarşısının alınması və çözülməsində vasitəçilik səylərinin gücləndirilməsinə dair qətnamə layihəsinə dəstək verdiyini bildirdi. Nazir qeyd etdi ki, sənəddə BMT-yə üzv bütün dövlətlərin təşkilatın xartiyasına uyğun olaraq başqa dövlətlərin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət edilməsi haqda öz üzərlərinə götürdüyü öhdəliklərə əməl etməli olduğu vurğulanır. O, Azərbaycanın sənəddə qeyd edildiyi kimi, daha effektiv vasitəçilik səylərinə dair qərarlar və onların yerinə yetirilməsini gözlədiyini bildirdi. “Lakin təəssüflə qeyd etməliyik ki, bəzi üzv dövlətlər üzərinə götürdükləri beynəlxalq öhdəliklərə əməl etmir”-deyə cənab Məmmədyarov vurğuladı.

Nazir Ermənistanın 20 ildən artıqdır BMT-nin xartiyasını pozaraq, Azərbaycan torpaqlarının işğalını davam etdirdiyini bildirdi. Elmar Məmmədyarov qeyd etdi ki, bunun nəticəsi olaraq Azərbaycan torpaqlarının 20 faizi işğal altında qalır və 1 milyona yaxın Azərbaycan qaçqını və məcburi köçkün öz yerlərinə qayıda bilmir. O,1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğunu və Ermənistanın beynəlxalq ictimaiyyətin bu çağırışlarına əhəmiyyət vermədiyini qeyd etdi.

Cənab Məmmədyarov Ermənistanın işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti apardığını, burada erməni əhalinin məskunlaşdırıldığı və Azərbaycanın tarixi-mədəni abidələrinin dağıdıldığını bildirdi. Bu, nazirin sözlərinə görə, status-kvo vəziyyətinin davam etməsinə gətirib çıxarır və münaqişənin həllinə mane olur.

Xarici İşlər naziri ATƏT-in Minsk qrupunun keçən il oktyabr ayında işğal olunmuş ərazilərdə fakt-araşdırıcı missiyasının status-kvo vəziyyətinin davam etməsinin qəbuledilməz olduğu haqda nəticə çıxardığını və Ermənistanı bu ərazilərdə qeyri-qanuni fəaliyyətlərə son qoymağa çağırdığını vurğuladı. O bildirdi ki, ərazilərinin işğal olduğu və yüz minlərlə vətəndaşının məcburi köçkün olduğu Azərbaycan münaqişənin ən tez zamanda həllində maraqlıdır.

Nazir Azərbaycanın mövqeyini bir daha vurğulayaraq dedi ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalı, rabitə və kommunikasiya bərpa edilməli, qaçqınlar və məcburi köçkünlər öz yerlərinə qayıtmalı, ermənilər və azərbaycanlıların Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla Dağlıq Qarabağda dinc yanaşı yaşaması üçün şərait yaradılmalıdır. “Bizim vasitəçilərə təklif etdiyimiz və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən, lakin təəssüf ki, Ermənistan rəhbərliyi tərəfindən rədd edilən bu mərhələli həll yolu regiona davamlı sülh və sabitlik gətirə bilər”-deyə Elmar Məmmədyarov qeyd etdi.

Xarici İşlər naziri çıxışında Azərbaycanın Fələstinin dövlətinin tanınması ilə bağlı mövqeyini bir daha açıqlayaraq, ölkəsinin Fələstin xalqı ilə həmrəy olduğunu bildirdi. Elmar Məmmədyarov Azərbaycanın Fələstinin müstəqilliyini dəstəklədiyini qeyd etdi və bildirdi ki, Azərbaycan hesab edir ki, uzun illərdir davam edən və olduqca mühüm olan bu məsələdə dönüş vaxtı yetişib və Fələstin dövlətinin BMT-nin tamhüquqlu üzvü olmasının vaxtı gəlib çatıb.

Xarici İşlər naziri çıxışında Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqin genişləndirilməsi səylərini davam etdirdiyini qeyd etdi. O habelə Azərbaycanın Təhlükəsizlik Şurasına üzvlüyü məsələsinə toxunaraq bildirdi ki, Azərbaycanın şuraya qeyri-üzv statusunda qəbul edilməsi qurumun işinə yenilik gətirə və onun fəaliyyətinə müsbət təsir göstərə bilər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG