Accessibility links

Jurnalistin həbs müddəti daha üç ay uzadılıb


Fikrət Fəraməzoğlu
Fikrət Fəraməzoğlu

Oktyabrın 25-də Bakının Nərimanov rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə Jam.az saytının baş redaktoru Fikrət Fəraməzoğlunun barəsindəki həbs qətimkan tədbirinin 3 ay, yəni 30 yanvar 2017-ci ilədək uzadıb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, jurnalist barəsində həbs qətimkan tədbiri müstəntiqin vəsatəti və baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatına əsasən uzadılıb.

Vəkil Fikrət Fəraməzoğlu barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətini hakim Samir Məmmədov təmin etməyib.

“Hər iki qərardan, - Fikrət Fəraməzoğlunun barəsindəki həbs qətimkan tədbirinin 30 yanvar 2017-ci ilədək uzadılması və həbsin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətin təmin edilməməsi haqqında qərarlardan qanunsuz və əsassız olduqları üçün apellyasiya şikayəti verəcəm”, Sadıqov qeyd edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini nazirliyə müraciət edərək İbişbəyli Fikrət Fəraməzoğlunun rəhbəri olduğu “Jam.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

Məlumatda deyilir ki, aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F. İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG