Accessibility links

Emin Fətullayev: Dünyanın 53 ölkəsindən ailəmizə yüz mindən çox dəstək məktubu gəlib, onların biri belə müsəlman ölkəsindən deyil


Emin Fətullayev: Dünyanın 53 ölkəsindən ailəmizə yüz mindən çox dəstək məktubu gəlib, onların biri belə müsəlman ölkəsindən deyil

Emin Fətullayev: Dünyanın 53 ölkəsindən ailəmizə yüz mindən çox dəstək məktubu gəlib, onların biri belə müsəlman ölkəsindən deyil

2010-cu ildə Eynulla Fətullayevə qarşı 37 məhkəmə prosesi keçirilib. Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarını yerinə yetirərək jurnalistin hesabına 30 min manatadək kompensasiya köçürüb

Həbsdə olan jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayev “Amerikanın səsi” radiosuna müsahibəsində oğlunun həbsindən sonra ailəsinin durumunun ağır olduğunu, oğluna qarşı ötən il 37 məhkəmə prosesinin keçirildiyini bildirib. “Ailəmizə beynəlxalq ictimaiyyətdən gələn dəstək məktublarının sayını itirmişəm. Bu məktublar 10 minlərlədir. Məktubların və teleqramların göndərildiyi kağızın çəkisi 100 kiloqramdan çoxdur. Dəstək məktubları dünyanın 53 ölkəsindən gəlib. Onlarına arasında bir dənə belə müsəlman ölkəsi yoxdur”, - deyə Emin Fətullayev bildirib.

Sual: Bu il yeni il bayramını necə keçirdiniz? Təbii ki, oğlunuzun süfrə başında olmaması mənəvi sarsıntıdır.

Cavab: Yeni ilə çox ağır durumda qədəm qoyduq. Artıq, dördüncü ildir qoca ata və ana yeni ili Eynullasız qarşılayır. Ailə durumumuz da çox ağırdır və yeni ilin gəlişi bizim üçün bayram olmadı.

Ailəmizi sevindirən isə Eynullanın adına ünvanlanmış yüzlərlə təbrik açıqcaları oldu. Saysız-hesabsız açıqcalar indi də gəlməkdədir. Çox sevinirəm ki, dünyada Eynullaya bu qədər hörmət var.

Sual: İndiyədək nə qədər dəstək və təbrik məktubları alıbsınız? Azərbaycan ictimaiyyəti də məktub və ya təbrik göndərirmi?

Cavab: Eynullanın həbsindən sonra onun ünvanına gələn məktubların sayını itirmişəm. Çəki ilə deyə bilərərm. Artıq ünvanımıza daxil olan məktubların çəkisi 100 kiloqramı keçib. Bir məktubun çəkisini 10 qramdan hesablasaq, yüz mindən çox məktub edir. Kanadadan Yaponiyaya, Norveçdən Cənubi Afrikaya qədər, Avstraliya, Yeni Zellandiya da daxil olmaqla dünyanın 53 ölkəsindən dəstək məktubu almışıq. Məktublar ancaq xristian ölkələrindəndir. Müsəlman ölkələrindən bir dənə belə məktub almamışıq. Çox təəssüf edirəm ki, demokratik və qardaş ölkə saydığım Türkiyədən belə ailəmizin ünvanına bir dənə belə məktub daxil olmayıb. Azərbaycandan da məktub almamışıq.

Sual: 2010-cu il ərzində Eynulla Fətullayevə qarşı nə qədər məhkəmə prosesi olub?

Cavab: Eynulla məhkəmələrin hesabatını aparıb. İl ərzində ona qarşı 37 məhkəmə prosesi olub.

Sual:Məhkəmələrin qərarları necə olub?

Cavab: Azərbaycanda bir məhkəmə belə Eynullanın xeyrinə qərar qəbul etməyib. Dünya ictimaiyyəti gözəl bilir ki, bunların hamısı sifariş əsasında qurulan məhkəmələrdir.

Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Şurasının Nazirlər Komitəsi Eynulla Fətullayevin dərhal həbsdən azad edilməsi ilə bağlı qərar verib. Buna baxmayaraq, Azərbaycan Ali Məhkəməsinin Plenumu saxta qərar qəbul etdi. Eynullaya bəraət əvəzində, onun həbs müddətini daha 2 il yarım da uzatdı.

Sual: Avropa Məhkəməsinin qərarına görə Sizə kompensasiya da ödənilməlidir. Hökumət kompensasiyanı ayırıbmı?

Cavab: Prezident Administrasiyasından dedilər ki, mən bankda hesab açmalı, sonra oğlumdan etibarnamə götürməliyəm. Bunları etdim və bu gün məlum olub ki, kompensasiyanı Eynullanın öz hesabına köçürüblər. Onun bank hesabını necə öyrəniblər, haradan alıblar, bilmirəm.

Sual: Növbəti dəfə əfv fərmanı imzalandı, ancaq Eynulla Fətullayevin adı yenə siyahıda olmadı. Səbəbi nədir?

Cavab: Eynullaya qarşı bütün məhkəmlər sifarişdir. Ona qarşı əfv tətbiq etməzlər. Ötən ilin dekabrında cibindən narkotik çıxardılar, bu il noyabrın 5-də barəsində həbs qət imkan tədbiri seçdilər. Təsəvvür edirsiniz, həbsdə olan insan barəsində ikinci dəfə həbs qət imkan tədbiri seçdilər. Bunların hamısı Avropa Məhkəməsinin qərarını icra etməmək üçün edildi. İndi narkotik işi ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti verilib, amma baxılmır. Eyni zamanda, artıq iki aya yaxındır ki, mənə oğlumla görüşməyə də imkan vermirlər.

XS
SM
MD
LG