Accessibility links

Herbert Kvelle: İlqar Məmmədovun həbsi siyasi motivlidir


Almaniyanın Azərbaycanda səfiri Herbert Kvelle
Almaniyanın Azərbaycanda səfiri Herbert Kvelle
Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle iyulun ortalarında ölkədəki üçillik diplomatik missiyasını başa vurur. Bu barədə Kvelle jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

Səfir xatırladıb ki, Azərbaycana 2010-cu ilin avqustunda gəlib və üçillik səlahiyyət müddətinin bitməsi ilə diplomatik missiyası başa çatır.

O bildirib ki, Almaniya diplomatik xidmət qaydalarına görə, səfirlər üç il müddətinə təyin olunurlar. Almaniyanın Azərbaycandakı bütün səfirləri məhz bu müddətə təyin olunublar, Kvellenin sələfi Per Stankin istisna olmaqla. O 4 il fəaliyyət göstərib. Lakin istisna onunla əlaqədar olub ki, o, diplomatik karyerasını başa vuraraq pensiyaya gedib.

Kvellenin öz gələcək karyerasına gəlincə, o, ABŞ-a gedəcək və bir il müddətində Harvard Universitetində araşdırma proqramında iştirak edəcək. Bu iş bitdikdən sonra yenidən dünya ölkələrindən birinə səfir təyin olunacaq.

Bununla da səfir “diplomatik uğursuzluğu” ilə bağlı vaxtından əvvəl geri çağırılması barədə məlumatlara birbaşa toxunmadan faktiki olaraq bu fikirləri təkzib edib.
Azərbaycanda üç illik missiyasının yekunlarına toxunan Kvelle onu uğurlu adlandırıb və bəzi nailiyyətləri haqda danışıb. "Mən həmişə Azərbaycanda dini tolerantlıq mühitini alqışlamışam. Mən bu barədə öz şəxsi təcrübəmdən danışa bilərəm. Sevindirici haldır ki, bizim müraciətdən sonra Yevangelist kilsəsi qeydiyyata alındı. Bundan əlavə, 28 May küçəsində yerləşən alman kirxasında (“Kapelhause” mədəniyyət mərkəzinin yanında) hər bazar günü ibadət keçirməsinə imkan yaradıldı”, - Kvelle vurğulayıb.

Almaniya səfirliyi “Kapelhause”da istilik sisteminin yaradılmasını da maliyyələşdirib. Burada yalnız birgə mədəni tədbirlər deyil, həm də Azərbaycan Musiqi Akademiyasının tələbələrinin çıxışları olur. Mərkəzin saxlanması ilə bağlı bütün xərcləri alman tərəfi ödəyir.

Səfir həmçinin almanların məskunlaşdığı keçmiş Elenendorf qəsəbəsində (Göygöl şəhəri) alman mədəni irsinin saxlanmasının Azərbaycan tərəfindən maliyyələşdirilməsindən məmnunluğunu bildirib.

2019-cu ildə almanların bu keçmiş koloniyada məskunlaşmasının 200 ili tamam olur və Almaniya tərəfi yubileyin ikitərəfli səviyyədə böyük tədbirlərlə qeyd olunmasını təklif edir.

Ticari-iqtisadi münasibətlərə toxunan səfir yüksək səviyyədə ikitərəfli işçi qrupunun yaradıldığını, həmçinin 2012-ci ilin noyabrında Almaniya-Azərbaycan Ticarət Palatasının təsis edildiyini qeyd edib. Bu, MDB-də Moskvadan sonra ikinci belə qurumdur.

Bundan əlavə, Almaniya müəssisələri Azərbaycanda texniki proqramların reallaşmasını və maliyyə yardımını davam etdiriblər.

Siyasi münasibətlərə toxunan Kvelle siyasi dialoqun yüksək səviyyəsini vurğulayıb və buna nümunə kimi 2012-ci ildə iki ölkə XİN rəhbərlərinin qarşılıqlı səfərlərini qeyd edib.
Bununla yanaşı XİN-lərarası siyasi məsləhətləşmələr keçirilir. Azərbaycan tərəfdən bu məsləhətləşmələrə nazir müavini Xələf Xələfov rəhbərlik edir.

Bu görüşlərdə nəinki münasibətlərin inkişafı məsələləri müzakirə olunur, həm də “tərəflər arasında fikir ayrılığı doğuran problemlər də (insan haqları məsələsi kimi) müzakirə olunur”.

Almaniya tərəfinin insan hüquqları məsələsində nə ilə razılaşmaması və hansı tövsiyələri irəli sürməsi ilə bağlı Turan-ın sualının cavabında Kvelle deyib: “Biz başa düşə bilmirik ki, niyə İsmayıllı iğtişaşları ilə bağlı İlqar Məmmədovu həbs ediblər. Biz burada siyasi motivlər görürük. Digər siyasi həbslər də var Bu barədə AŞPA nümayəndələri dəfələrlə bəyan ediblər. Bizi İlqar Məmmədovun həbsi, ümumilikdə vətəndaş cəmiyyətinin, toplaşma, ifadə, media azadlığının vəziyyəti narahat edir”.
2012-ci ildən bir sıra qanunlar var ki, narahatlıq doğurur. Onlardan biri də Cinayət Məcəlləsinə İnternetdə diffamasiyaya dair düzəlişlərin qəbul edilməsidir ki, bu da srağagün təsdiqlənib.

Səfir demokratik azadlıqlarla bağlı problemlərin sırasında razılaşdırılmamış aksiyalarda iştiraka görə cəzanın sərtləşdirilməsini, şirkət sahibləri haqda məlumatların kommersiya sirrinə aid edilməsini, QHT-lərin fəaliyyətinin məhdudlaşdırılmasını göstərib. “AŞPA-nın üzvü olan Azərbaycan Avropa dəyərlərinə hörmət edilməsi ilə bağlı könüllü öhdəliklər götürüb”, - Kvelle xatırladıb. Bununla yanaşı o qeyd edib ki, açıq siyasi dialoq çərçivəsində bütün məsələlər müzakirə olunur.

Sonda səfir uzun müddət Azərbaycanda olmaması ilə bağlı yayılan şayiələrə aydınlıq gətirərək bildirib ki, 5 həftəyə yaxın Almaniyada müalicədə olub, bağırsağından əməliyyat olunub. İyulun əvvəlində daha bir əməliyyat olmalıdır və bundan sonra işlərini başa vurmaq və vidalaşma görüşlərini keçirmək üçün Azərbaycana qayıdacaq.
XS
SM
MD
LG