Accessibility links

Fatima Tlisova: Şimali Qafqaz əhalisi Kreml təbliğatının girovudur


Fransada Charlie Hebdo dərgisində Məhəmməd Peyğəmbərin karikaturalarının nəşrinə etiraz olaraq daha bir aksiya bu həftə Çeçenistan paytaxtı Qroznıda keçirilib. Çeçenistan lideri Ramzan Kadırov yüz minlərlə insanın iştirak etdiyi nümayişə dəstək bildirib və Peyğəmbəri təhqir edənləri öz düşməni adlandırıb. Çeçenistan Rusiyada radikal islamın ən çox yayıldığı regionlardan biri sayılır. Amerikanın Səsinin Rus xidmətinin əməkdaşı, Şimali Qafqaz regionu üzrə ekspert Fatima Tlisova Qroznıda etiraz aksiyası və bunun movitlərini “Amerika icmalı” proqramında müsahibə zamanı şərh edib.

Dilşad Əliyarlı: Qroznının mərkəzində yüz minlərlə insanın iştirakı ilə nümayiş keçirilib. İnquşetiyada isə “İslam terrorizmə qarşı” şüarı altında daha bir nümayiş olub. Bu nümayişlərin əsas səbəbləri nə ilə bağlıdır?

Fatima Tlisova: Mitinqin səbəblərindən danışanda ilk növbədə qeyd etmək lazımdır ki, Rusiyada insanlar təəssüf ki, tam mənada söz və mətbuat azadlığına öyrəşməyiblər. Onlar təsəvvür etmirlər ki, çox sayda insanın və ya hökumətin xoşuna gəlməyən hansısa bir jurnal sərbəst fəaliyyət göstərib işini davam etdirə bilər. Yəni onlarda dünya haqda belə bir təsəvvür yaranıb ki, əgər hakimiyyətin nədənsə xoşu gəlmirsə, bu, mövcud ola bilməz. Onların fikrincə, Fransa belə bir jurnalın mövcud olmasından məmnun idi və Məhəmməd Peyğəmbərin karikaturaları müəyyən mənada Fransa hökumətinin və cəmiyyətinin razılığı əsasında nəşr edilmişdi. Qafqazda belə bir təsəvvür mövcuddur. Qroznıdakı mitinqə çox sayda insan gəlmişdi. Çeçenistandakı nümayişdə təkcə respublikada yaşayan vətəndaşlar deyil, başqa yerlərdən gəlmiş insanlar iştirak edirdi. Dağıstanda nümayişin keçirilməsi hökumət tərəfindən qadağan edilmişdi. İnquşetiyada da mitinq keçirilmişdi, lakin burada insanların sayı o qədər çox deyildi, çünki İnquşetiyanın əhalisi Çeçenistan əhalisindən daha azdır. Qroznıdakı kimi bir nümayiş yalnız Çeçenistanda, Ramzan Kadırovun Rusiyada tutduğu xüsusi mövqe sayəsində mümkün ola bilərdi. Bu mövqe ona Rusiya prezidenti Vladimir Putinin şəxsi favoriti kimi bir münasibət təmin edir. İnsanlar isə əslində karikaturalara deyil, daha çox ümumilikdə Qərbə etiraz etmək üçün nümayişə çıxmışdılar. Bu, olduqca siyasiləşmiş bir yürüş idi. Çeçenistanda onlar səmimi olaraq inanırlar ki, əslində bütün bu terror aktları Qərb tərəfindən hazırlanıb, islamın bura heç bir dəxli yoxdur. Təbii ki bütün bunlar Rusiya təbliğatı tərəfindən qızışdırılır.

"Qroznıdakı kimi bir nümayiş yalnız Çeçenistanda, Ramzan Kadırovun Rusiyada tutduğu xüsusi mövqe sayəsində mümkün ola bilərdi."

Dilşad Əliyarlı: Çeçenistan lideri Ramzan Kadırov Charlie Hebdo jurnalının “müsəlmanların dini hisslərini təhqir etmək hüququ”nu tanıyanları özünün şəxsi düşmənləri adlandırıb. Bu bəyanatın arxasında nə durur?

