Accessibility links

Elmar Süleymanov: Həbslə Suriyaya gedənlərin qarşısını almaq olmaz - maarifləndirmə aparılmalıdır [Video-müsahibə]


Vəkil Amerikanın Səsinə danışıb

Martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etmələri ehtimal olunan 6 azərbaycanlının cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxslərdən Tural Həsənovun vəkili Elmar Süleymanov Amerikanın Səsinə müsahibəsində bildirib ki, bu gunki hazırlıq iclasında vəsatətlə çıxış edib.

O, hüquqlarını müdafiə etdikləri şəxsin dəmir barmaqlıqlar arasından çıxarılaraq vəkillərinin yanında oturmasını, işin baxılmasına xitam verilərək ibtidai istintaqa qaytarılmasını məhkəmədən xahiş edib.

Vəkil hesab edir ki, müdafiə etdiyi şəxsin dəmir barmaqlıqlar arxasında saxlanılması Avropa president hüququna ziddir və bunu işgəncə faktı kimi qiymətləndirir.

E.Süleymanov vəsatətlərinin heç birinin təmin edilmədiyini bildirib.

Məhkəmə baxışı aprelin 6-a təyin edilib.

Elmar Süleymanov hesab edir ki, Tural Həsənovun işi ilə bağlı hər hansı təkrarolunmaz sübutlar yoxdur.

Vəkil son zamanlar Azərbaycan vətəndaşlarının Suriyaya gedərək döyüşməsi ilə bağlı suala cavabda deyib ki, insanları həbs etməklə bunun qarşısını almaq mümkün deyil.

“Ümumiyyətlə belə bir məsələlərdə təbliğat getməlidir. Maarifləndirmə işləri aparılmalıdır. Çünki bir qism insanlar var ki, onlar Suriya Respublikasına gedirlər və orada baş verənləri görüb yenidən geriyə qayıdırlar. Deməli orada döyüşlərdən, təlimlərdən imtina edərək geri qayıdırlar. Amma buna baxmayaraq bu insanlar iştirakçı kimi cinayət məsuliyyətinə cəlb olunurlar. Bu düzgün münasibət deyil. Hesab edirəm ki, maarifləndirmə işinə güc versək daha yaxşı olardı”.

Azərbaycan milli təhlükəsizlik naziri Eldar Mahmudov ötən həftə bildirib ki, Suriyada hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş 33 nəfər və Pakistan-Əfqanıstan zonasında fəaliyyət göstərən terrorçu təşkilatın üzvü olan 4 nəfər Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin müxtəlif növ odlu silah və hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan iki radikal dini ekstremist qruplaşmanın 7 üzvü yaxalanıb, dini dözümsüzlük zəminində cinayət törətmiş daha 10 nəfər həbs olunub.

XS
SM
MD
LG