Accessibility links

Prezident İlham Əliyev İslamofobiyanın təzahürünü pisləyib


İqtisadi Əməkdaşlıq Təşkilatının sədrliyi Azərbaycana keçib. Azərbaycan İƏT ölkələrində investisiya qoyacaq

Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri dövlət başçılarının 12-ci sammitində sədrlik Türkiyədən Azərbaycana keçib.

İlk olaraq öncəki sədr, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan çıxış edib. O bildirib ki, maliyyə böhranının dünyanı və regionu bürüdüyü bir zamanda təşkilatın inkişafı üçün böyük işlər görülür. O, təşkilatın yalnız regional deyil, həm də dünya səviyyəsində rolunun artacağına inandığını deyib.

Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan sədrliyi dövründə təşkilatın irəli aparılması üçün əlindən gələni edəcək.

“Bizi ortaq tariximiz, mədəniyyətimiz, dinimiz və ənənələrimiz birləşdirir”, - o vurğulayıb.

Sonra prezident dünyada İslamofobiyanın təzahüründən narahatlığını bildirib.

“İslam müqəddəslərinin təhqiri bizi qəzbləndirir”, - o qeyd edib.

Dövlət başçısı BMT TŞ-nin qeyri-daimi üzv seçkilərində Azərbaycanı dəstəkləyən ölkələrə və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini müdafiə edən ölkələrə minnətdarlığını bildirib.

“Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu olmayıb və bundan sonra da olmayacaq. BMT-nin qətnamələri yerinə yetirilməlidir”, - prezident deyib.

O qeyd edib ki, İƏT ölkələri ilə Azərbaycanın ticarət dövriyyəsi 2011-ci ildə 38 faiz, 2012-ci ilin 9 ayında isə 20 faiz artıb.

Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi İƏT ölkələri arasında ticarətin inkişafına təkan verəcək. Ölkədə inşa edilən yeni dəniz limanı, hava limanları, yol infrastrukturları Azərbaycanı regionun nəqliyyat dəhlizi mərkəzinə çevirəcək.

İ.Əliyev onu da deyib ki, Azərbaycan artıq İƏT bankının səhmdarlarından biridir və üzv ölkələrdə investisiya qoyacaq.
XS
SM
MD
LG