Accessibility links

Eynulla Fətullayevin səhhəti pisləşib


Eynulla Fətullayevin səhhəti pisləşib
Eynulla Fətullayevin səhhəti pisləşib

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu (20 beynəlxalq təşkilatı birləşdirir) Avropa Nazirlər Komitəsinin bu yaxınlarda qəbul etdiyi qərarı alqışlayır və Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayev barəsində qərarını yerinə yetirməyə çağırır.

1 saylı cəzaçəkmə müəssisəsinin karserində səhhəti pisləşən məhbus jurnalist Eynulla Fətullayev bu gün həkim müayinəsindən keçib. Bu barədə Amerikanın Səsi radiosuna müsahibəsində vəkil Anar Qasımov bildirib.

Vəkilin sözlərinə görə, rütubətli, beton döşəməli, havasızlıq şəraitində saxlanan jurnalistin ağız boşluğunda səpkilər və bədənində iltihablaşma var. “Həkimlər Eynulla Fətullayevə göbələk xəstəliyi diaqnozu qoyub. Onda xroniki dəri infeksion xəstəliyi var. Böyrəklərində və sidik kanallarında soyuqlama müşahidə edilir”.

Beynəlxalq təşkilatlar Azərbaycan hökumətinin Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevin həbsdən dərhal azad edilməsi barədə qərarını yerinə yetirməsini tələb edir.

Bu gün Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu (20 beynəlxalq təşkilatı birləşdirir) Avropa Nazirlər Komitəsinin bu yaxınlarda qəbul etdiyi qərarı alqışlayır və Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Məhkəməsinin azərbaycanlı jurnalist Eynulla Fətullayev barəsində qərarını yerinə yetirməyə çağırıb.
Qrup Fətullayevin qanunsuz həbsdə saxlanmasından çox narahatdır, onun dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir. “Azərbaycan Fətullayevi barmaqlıqlar arxasında saxlamaqla beynəlxalq öhdəliklərini kobud şəkildə pozur. Bu, təkcə Avropa Şurasının nüfuzunu deyil, həm də Avropa Şurasının bütün üzvlərinin mətbuat azadlığını sarsıdır. Azərbaycan qanunun aliliyini ələ salmaqda və Fətullayevi həbsdə saxlamaqda davam edərsə, sanksiyalar təbii olacaq”, - deyə Jurnalistləri Müdafiə Komitəsinin təmsilçisi Nina Oqnyanova bildirib.
Avropa Şurası Nazirlər Komitəsi cənab Fətullayevin işi üzrə ikinci qərarı 11 mart 2011-ci ildə qəbul edib. Komitə dərin narahatlıqla jurnalistin həbsdə saxlanıldığını qeyd edib və Azərbaycan hakimiyyətini Avropa Məhkəməsinin onun işi üzrə bütün qərarlarını dərhal icra etməyə çağırıb.

“Azərbaycan hakimiyyəti, qəsdən Avropa Məhkəməsinin qərarlarını təhrif edərək və beynəlxalq tənqidlərə məhəl qoymayaraq, cənab Fətullayevin həbsdə saxlanması üçün əlindən gələni edib. Onun həbsdə saxlanması göstərir ki, hökumət ifadə azadlığına düşmən mövqeyi tutur və insan hüquqları sahəsində öhdəliklərini yerinə yetirmək istəmir”, - deyə Senzura İndeksi təşkilatının nümayəndəsi Nataşa Şmidt bildirib.
“Sərhədsiz Reportyorlar” hüquq-müdafiə təşkilatı da həbsdə olan jurnalist Eynulla Fətullayevin vəziyyətinin pisləşməsi barədə məlumatlarla əlaqədar narahatlığını bildirib.
Vəkil Anar Qasımov Amerikanın Səsi radiosuna bildirib ki, 2007-ci ildən həbsdə olan Eynulla Fətullayev martın 2-də Bakıda 1 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. “Penitensiar Xidmətin mühafizə olunan avtomobilində aparılarkən yol boyu və cəzaçəkmə müəssisəsində jurnalist ciddi hədələrə məruz qalıb”, -deyə vəkil qeyd edib.
Vəkil həmçinin jurnalistin həyatı üçün təhlükələrin olduğunu da istisna etməyib.

Bu günlərdə cənab Fətullayev prezident İlham Əliyevə də müraciət edib.

“Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Fətullayev 2007-ci ildə həbs edilib. 2010-cu ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi onun ifadə azadlığı və ədalətli məhkəmə təhqiqatı hüquqlarının pozulması və dərhal azad edilməsi haqda qərar çıxarıb. Azərbaycan hakimiyyəti cənab Fətullayevi yeni narkotik saxlamaq ittihamı ilə mühakimə edib və həbsdə saxlamaqda davam edir.

XS
SM
MD
LG