Accessibility links

Beynəlxalq ictimaiyyət Azərbaycanda həbs edilən fəalların azad edilməsini tələb edir


Polis aksiya iştiraçısını saxlayarkən
Polis aksiya iştiraçısını saxlayarkən

30-dan çox beynəlxalq təşkilat həmçinin Azərbaycanın internetin tənzimlənməsi bəyanatlarından narahatdır

Beynəlxalq ictimaiyyət Azərbaycanda ifadə və sərbəst toplaşmaq azadlıqları hüququnu həyata keçirdiyinə görə həbs edilənlərin azad olunmasını tələb etməlidir. Bu barədə 30-dan çox beynəlxalq təşkilatın birgə bəyanatında deyilir.
İlin əvvəllərindən hakimiyyət tənqidi səsləri, o cümlədən nümayişçiləri, jurnalistləri və vətəndaş fəallarını susdurmaq üçün repressiv vasitələrə əl atıb.

AŞPA-da azadlıqların məhdudlaşdırılmasını və məhkəmələrin ədalətsizliyini pisləyən qətnamənin qəbulundan bir neçə gün sonra hakimiyyət İsmayıllı şəhərində və Bakıda korrupsiyaya etiraz edən 70 dinc nümayişçini saxlayıb.

Saxlanılanlar arasında bloger Emin Milli, hüquq müdafiəçisi Məlahət Nəsibova, vəkil İntiqam Əliyev, jurnalist Xədicə İsmayılova da var idi. Daha bir neçə müxalifətçi 13 gün müddətinə həbs edilib, 20-dən çox nümayişçi isə icazəsiz aksiyalarda iştiraka görə ümumilikdə 3 000 manat cərimə olunub.

Fevralın 4-də məhkəmə REAL hərəkatının sədri İlqar Məmmədovu və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunu həbs edib.

Fevralın 12-də Xaçmazda Avropa İttifaqı, USAİD və NDİ tərəfindən maliyyələşdirilən layihənin iki iştirakçısı saxlanılıb.

Jurnalistlərin, yazıçıların və blogerlərin təqibi davam edir. Prokuror jurnalist, “Xural” qəzetinin redaktoru Əvəz Zeynallını vergi ödənişindən yayınma və rüşvət alma ittihamı ilə mühakimə etməyə çalışır və o, 11 il müddətinə həbs oluna bilər.

“Daş yuxular” romanının nəşrindən sonra 75 yaşlı yazıçı Əkrəm Əylisli və onun yaxın qohumları təqibə məruz qalır.

Sonuncu həyəcanverici hadisə fevralın 14-də hakimiyyətin nəzarəti altında olan Mətbuat Şurasının veb-saytlarda “etik normaların pozulması” və haker hücumları haqqında şikayətlərə baxılması üzrə komissiya yaradılması olub.

Hakimiyyətin İnterneti tənzimləyən orqan yaratmasının İnternetdə fikri ifadə azadlığının pisləşməsinə doğru gedən yolda real addım olacağını hesab etmək üçün əsas var.

Bu, MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin İnternet-televiziyanın lisenziyalaşdırma vasitəsilə tənzimlənməsi zərurəti haqqında bəyanatının məntiqi davamıdır. Bu, İnternetdə senzura yaranmasına səbəb olacaq, deyə bəyanatda bildirilir.
Beynəlxalq ictimaiyyət İlqar Məmmədova, Tofiq Yaqubluya və Əvəz Zeynallıya qarşı bütün ittihamların ləğv edilməsini tələb etməli, Bakı hakimiyyətini fərqli düşünənlərin və hökuməti tənqid edənlərin təqibinə son qoymağa çağırmalıdır, deyə aşağıdakı təşkilatların imzaladığı bəyanatda bildirilir.

Bəyanatı Article 19, Vətəndaş Azadlıqları Mərkəzi (Ukrayna), Demokratiyanın inkişafı və İnsan Hüquqları Mərkəzi (Rusiya), Freedom Now Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzi, İnsan hüquqları üzrə Helsinki Fondu (Polşa), Azərbaycan İnsan Hüquqları Mərkəzi, İnsan Hüquqları Klubu, Human Rights House Foundation (HRHF), Senzura İndeksi, İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq, KİV Müxtəlifliyi İnstitutu, Norveç Helsinki Komitəsi, Beynəlxalq PEN-klub, Sərhədsiz Reportyorlar, Ümumdünya Qəzet və Xəbər Nəşriyyatçıları Assosiasiyası və b. imzalayıb.
XS
SM
MD
LG