Accessibility links

Elşad Abdullayevə qarşı yeni cinayət işi


Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev
Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev

O baş nazirin müavininin köməkçisinə 1 milyon dollar rüşvət verməyə cəhddə günahlandırılır

Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaq olunan cinayət işi üzrə Baş prokuror yanında yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, istintaqla müəyyən edilib ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin həmin universitetin fəaliyyətində aşkarlanmış nöqsanlara görə 2010-2011-ci tədris ili üçün tələbə qəbulu planını qanuni yolla əldə edə bilməyəcəyini güman etməsi səbəbindən universitetin fəaliyyətinin davam etdirilməsinə qanunsuz yollarla, yəni hər-hansı vəzifəli şəxsə külli miqdarda rüşvət verməklə nail olmaq niyyətində olduğunu və rüşvət vermədə vasitəçi axtardığını bilən, 1991-ci ildən etibarən tanıdığı və yaxın ünsiyyətdə olduğu Baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseyn E.Abdullayevin rüşvət kimi vermək istədiyi pul vəsaitini ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə edərək, guya müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olması, buna görə rüşvət vermədə vasitəçi kimi pulun müvafiq vəzifəli şəxsə çatdıra biləcəyi, faktiki olaraq səlahiyyətləri olmadığı halda veriləcək pul müqabilində universitetin fəaliyyətinin davam etdirilməsini təmin edəcəyi barədə yalan vədlər verib E.Abdullayevi inandıraraq, etibarından sui-istifadə etməklə və aldatmaqla ondan 2009-cu ilin avqust-oktyabr aylarında 1.000.000 ABŞ dolları məbləğində nağd pulu hissə-hissə alıb ələ keçirərək dələduzluq edib.

Törətdiyi cinayət əməlinə görə V.Hüseyn Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

V.Hüseyn cinayəti törədəndən sonra E.Abdullayevin ona qarşı edilən təzyiqlər nəticəsində sonuncuya vətəndaşlar Ənvər Əhmədovun, Əyyub Əzizovun və qeyrilərinin iştirakı ilə 2010-cu ilin aprelində ümumilikdə 600.000 ABŞ dolları məbləğində pulu nağd şəkildə qaytarmış, 19 avqust 2011-ci il tarixdə isə Kipr Türk Respublikasında yaşayan oğlu Rəşad Hüseynə məxsus 465.000 ABŞ dolları dəyərində ticarət obyektini E.Abdullayevin qardaşı İsmayıl Abdullayev və bacısı oğlu Azad Mürsəliyevin iştirakı ilə E.Abdullayevin adına rəsmiləşdirib.

İstintaq zamanı V.Hüseynin həmin cinayəti tək törətməsi təkzibolunmaz sübutlarla təsdiq edilib.

Mətbuat Xidmətinin məlumatına görə, cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaqla həmçinin müəyyən edilib ki, E.Abdullayev 1.000.000 ABŞ dolları məbləğində pul vəsaitini V.Hüseynə məhz rüşvət kimi müvafiq vəzifəli şəxsə çatdırılması məqsədilə vermiş, bununla belə sonuncu dələduzluq yolu ilə həmin vəsaiti ələ keçirdiyinə görə E.Abdullayev iradəsindən asılı olmayan səbəblərdən rüşvət vermə cinayətini başa çatdıra bilməyib.

Məlumatda deyilir ki, verilmiş pul vəsaiti korrupsiya cinayətinin predmeti olduğundan E.Abdullayev zərər çəkmiş şəxs qismində tanınmayıb, onun barəsində rüşvət verməyə cəhd etməsi faktı üzrə CM-in 29, 312.2-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilərək Azərbaycan Beynəlxalq Universitetində yol verilmiş korrupsiya faktları ilə bağlı aparılan cinayət işinə birləşdirilib.

Xatırladaq ki, Elşad Abdullayevin qardaşı Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayev 2003-cü ilin oktyabrında oğurlanıb. Abdullayev qardaşının qaytarılması üçün vəzifəli şəxslər də daxil olmaqla çoxsaylı adamlara pul verib. Lakin qardaşının qaytarılmasına nail ola bilməyib. O hazırda Fransada siyasi mühacirətdədir. Abdullayev qardaşının qaytarılması ilə bağlı rüşvət verdiyi çoxsaylı vəzifəli şəxslər barədə videolar yayıb və onda 400 belə videonun olduğunu bəyan edib.

Elşad Abdullayev qardaşını dövlət strukturlarında yüksək vəzifə tutan şəxslərin oğurlatdığını bildirib. Onun video qəhrəmanları sırasında məhkəmə sədri, hüquq mühafizə orqanlarının vəzifəli şəxsləri, deputat, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları və digərləri var.
XS
SM
MD
LG