Fatima Tlisova: Ramzan Kadırov əlbəttə ki bir tərəfdən populistdir. Onun bütün Qafqazda və elə Rusiyada da islam lideri olmaq kimi uzun müddətdir güddüyü bir məqsədi var. O, böyük bir məscid tikdirib. O çalışır ki, bu yolla gəncləri radikal ideyalardan uzaqlaşdırsın və mümkündür ki, bu elə onun strategiyadır. O bununla hökumətə qarşı mübarizə aparan insanların (bunlara “meşə adamları” deyilir-F.T.) nüfuzunu azaltmağa çalışır. Müəyyən mənada o buna nail ola bilir. Lakin başqa tərəfdən, biz bilirik ki, bu populizmin arxasında real işlər də dayanır. Çeçenistanda islam müqaviməti deyilən cərəyanla hansısa bir əlaqəsi olmaqda şübhəli bilinən insanların evləri yandırılır. Məhkəməsiz, mühakimə olunmadan bu insanların evləri tamamilə yandırılır. Əgər kiminsə əri, qardaşı ya da qohumu “meşə”yə gedibsə, onun özünün nə düşünüb-düşünmədiyindən asılı olmayaraq, bu adama Çeçenistanda yer yoxdur. Kadırov eyni zamanda, Rusiya Federasiyasının hüdudlarından kənarda, başqa ölkələrdə də öz rəqiblərini kənarlaşdırmaq məqsədilə xüsusi əməliyyatların keçirilməsi üçün potensiala və resurslara malikdir. Avropada da Ramzan Kadırovun sifarişi ilə onun adamları tərəfindən qətlə yetirilməsi faktları mövcuddur. Yənu bu bəyanatda PR elementi mövcuddur, amma başqa elementi də nəzərdən qaçırmaq olmaz.

Dilşad Əliyarlı: Rusiyanın şimal bölgələrində Məhəmməd Peyğəmbərin karikaturlarının nəşrinə adi insanlar arasında reaksiya necə idi?

Fatima Tlisova: Şimali Qafqazda müxtəlif dini konfessiyaları təmsil edən insanlar yaşayır. Müsəlman əhali bunu hiddətlə qarşıladı. Onlar səmimi olaraq buna hiddətlənir. Onlar hesab edir ki, belə materialların nəşri həqitətən də təxribatdır, təhqirdir və onlar bunu şəxsi təhqir kimi qəbul ediblər. Yeganə problem odur ki, jurnalistlərin qətlə yetirilməsi onların işi qədər neqativlik və hiddətlə qarşılanmayıb. Mənə elə gəlir ki, bu, Şimali Qafqazda izahı olmayan bir fenomendir.

"Ramzan Kadırov hakimiyyətinin saxlanması və nüfuzunun artırılması üçün islamdan siyasi silah kimi istifadə edir."

Dilşad Əliyarlı: Təhlilçilərin bir hissəsi hesab edir ki, Şimali Qafqazın bəzi respublikalarında və xüsusilə də Çeçenistanda siyasi islamın həddən artıq güclənməsi bu respublikalarda həyatın bütün sahələrinə şamil ola bilər. Bu təhlükə nə dərəcədə ciddidir?

Fatima Tlisova: İslamın siyasiləşməsindən danışanda bunun iki formasını göstərmək olar. Bu, bir tərəfdən, özlərini Qafqaz Əmirliyinə aid edən insanlardır. Onlar islamdan siyasi məqsədlərlə istifadə edib orada islam dövləti yaratmaq istəyirlər. Son zamanlara qədər, keçən yayda Əmirliyin lideri dağıstanlı Kebidov olana qədər qrup dinc əhali də daxil olmaqla heç bir terror əməlindən çəkinmirdi. Kibedov “şəhidlər” deyilənlərə və dinc əhaliyə qarşı hücumların, qadınlardan “şəhid” kimi istifadənin tamamilə istisna edildiyi bir kurs elan etdi. Bu, yeni istiqamətdir. Lakin başqa tərəfdən, Şimali Qafqazda islam dövlətinin başçısına tabe olan və özlərini əmir adlandıran bir neçə şəxs Suriya və İraqda İslam Dövləti elan etmiş Bağdadiyə sədaqət bildiriblər. Bu, Qafqazda ciddi radikallaşma təhlükəsinin mövcud olduğunu göstərir. Bu, bir çox faktora əsaslanır. Burada tarixi faktor da nəzərə alınmalıdır. Rusiya cəmiyyətində qafqazlılara münasibət də buraya daxildir və təəssüf ki, Qafqazın kolonizasiyasının bir əsrlik tarixinə baxmayaraq, vəziyyət heç bir halda yaxşılaşmır. İşsizlik, iqtisadiyyat və bu kimi çox sayda amillər var. Başqa tərəfdən, Qafqazda islam lideri olmaq istəyən Ramzan Kadırov durur. O da hakimiyyətinin saxlanması və nüfuzunun artırılması üçün islamdan siyasi silah kimi istifadə edir. O eyni zamanda, qadınlar üçün müsəlman geyim tərzini qanunlaşdırdığı çeçen cəmiyyətində də bundan istifadə edir. Qroznıda məsələn günün rejimi müsəlman təqvimi ilə müəyyən edilir. Bəli, islam həqitətən də Qafqazda Rusiyanın başqa yerlərindən fərqli olaraq daha siyasiləşmişdir. Mən islamlaşma terminini sevmirəm, çünki insan bir dini qəbul edir, bu, onun seçimidir. Lakin insan bir ifrat seçimlə o biri ifrat seçim arasında qalanda onun düşünülmüş addım atması üçün imkanı çoz azdır. Şimali Qafqazın əhalisi Kreml təbliğatı və insanların rifahı ilə çox az maraqlanan Kreml tərəfindən yerlərdə təyin edilmiş müvəkkillərin girovu olaraq qalır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG